...

Azərbaycan Prezidenti Bakının Xəzər rayonunda görülən işlərlə tanış olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 8 İyul 2011 11:22 (UTC +04:00)
Prezident İlham Əliyev iyulun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsinə gəlib.
Azərbaycan Prezidenti Bakının Xəzər rayonunda görülən işlərlə tanış olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Təfərrüatlar əlavə olunub (ilk xəbər iyulun 7-də saat 01:12-də yayımlanıb)

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilmişdi. Həmin müşavirədə dövlətimizin başçısı şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün Prezident İlham Əliyev iyulun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsinə gəlib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr edilmiş müşavirədə Azərbaycan Prezidentinin verdiyi tapşırıqlara əsasən paytaxtın digər kənd və qəsəbələrində olduğu kimi, Xəzər rayonunun Buzovna qəsəbəsində də genişmiqyaslı quruculuq işləri aparılır, yollar abadlaşdırılır, qəsəbənin sosial infrastrukturu yenilənir.

Prezident İlham Əliyev əvvəlcə magistral yolun kənarında yerləşən çoxmərtəbəli yaşayış binalarında görülmüş üzlənmə işlərinə baxdı.

Bildirildi ki, zövqlə və müasir materiallarla üzlənən binalar tamamilə müasir görkəm alır və qəsəbənin ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Xüsusi işıqlandırma sistemi binaları gecələr daha yaraşıqlı edir. Üzlənmə ilə yanaşı, binaların blokları da yenidən qurulur, liftlər yeniləri ilə əvəzlənir.

Prezident İlham Əliyev abadlıq və yenidənqurma işləri zamanı sakinlərin istirahəti üçün yaradılan şəraitlə də tanış oldu.

Diqqətə çatdırıldı ki, binaların həyətlərindəki köhnə istirahət yerləri müasirləşdirilir, bəzi məhəllələrdə yeniləri yaradılır. Bu zaman istirahətin rəngarəngliyi də nəzərə alınır. Belə ki, yeni quraşdırılan maraqlı uşaq əyləncə qurğuları, idman meydançaları balaca sakinlərin ürəyincədir. Böyüklər isə asudə vaxtlarında yeni yaradılan qurğularda idmanın müxtəlif növləri ilə məşğul ola bilirlər. Binaların həyətlərində yeni oturacaqlar quraşdırılıb. Buzovna qəsəbəsində daha bir yenilik ondan ibarətdir ki, magistral yolla yaşayış binaları arasında gözəl istirahət parkı salınıb.

Prezident İlham Əliyev burada yaradılmış şəraitlə də tanış oldu.

Bildirildi ki, parkda tamamilə yeni işıqlandırma sistemi yaradılıb, oturacaqlar quraşdırılıb.

Qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı sakinlərlə görüşdü.

Sakinlər: Salam, cənab Prezident, xoş gəlmisiniz!

Prezident İlham Əliyev: Salam, xoş gördük. Sağ olun.

Sakinlər: Sizə çox minnətdarıq, cənab Prezident, bizim üçün gözəl şərait yaratmısınız.

Prezident İlham Əliyev: Necəsiniz, işlər necə gedir?

Sakinlər: Çox sağ olun, minnətdarıq. Çox razıyıq.

Prezident İlham Əliyev: Bu binalar çox gözəlləşib. Həm xarici gözəldir, həm də bütün girişlər, dam örtükləri, liftlər təzələnib. Park isə abadlaşdırılıb. Uşaqlar üçün idman meydançası yaradılıb.

Sakinlər: Bəli, çox gözəl parkdır. Allah Sizə cansağlığı versin. Hər cür şərait yaradılıb.

Prezident İlham Əliyev: Uzun illərdir ki, burada yaşayırsınız? Neçə ildir?

Sakinlər: Bəli, bu binalar istifadəyə veriləndən, 30-35 ildir burada yaşayırıq. Görülən bərpa işləri Sizin bizə yeni hədiyyənizdir. Allah Sizdən razı olsun. Burada həm böyüklər, həm də uşaqlar üçün çox gözəl şərait yaradılıb. Ona görə də bütün sakinlər adından Sizə dərin təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyev: Sağ olun. Sizə də cansağlığı arzulayıram ki, burada rahat yaşayasınız. Bütün şərait vardır. Bu binalar artıq memarlıq əsəri olubdur.

Sakinlər: Bəli, hər cür şərait vardır. Buralar toz-torpaq içində idi. İndi gözəl asfalt çəkilib, gözəl park salınıb.

Prezident İlham Əliyev: Balkonlar da çox gözəldir. İndi yaşayış sahəsi də artıb. Mən çox şadam ki, sizin üçün belə gözəl şərait yaradılıb.

Sakinlər: Ümumiyyətlə, qəsəbəmizdə çox dəyişikliklər olub, çox işlər görülüb.

Prezident İlham Əliyev: Bütün bu evlər təmir olunub. İndi o tərəfdəki evlər də təmir edilir. Hər tərəf - şəhərin mərkəzi də, kənarı da gözəl, abad olmalıdır. Bilirsiniz ki, indi bütün qəsəbələrdə quruculuq işləri aparılır, yollar salınır, yeni məktəblər, xəstəxanalar tikilir, binalar təmir olunur. Bu binalar indi gözəllik nümunəsidir.

Sakinlər: Həm təmizlik yaranıb, həm də binalarımız gözəlləşib. Bütün bunlar üçün bir daha Sizə "Sağ olun" deyirik.

Prezident İlham Əliyev: Sağ olun, sizə cansağlığı arzulayıram.

Sakinlər: Sağ olun, Allah Sizi qorusun.

Sonra dövlətimizin başçısı ərazidəki daha bir binanın da təmir olunması barədə tapşırıq verdi.

Həmin binanın sakinləri balkonlardan Prezident İlham Əliyevi salamladılar.

Dövlətimizin başçısı da onları salamladı və dedi:

- Sizin bina da təmir ediləcəkdir. İndi göstəriş vermişəm. O da bu binalar kimi gözəl olmalıdır.

Sakin: Çox sağ olun, çox minnətdarıq. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti