...

Prezident İlham Əliyev: Növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaq (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 2 İyul 2011 20:35 (UTC +04:00)
İyulun 2-də Bakıda beşulduzlu "Kempinski Badamdar" otel kompleksinin açılışı olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.
Prezident İlham Əliyev: Növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaq (ƏLAVƏ OLUNUB) (FOTO)

Prezidentin çıxışı əlavə olunub (ilk xəbər 17:37-də yayılıb)

İyulun 2-də Bakıda beşulduzlu "Kempinski Badamdar" otel kompleksinin açılışı olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılış mərasimində iştirak ediblər.

Mərasimə toplaşanlar dövlətimizin başçısını və ailə üzvlərini hərarətlə qarşıladılar.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və Arzu Əliyevaya gül dəstələri təqdim edildi.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, respublikamızın paytaxtında "Kempinski Badamdar" otel kompleksi kimi möhtəşəm obyektin inşası Azərbaycanın qarşıya qoyduğu böyük məqsədlərin növbəti əyani nümunəsidir. Müxtəlif çeşidli yüksək xidmətin göstəriləcəyi otel kompleksi, eyni zamanda, beynəlxalq səviyyəli nadir memarlıq incilərindən biridir. Obyekt insanın intellektual potensialının, təxəyyül imkanlarının tükənməzliyi və hədsiz dərəcədə zənginliyinin bariz sübutudur. Bu lüks otel Avropada və dünyada xüsusi imicə malik Kempinski otellər qrupunun standartlarına uyğun inşa edilmişdir. 1897-ci ildə Berlində yaranan, mərkəzi ofisi Cenevrədə yerləşən Kempinski otellər qrupu dünyada ən böyük otel təşkilatının - Beynəlxalq Otellər Alyansının yaradıcısıdır. Kempinski otellər qrupu dünyanın 28 ölkəsində beşulduzlu 65 otelin sahibidir. İstər "Kempinski Badamdar" oteli, istərsə də Avropa, Orta Şərq, Afrika və Asiyadakı bu cür xidmət obyektləri fərdi üslubu ilə seçilməklə yanaşı, yüksək keyfiyyəti və çoxsaylı bənzərsiz xidmət növləri təklif etməsi ilə də fərqlənir. "Kempinski Badamdar" otel kompleksinin bu sahədə ən yüksək standartlara cavab verməsi həmin obyektin inşasının dünyanın müxtəlif bölgələrində ən zəngin tarixi qrand, adi şəhər, lüks kurort otellər və super iqamətgahlar yaradılmasında bir əsrdən çox təcrübəyə malik iqtisadi quruma həvalə edilməsi ilə bağlıdır.

Qeyd olundu ki, belə bir beynəlxalq səviyyəli şirkətin Azərbaycan bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühitindən irəli gəlir. Dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini daha da möhkəmləndirməyi qarşıya məqsəd qoyan Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bundan başqa, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi respublikamızda turizmin inkişafı da sürətlənir. Bu və digər reallıqlar ölkəmizdə otel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir. Hazırda Azərbaycan dövləti bu baxımdan kompleks tədbirlər reallaşdırır. "Kempinski Badamdar" otel kompleksi də həmin istiqamətdə atılan əsaslı addımlardan biridir.

Bildirildi ki, paytaxtın Yasamal rayonunda Mikayıl Müşfiq küçəsində yerləşən "Kempinski Badamdar" otel kompleksi 2,5 hektar ərazini əhatə edir. Üç mərhələdə inşa edilən bu kompleksin ümumi sahəsi 84 min kvadratmetrdir. Ərazidə kompleks abadlaşdırma işləri aparılmış, müxtəlif çeşidli dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Mükəmməl infrastruktura malik kompleksin avadanlıqla təchizatı ən müasir standartlara uyğundur.

Prezident İlham Əliyevə məlumat verildi ki, "Kempinski Badamdar" otel kompleksi istirahət mərkəzi kimi də fəaliyyət göstərəcəkdir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. Otel kompleksi Heydər Əliyev Beynəlxalq Aeroportundan təxminən 30 kilometr məsafədə yerləşir. Olduqca müasir dizaynı ilə seçilən obyektdə beynəlxalq və milli memarlıq üslubu böyük peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin xalqımızın milli mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət otel kompleksinin inşası zamanı nəzərə alınan başlıca meyarlardan olmuşdur. Kompleksin tikintisini "Gilan" MMC-nin sifarişi ilə "Gilan İnşaat" MMC aparmışdır.

Diqqətə çatdırıldı ki, otelin birinci mərtəbəsində müxtəlif ofis və mağazalar fəaliyyət göstərəcəkdir. Burada üç iclas salonu da yerləşir. İclas salonlarında işgüzar şəxslər müxtəlif tədbirlər keçirə bilərlər. Kompleksin 14-cü mərtəbəsində isə ən yüksək standartlara cavab verən otaqlar yerləşir. Prezident nömrəsi də məhz bu mərtəbədədir. Burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda istirahət üçün hər cür şərait yaradılmışdır. Oteldəki restoranlar müxtəlif zövqlü müştərilərin tələbatını tam ödəyəcəkdir. Buradakı səhər, günorta və axşam yeməkləri çeşidbəçeşiddir. Restoranlarda yerli mətbəxlə yanaşı, dünyanın ən tanınmış mətbəxlərinin ləziz yeməkləri də müştərilərə təqdim ediləcəkdir.

Prezident İlham Əliyevin və ailə üzvlərinin diqqətinə çatdırıldı ki, otel kompleksindəki SPA və Sağlamlıq Mərkəzi də müasirliyi ilə diqqət çəkir. İdeal şərait yaradılmış mərkəzin ümumi sahəsi 3,5 min kvadratmetrdir. Burada türk hamamı da fəaliyyət göstərəcəkdir. Qapalı üzgüçülük hovuzunun uzunluğu 21, eni isə 12 metrdir. Bütün istirahət məkanlarında vitamin barları fəaliyyət göstərir. SPA və Sağlamlıq Mərkəzində müştərilərə pulsuz xidmət göstərilməklə yanaşı, istənilən şəxsin buranın əlverişli imkanlarından yararlanması üçün də şərait yaradılmışdır. Bu mərkəzdə dincəlmək istəyənlər haqqını ödəmək şərti ilə müxtəlif çeşidli xidmətlərdən yararlana bilərlər.

Qeyd olundu ki, mərkəzdə müştərilərə müxtəlif növ masaj xidməti göstərmək üçün 25 otaq vardır. Burada VİP masaj otağı da xüsusi zövqlü müştərilərin xidmətində olacaqdır. Mərkəzdəki yapon bağçası isə sadəcə nağıl təsiri bağışlayır. Burada səsləndirilən həzin musiqi və su şırıltısı insanda xoş ovqat yaradır, ruha təravət gətirir. Səkkiz metrlik bütöv akvariumdakı müxtəlif növ balıqlar Yaponiyadan gətirilmişdir. "Kempinski Badamdar" otel kompleksinin SPA və Sağlamlıq Mərkəzində göstərilən xidmət müştərilərdə zəngin təəssürat yaradacaq və onlara mənalı istirahət bəxş edəcəkdir.

Prezident İlham Əliyev mərasim iştirakçılarını təbrik edərək dedi:

"Sabahınız xeyir olsun! Sizi Kempinski otelinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox böyük hadisədir. Bakı şəhərində dünya şöhrətli otellər şəbəkəsi olan Kempinski oteli açılır. Otel həm gözəlliyi ilə fərqlənir, həm də ki, burada ən yüksək şərait yaradılıbdır.

Kempinski otelinin Azərbaycanda fəaliyyətə başlaması çox gözəl hadisədir. Çünki bu otellər dünya miqyasında otellər içində mühüm yer tutur. Bakıda Kempinskinin açılışı, eyni zamanda, Azərbaycanın inkişafının göstəricisidir. Şəhərimiz inkişaf edir, gözəlləşir, yeni otellər açılır. İnvestorların Azərbaycan iqtisadiyyatına, xüsusilə xidmət sektoruna diqqəti və marağı əlbəttə ki, bizi çox sevindirir.

Mən çox şadam ki, Bakıda belə gözəl, yaraşıqlı otel fəaliyyətə başlayır. Bu, şəhərimizə də əlavə yaraşıq, gözəllik verəcəkdir. Çox şadam ki, otelin xarici görünüşü də gözəldir və daxili tərtibatı da ən yüksək səviyyədədir. Həm otaqlar, həm ictimai yerlər, restoranlar, əyləncə yerləri, istirahət zonaları ən yüksək səviyyədədir".

Dövlət başçısı xatırladıb ki, bu il Azərbaycanda "Turizm ili" elan edilibdir.

"Bu, təsadüfi deyildir. Çünki turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaqdır. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik.

İndi bütün bölgələrdə yeni, gözəl, müasir mehmanxanalar, turizm məntəqələri açılır. Əlbəttə ki, ən gözəl otellər Bakı şəhərində fəaliyyətə başlayır. Bu il təkcə Bakıda beşulduzlu altı otel istifadəyə veriləcəkdir. Onların içində birinci otel "Kempinski Badamdar" otelidir.

Bu, özlüyündə gözəl bir göstəricidir. Bir il ərzində bir şəhərdə beşulduzlu altı otelin, özü də ən məşhur otellər şəbəkəsinə mənsub olan otellərin fəaliyyətə başlaması onu göstərir ki, Azərbaycan sürətlə inkişaf edir, ölkəmizdə xidmət sektoru inkişaf edir. Əvvəlki dövrdə - 10-15 il bundan əvvəl investorları Azərbaycanda cəlb edən sahələr enerji sektoru ilə məhdudlaşırdı. Bu da yəqin ki, təbii idi. Çünki o vaxt Azərbaycanda infrastruktur, şəhər nəqliyyatı lazımi səviyyədə deyildi, ümumiyyətlə, müstəqil ölkəmizin inkişafı birinci mərhələdə idi. Ancaq bu gün, ölkəmizin indiki dövründə xidmət sektoruna qoyulan sərmayə xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, növbəti illərdə bu işlər bütün istiqamətlərdə daha da sürətlə aparılacaqdır" Prezident qeyd edib.

İlham Əliyev deyib ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.

"Bunu həm biz deyirik, həm də şəhərimizin qonaqları etiraf edirlər. Gözəl şəhərdə qonaqları qəbul etmək üçün gözəl şərait olmalıdır. Burada yaradılan şərait dünya səviyyəsindədir. Hesab edirəm ki, Kempinski otellər şəbəkəsinin çərçivəsində bu otel öz gözəlliyi və funksional mahiyyəti ilə fərqlənəcəkdir. Eyni zamanda, bilirəm ki, Kempinski otelinin Azərbaycan ilə bağlı başqa planları da vardır. Bakıda, bəlkə də ölkəmizin digər şəhərlərində yeni təşəbbüslər irəli sürülə bilər. Hər halda, bu otelin fəaliyyətə başlaması Azərbaycanda otel biznesinə böyük təkan verəcəkdir.

Azərbaycanda xarici investisiyalar lazımi səviyyədə qorunur. Həm qanunvericilik bunu təmin edir, həm də ölkə rəhbərliyinin siyasəti bundan ibarətdir. Bir daha təkrar edirəm Azərbaycanda həm yerli, həm xarici investorların sərmayələri lazımi səviyyədə qorunur. Məhz bunun nəticəsidir ki, adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə Azərbaycan uzun illərdir MDB məkanında birinci yerdədir. Təkcə keçən il Azərbaycan iqtisadiyyatına təxminən 16 milyard dollar sərmayə yatırılıb. Hesab edirəm ki, bu il ölkəmizə qoyulan investisiyaların həcmi daha da çox olacaq və beləliklə, Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar yaradılacaqdır.

Bu gözəl otelin tikilməsi, fəaliyyətə başlaması böyük hadisədir. Əlbəttə ki, buraya gələcək qonaqlara yaxşı xidmət göstərilməlidir. Bu isə oteldə çalışan insanların peşəkarlığından asılı olacaqdır. Əminəm ki, bu oteldə onun adına layiq xidmət göstəriləcək, qonaqlar burada qalmaqlarından məmnun olacaqlar.

Mən bu gün bu tədbirdə iştirak etmək üçün ölkəmizə gəlmiş Kempinski otel şəbəkəsinin Avropa üzrə prezidentini xüsusilə salamlamaq istəyirəm. Bütün qonaqları salamlamaq istəyirəm və bu gözəl otelin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Sağ olun" dövlət başçısı deyib.

Kempinski otellər qrupunun Avropadakı otellər şəbəkəsinin prezidenti Canni van Daalen mərasimdə iştirakına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, sürətlə inkişaf edən Azərbaycanın böyük gələcəyi olacağına əminliyini vurğuladı.

Canni van Daalen qeyd etdi ki, Kempinski otellər qrupu Azərbaycanda fəaliyyətə başlamaqdan məmnundur və bu əməkdaşlığın böyük perspektivi vardır. O bildirdi ki, otel kompleksində yerli kadrların işlə təmin olunması və onların ixtisaslarını artırması daim diqqət mərkəzində saxlanılacaqdır. Canni van Daalen müştərilərə yüksək səviyyədə xidmət göstərmək üçün səylərini əsirgəməyəcəklərini vurğuladı.

Prezident İlham Əliyev "Kempinski Badamdar" otel kompleksinin xatirə kitabına ürək sözlərini yazdı.

Mərasim iştirakçıları dövlətimizin başçısı və ailə üzvləri ilə xatirə şəkli çəkdirdilər.

Sonra Prezident İlham Əliyev "Kempinski Badamdar" otel kompleksinin iqamətgahlar və ofislər binası ilə də tanış oldu. On dörd mərtəbəli binanın birinci mərtəbəsində 850 nəfərlik ziyafət salonu yerləşir. Burada xidmət ən yüksək beynəlxalq standartlara cavab verir. On dördüncü mərtəbədəki iqamətgahlar da müasirliyi ilə seçilir. Sahəsi 750 kvadratmetr olan ən böyük iqamətgah dövlət və hökumət başçıları, eləcə də digər yüksək səviyyəli qonaqlar üçün nəzərdə tutulmuşdur. Hər bir iqamətgah bir neçə otaqdan ibarətdir. Burada təchizat maksimum səviyyədədir və kompleks xarakter daşıyır. Binanın 14-cü mərtəbəsində bar da fəaliyyət göstərir. Buradan ətrafı və paytaxtımızın gözəl panoramını seyr etmək mümkündür. Səkkiz və onuncu mərtəbədəki iqamətgahlarda hər cür şərait yaradılmışdır. Bu iqamətgahlar bir, iki, üç və dördotaqlıdır.

Diqqətə çatdırıldı ki, 4-7-ci mərtəbələrdə ofislər yerləşəcəkdir. Burada işgüzar şəxslərin istənilən səviyyəli tədbirləri keçirmələri üçün ən xırda incəliklər belə nəzərə alınmışdır. Üçüncü mərtəbədə 14 toplantı otağı vardır. Həmin otaqlarda videomaterialların nümayişi və istənilən informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək mümkündür. İkinci mərtəbədə də toplantı otaqları fəaliyyət göstərəcəkdir. Ən böyük toplantı otağı da bu mərtəbədə yerləşir. Burada 525 nəfər istənilən tədbirə qatıla bilər. Toplantı otağının səhnəsi də vardır. İşıqlandırma sistemi mükəmməlliyi ilə seçilir. Burada beş dildə sinxron tərcümə üçün texniki imkan yaradılmışdır.

Prezident İlham Əliyev paytaxtın infrastrukturunun inkişafından bəhs edən qısa filmə baxdı.

Məlumat verildi ki, birinci mərtəbədəki restoran da müxtəlif çeşidli yeməkləri ilə müştərilərin xidmətində olacaqdır.

Daha sonra dövlətimizin başçısına "Kempinski Badamdar" otel kompleksinin alış-veriş və əyləncə mərkəzi barədə məlumat verildi. Qeyd olundu ki, buradakı istirahət yerləri ən müasir standartlara cavab verir.

Prezident İlham Əliyevə otel kompleksinin dördüncü mərhələsi çərçivəsində reallaşdırılacaq tədbirlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, bu mərkəzin də sonuncu mərtəbəsindən Bakının panoramını seyr etmək mümkündür. Mərkəzdə silsilə restoranlar və barlar fəaliyyət göstərir. Təbii ki, dəniz məhsullarından hazırlanan yeməklər müştəriləri daha çox cəlb edir. "Kempinski Badamdar" otel kompleksində Azərbaycan mətbəxinə də geniş yer ayrılmışdır. Bundan başqa dünyada məşhur digər mətbəxlərin ləziz təamları da buranın müştərilərinə təqdim olunacaqdır. İrland barına da sayılıb-seçilən otellərdə geniş tələbat vardır. "Kempinski Badamdar" otel kompleksində bu və digər incə məqamlar da maksimum nəzərə alınmışdır. Bu obyektdəki alış-veriş mərkəzi müştərilərə müxtəlif ərzaq, geyim, suvenir və aksessuarlar təqdim edəcəkdir.

Kompleksin əyləncə mərkəzi ilə tanışlıq zamanı bildirildi ki, bura müştərilərin ürəyincə olacaqdır. Müştərilər burada boulinq, bilyard və digər müxtəlif oyunlarla da məşğul olacaqlar. Əyləncə mərkəzi təklif olunan xidmətlərin rəngarəngliyi və müasir dizaynı ilə də diqqəti cəlb edir. Mərkəzdəki buz meydançası isə müştərilərə əvəzsiz töhfə olacaqdır.

Dövlətimizin başçısı və ailə üzvləri buz meydançasında kompozisiya zənginliyi və texniki elementlərin mürəkkəbliyi ilə bir-birindən fərqlənən nümunəvi çıxışları izlədilər.

"Kempinski Badamdar" otel kompleksi ilə tanış olan Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirdi və kollektivə uğurlar arzuladı.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti