...

Prezident İlham Əliyev: Azərbaycan və Polşa öz regionunda çox ciddi mövqelərə malikdir

Siyasət Materials 25 İyul 2011 23:57 (UTC +04:00)
Polşa öz regionunda, Azərbaycan isə öz regionunda Xəzər dənizi - Baltik dənizi əməkdaşlığının inkişafı üçün çox ciddi mövqelərə malikdir, Trend-in məlumatına görə, bunu iyulun 25-də Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra prezident İlham Əliyev birgə mətbuat konfransında bəyanatı zamanı bildirib.
Prezident İlham Əliyev: Azərbaycan və Polşa öz regionunda çox ciddi mövqelərə malikdir

Polşa öz regionunda, Azərbaycan isə öz regionunda Xəzər dənizi - Baltik dənizi əməkdaşlığının inkişafı üçün çox ciddi mövqelərə malikdir, Trend-in məlumatına görə, bunu iyulun 25-də Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimindən sonra prezident İlham Əliyev birgə mətbuat konfransında bəyanatı zamanı bildirib.

"Hər iki dövlət yerləşdiyi regionda çox güclü geosiyasi mövqelərə və iqtisadi potensial baxımından həlledici sözə malikdir. Biz elə etməliyik ki, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi ölkələri arasında əməkdaşlıq daha da intensiv aparılsın və bu sahədə Polşa-Azərbaycan əlaqələrinin çox mühüm yeri vardır" İlham Əliyev deyib.

Bütövlükdə Avropa İttifaqı - Azərbaycan əlaqələrinin bu gün geniş müzakirə edildiyini və bu məsələ ilə bağlı heç bir fikir ayrılığı olmadığını deyən dövlət başçısısının sözlərinə görə, Azərbaycan maraqlıdır ki, bu əlaqələrə yeni təkan verilsin.

"Çünki bu əlaqələrin həm Avropa üçün, həm də Azərbaycan üçün çox böyük əhəmiyyəti var və hazırda formalaşmaqda olan tərəfdaşlıq strateji xarakter daşıyır. Biz istəyirik ki, Avropa qurumları ilə tərəfdaşlıq əlaqələrimiz daha da inkişaf etsin" Prezident çıxışında bildirib.

Polşa Prezidentinin səfərinin çox böyük əhəmiyyət daşıdığını deyən İlham Əliyev bu gün keçirilən görüşlərdə və aparılan danışıqlarda bir daha əmin olunub ki, Polşa-Azərbaycan əlaqələri strateji xarakter daşıyır. Prezident əmindi ki, bu səfər əlaqələrin inkişafı üçün yeni imkanlar açacaq.

"Bizim əlaqələrimizin çox yaxşı tarixi var. Biz siyasi sahədə daim uğurlu əməkdaşlıq aparmışıq və ikitərəfli əlaqələrin gündəliyinə baxanda görürük ki, bu gündəlik çox zəngindir. Əminəm ki, siyasi sahədə əməkdaşlığımız uğurla davam etdiriləcəkdir.

Eyni zamanda, bu gün iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır. Müxtəlif fikirlər var, müxtəlif ideyalar var, əminəm ki, bu gün keçiriləcək Polşa-Azərbaycan biznes forumu da bu istiqamətdə növbəti addımların atılması üçün əhəmiyyətli olacaqdır.
Biz iqtisadi sahədə qarşılıqlı ticarətin artırılması və gələcəkdə qarşılıqlı investisiya layihələrinin icrası istiqamətində daha da fəal siyasət aparmalıyıq. İqtisadi əlaqələr, əlbəttə ki, bütün digər sahələrdə olan əlaqələrə də güclü təkan verəcəkdir.
Bu gün, eyni zamanda, enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır. Bir müddətdir ki, bu istiqamətdə bizim qurumlarımız arasında fikir mübadiləsi, danışıqlar aparılır, Azərbaycan neftini və qazını dünya və Avropa bazarlarına çıxarmaq üçün yeni imkanlar araşdırılır. Bu sahədə Polşa-Azərbaycan əlaqələrinin mühüm yeri var. Əminəm ki, hazırda Avropa İttifaqının sədri olan Polşa bizim bütövlükdə Avropa İttifaqı ilə apardığımız danışıqlarda öz sözünü deyəcəkdir.
Azərbaycanın çox zəngin neft-qaz ehtiyatları vardır, çoxşaxəli ixrac infrastrukturu - nefti və qazı dünya və Avropa bazarlarına çıxara biləcək 7 kəmər mövcuddur və bunlar fəaliyyətdədir.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr sürətlə inkişaf edir və əminəm ki, Polşa Avropa İttifaqında sədrliyi dövründə öz tərəfindən bu əlaqələrin inkişafına dəyərli töhfəsini verəcəkdir. Bu ilin yanvar ayında Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana səfəri zamanı imzalanmış bəyannamə, əminəm ki, gələcək sahədə əməkdaşlığa çox güclü təkan verəcəkdir" dövlət başçısı çısışında söyləyib.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və danışıqların indiki vəziyyəti haqqında cənab Prezidentə məlumat verdiyini bildirən İlham Əliyev bir daha deyib ki, bu münaqişə bölgə üçün ən böyük təhlükədir, ən böyük ədalətsizlikdir.

"Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımızın 20 faizi işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır və bir milyondan artıq azərbaycanlı öz doğma torpağından didərgin düşərək qaçqın-köçkün həyatı yaşayır. Məsələ ilə bağlı beynəlxalq təşkilatlar öz mövqelərini bildirmişlər. BMT, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT qətnamələr və qərarlar qəbul etmişlər. Yəni bu qərar və qətnamələr məsələnin həlli üçün hüquqi bazanı yaradır. Əlbəttə, məsələnin beynəlxalq hüquq normaları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tezliklə həll olunması bölgəyə sülh gətirəcək, əməkdaşlıq gətirəcək və belə olan halda, bölgədə bütün proseslər daha da sürətlə və müsbət istiqamətdə inkişaf edəcəkdir.

Bütövlükdə demək istəyirəm ki, cənab Prezident Komorovskinin Azərbaycana ilk rəsmi səfəri çox uğurla keçir. Səfərin çox zəngin proqramı var. Bu gün və sabah biz görüşləri davam etdirəcəyik və əminəm ki, bütövlükdə səfərin gözəl nəticələri olacaq və bu nəticələr Polşa-Azərbaycan əlaqələrini yeni müstəviyə çıxaracaq" Prezident deyib.

Xəbər lenti

Xəbər lenti