...

Polşanın Azərbaycandakı səfiri Polşanın Aİ-yə sədrliyinin prioritetlərini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 İyul 2011 18:24 (UTC +04:00)
Polşa növbəti yarım ildə Avropa İttifaqına sədrliyi ərzində diqqəti üç əsas istiqamətə yönəldəcək - inkişaf, təhlükəsizlik, açıq Avropa.
Polşanın Azərbaycandakı səfiri Polşanın Aİ-yə sədrliyinin prioritetlərini açıqlayıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar və Aİ nümayəndə heyəti üzvünün sitatları əlavə olunub (ilk xəbər saat 17:19-da yayımlanıb)

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Y.Ostapenko/

Polşa növbəti yarım ildə Avropa İttifaqına sədrliyi ərzində diqqəti üç əsas istiqamətə yönəldəcək - inkişaf, təhlükəsizlik, açıq Avropa.

"Polşa 2004-cü ildə Avropa İttifaqına daxil olduğu andan bu vacib dövrə - Aİ-yə sədrlik dövrünə hazırlaşır", - Polşanın Azərbaycandakı səfiri Mixal Labenda Polşanın Aİ-yə sədrliyinin fəaliyyət prioritetlərinə həsr edilmiş mətbuat konfransında bildirib.

Avropa İttifaqına rotasiyalı sədrlik iyulun 1-dən Macarıstandan Polşaya keçib.

Səfirin sözlərinə görə, Polşa öz qarşısına çoxsaylı vəzifələr qoyub və onları üç əsas istiqamətdə birləşdirmək mümkündür - inkişaf, təhlükəsizlik, açıqlıq.

"Birinci istiqamət iqtisadi inkişafı nəzərdə tutur, - Labenda deyib. - Bu sahədə Polşa diqqəti elektron ticarətin inkişafına cəmləşdirir".

Səfir bildirib ki, Aİ-nin hər bir ölkəsində elektron ticarət yaxşı qurulub, lakin söhbət Aİ ölkələri arasında elektron ticarət əməliyyatlarının həyata keçirilməsindən gedəndə çətinliklər yaranır.

İkinci istiqamət ərzaq təhlükəsizliyini, enerji təhlükəsizliyini və müdafiəni nəzərdə tutur.

"Biz diqqəti sərhəd nəzarətinin inkişafına yönəltmək istəyirik, - Labenda deyib. - Güman edirik ki, Avropa Şimali Afrika və Yaxın Şərqdə hazırkı şəraitə oxşar təhdidlərə cavab verməyə hazır olmalıdır".

"Açıq Avropa" istiqamətinə gəldikdə, səfirin sözlərinə görə, Polşa güman edir ki, hər şeyə açıqlıq bütün Aİ-yə fayda gətirəcək.

"Polşa xarici siyasət sahəsində Avropanın şərq qonşuları ilə gələcək inkişaf proqramı olan "Şərq tərəfdaşlığı"na yardım edəcək, eləcə də Türkiyənin Aİ-yə daxil olması prosesini dəstəkləyəcək", - o deyib.

"Şərq tərəfdaşlığı" Aİ-nin altı postsovet ölkəsi - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə siyasi və iqtisadi yaxınlaşmasını nəzərdə tutur. Proqram Aİ-yə üzvlüyün mümkünlüyünü deyil, viza rejiminin sadələşdirilməsini, enerji sahəsində əməkdaşlığı, azad ticarət zonalarının yaradılmasını nəzərdə tutur. Polşa bu proqramın təşəbbüskarlarından biridir.

"Biz çox şadıq ki, sentyabrda Varşavada "Şərq tərəfdaşlığı" ölkələrinin ikinci sammitini keçirəcəyik", - səfir deyib.

Aİ-nin Azərbaycandakı nümayəndə heyətinin üzvü Jerom Ponz inkişaf üçün sammitin keçirilməsinin vacibliyini, iştirakçı ölkələrlə danışıqlar prosesinin sürətləndirilməsini və onların hər biri ilə assosiasiyalar və readmissiya haqqında sazişlərə nail olunmasının mümkünlüyünü qeyd edib.

Lakin 2009-cu ildə Lissabon müqaviləsi əsasında Aİ strukturlarının yenidən qurulmasından sonra sədr ölkə Avropa İttifaqının iki əsas şurasına - Ümumi İşlər üzrə Şuraya və Xarici Aiyasət Şurasına rəhbərlik etmir. Ona görə də Aİ-nin genişləndirilməsi, münaqişələrin həlli və digər xarici siyasət məsələlərində sədrlik edən ölkənin rolu məhdudlaşdırılıb.

Ümumi İşlər üzrə Şuraya və Xarici Siyasət Şurasına daimi əsasda müvafiq olaraq Herman van Rompey və Ketrin Eşton rəhbərlik edir. Bütün Aİ dövlətlərinin nümayəndələri bu şuraların işində sədr kimi deyil, üzv ölkə kimi iştirak etmək hüququna malikdirlər.

Azərbaycanla bağlı xarici siyasət məsələləri əvvəlki kimi Aİ-nin Bakıdakı nümayəndə heyətinin səlahiyyətində qalır. Bu sahədə iş Ketrin Eştonun rəhbərlik etdiyi Avropa Xarici Siyasət İşləri Xidməti (EEAS) ilə əlaqələndirilir.

Ponz bildirib ki, tərəfdaş ölkələrlə bağlı EEAS-in işinin prioritetləri arasında üçünü əsas hesab etmək olar. Onlar arasında xarici siyasət təhlükəsizliyi, Aİ və tərəfdaş ölkələr arasında siyasi dialoq, eləcə də beynəlxalq gündəlikdə duran bütün əsas məsələlər üzrə Aİ-nin mövqelərinin formalaşması da var.

Siyasət təhlükəsizliyi sahəsində iş barədə danışan Ponz deyib ki, Aİ Avropa Qonşuluğu ərazisində yubanmış münaqişələrin həllində öz rolunu gücləndirməkdə maraqlıdır və o, bu yaxınlarda Avropa Parlamentində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin keçirildiyini xatırladıb.

"Aİ çərçivəsindəki müzakirələrdə Dağlıq Qarabağ daima Azərbaycanın suveren ərazisi kimi xatırlanır ki, bunu beynəlxalq hüquqi sənədlər təsdiqləyir", - o deyib.

Xəbər lenti

Xəbər lenti