...

Sərdar Cəlaloğlu AXCP və Müsavat rəhbərliyini siyasi savadsızlıqda ittiham edir

Siyasət Materials 19 İyul 2011 14:40 (UTC +04:00)
Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının rəhbərliyini siyasi savadsızlıqda ittiham edir.
Sərdar Cəlaloğlu AXCP və Müsavat rəhbərliyini siyasi savadsızlıqda ittiham edir

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Xalq Cəbhəsi (AXCP) və Müsavat partiyalarının rəhbərliyini siyasi savadsızlıqda ittiham edir.

"Politologiyanı mənimsəməmiş bəzi partiya sədrləri danışdıqları sözlərin ümumiyyətlə, mənasını anlamırlar", - çərşənbə axşamı Trend-ə ADP sədri Sərdar Cəlaloğlu bildirib.

Onun sözlərinə görə, AXCP və Müsavat rəhbərləri danışdıqları sözün mənasını anlaya bilmirlər və başqa partiyaları əsl müxalifət olmamaqda ittiham edirlər.

"Bunlar müxalifətçiliyi ismə çeviriblər. Halbuki, müxalifətçilik isim deyil, materiya deyil, ideyadır. Onlar deyirlər mənim adım İsa Qəmbər deyil, müxalifətdir. Mən əsas müxalifətəm", - o əlavə edib.

Cəlaloğlu deyib ki, onlar başa düşmürlər ki, insanın müxalifətçiliyi onun kimliyi ilə deyil, tutduğu mövqe ilə bağlı olur.

"Bu gün Parlamentdə Sabir Rüstəmxanlı, Fazil Mustafa, Qüdrət Həsənquliyev hökumətin hansısa siyasəti ilə bağlı müxalif mövqe ortaya qoyursa, bu, müxalifətçilikdir. AXCP və Müsavat rəhbərlərinin sözlərindən belə məna çıxır ki, parlamentdə oturub müxalif fikirlər səsləndirən insanlar əsl müxalifət deyil, parlamentdən kənarda qalan isə əsl müxalifətdir. Bu, özlüyündə absurd ideyadır. Çünki müxalifətçiliyi müəyyən edən bir lakmus və ya dəzgah yoxdur. Məgər İsa QəmbərƏli Kərimli rentgendən keçib sübut ediblər ki, əsl müxalifətdirlər?", - Cəlaloğlu qeyd edib.

ADP sədri bildirib ki, onlar digər partiyaları qeyri-fəal olmaqda ittiham edirlər.

"Cinayətin özü də hərəkətdən və ya hərəkətsizlikdən ibarət olur. Biz görəndə ki, bizim fəallığımız cəmiyyətə xeyir verir, onda fəal oluruq. İndiki halda hesab edirik ki, bizim fəal olmağımıza ehtiyac yoxdur. Buna görə də onlar bizim bu hərəkətimizi xəyanət adlandırırlar. Deyirlər ki, niyə ADP susur? Susmaq tələb olunan yerdə susuruq, onlar hərəkət edirlər və sonra da bizi xəyanətdə ittiham edirlər. Məsələn, Yaxın Şərq inqilablarından sonra İctimai Palatanın keçirdiyi aksiyaların qəti əleyhinə olmuşuq. Onlar bunu hökumətin maraqlarının müdafiəsi kimi təqdim edirlər. Biz isə o hərəkətliliyi inqilabi əhval-ruhiyyənin öldürüldüyünə görə pisləmişik", - o əlavə edib və qeyd edib ki, ADP vaxtilə minlərlə piket və mitinqlərin təşkilatçısı olub.

"Mən vaxtilə Azərbaycanda minlərlə piket və mitinqin təşkilatçısı və rəhbəri olmuşam. İndi bunlar iki piket keçirməklə deyirlər ki, əsl müxalifətdirlər. Məgər kim piket keçirmirsə, o, əsl müxalifət deyil? Əgər əsl müxalifətçilik piketlərin sayı və keyfiyyəti ilə müəyyənləşirsə, onda ADP-nin indiyə qədər keçirdiyi mitinq və piketlərlə, Müsavat və AXCP-nin keçirdiyi aksiyaların sayı müqayisəyə gəlməz dərəcədədir", - Cəlaloğlu vurğulayıb.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli Sərdar Cəlaloğlununu fikirlərinə münasibət bildrməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti