...

Venesuela Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır - səfir

Siyasət Materials 18 İyul 2011 12:46 (UTC +04:00)
Venesuela hökuməti bütün sahələrdə Azərbaycan ilə münasibətlərin qarşılıqlı faydalı inkişafında maraqlıdır.
Venesuela Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır - səfir

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Ağayeva/

Venesuela hökuməti bütün sahələrdə Azərbaycan ilə münasibətlərin qarşılıqlı faydalı inkişafında maraqlıdır. Bu barədə iqamətgahı Tehranda yerləşən Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Devid Velaskes Karaballo (David N.Velasquez Caraballo) Trend-ə müsahibəsində deyib.

"Prezident Çavesin rəhbərlik etdiyi Venesuela Bolivar Respublikası hökuməti suverenlik, öz müqəddəratını təyinetmə, hörmət, həmrəylik və qarşılıqlı təkmilləşmə naminə çoxqütblü dünya quruculuğuna əsaslanan xarici siyasət müəyyən edib.
Azərbaycan Respublikası ilə münasibətlərlə əlaqədar biz qarşılıqlı münasibətlərin və diplomatik mübadilənin səviyyəsini yaxşılaşdıracaq mənim səfir təyin olunmağımdan başladıq. Belə ki, mənim etimadnaməm təqdim olunanadək iki ölkə arasında münasibətlərə Venesuelanın BMT-dəki səfiri nəzarət edirdi", - Karaballo deyib.

Onun sözlərinə görə, bu ilk addım ticarət, enerji, təhsil, parlament, konsulluq sahələrində ikitərəfli əməkdaşlığın alət və mexanizmlərinin möhkəmlənməsinə yardım edəcək, eləcə də siyasi və əməkdaşlıq sahələrində mexanizmin yaranmasına kömək edəcək.

Venesuelanın Xarici İşlər Nazirliyi Bakıda ölkələrimiz arasında diplomatik, konsul və kommersiya fəaliyyətini həyata keçirə biləcək diplomatik ofisin açılması prosesinə başlamağı tapşırıb.

"Hesab edirik ki, ölkədə akkreditə olunmuş diplomatın olması iki xalq və hökumət arasında münasibətləri daha yüksək səviyyəyə çatdırmağın, hökumət və Azərbaycanın digər strukturları ilə birbaşa işləməyin ən yaxşı üsuludur", - səfir bildirib.

Karaballo deyib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əməkdaşlıqda artıq Bakıdakı səfirlik üçün əlverişli binanın və personalın axtarışı prosesinə başlanılıb.

"Tezliklə mən Xarici İşlər nazirliklərinin həyata keçirməli olduqları prosedurlarla bağlı bütün məsələləri əlaqələndirmək üçün Venesuelaya yola düşəcəyəm. Venesuela diplomatının Bakıda olması konsulluq fəaliyyəti göstərməyə və iki ölkə arasında ticari-iqtisadi və mədəni əlaqələrə yardım etməyə imkan verəcək", - diplomat qeyd edib.

Bu il Venesuela hökumətinin planlarına Venesuela Bolivar Respublikasının Müstəqillik Bəyannaməsinin imzalanmasının 200 illiyi münasibətilə bir sıra mədəni tədbirlər keçirmək daxildir ki, bu da Azərbaycan xalqına Latın Amerikasında müstəqilliyin əldə olunmasının əhəmiyyəti və tarixini nümayiş etdirəcək.

"Həmçinin hesab edirik ki, bu il venesuelalı mütəxəssis və tələbələri neft sahəsinə cəlb edərək akademik mübadiləyə başlamaq mümkündür. Digər prioritet məsələ iki ölkənin iqtisadi və kommersiya sektorları arasında əməkdaşlığın inkişafıdır", - Venesuela səfiri bildirib.

Xəbər lenti

Xəbər lenti