...

SAM ilin birinci yarısındakı fəaliyyətinə dair hesabatını açıqlayıb

Siyasət Materials 28 İyul 2011 11:09 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2011-ci ilin ilk altı ayı ərzində bir sıra tədqiqat layihələri, mühüm səfərlər, dövlət əhəmiyyətli görüşlər və tədbirlər həyata keçirib.
SAM ilin birinci yarısındakı fəaliyyətinə dair hesabatını açıqlayıb

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) 2011-ci ilin ilk altı ayı ərzində bir sıra tədqiqat layihələri, mühüm səfərlər, dövlət əhəmiyyətli görüşlər və tədbirlər həyata keçirib. Trend-in məlumatına görə, bu barədə mərkəzin yaydığı məlumatda deyilir.

Türk dilində yazılmış "Güney Kafkasiya. Toprak bütünlüyü, jeopolitik mücadeleler ve enerji" adlı kitab, Türkiyədə fəaliyyət göstərən Avrasiya Elm Adamları Dərnəyi tərəfindən təsis edilmiş və SAM-ın dəstəyi ilə nəşr olunmuş "Caucasus International" (ingilis dilində) rüblük jurnalın ilk sayı, "2011-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərin makroiqtisadi sabitlik, iqtisadi inkişaf və sosial rifaha təsirləri" adlı hesabat əsas elmi tədqiqatlar sırasında yer almışdır. Bu siyahıya eləcə də Moskva Dövlət Universitetinin Tarix fakültəsinin Yaxın xarici ölkələr tarixi kafedrası və Strateji Araşdırmalar Mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gəlmiş "Mayendorfdan Astanayadək: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri" adlı kitab daxildir ki, o, Cənubi Qafqazda problemlərin təhlili və münaqişədən sonrakı nizamlanmanın optimal modellərinin axtarışı üçün maraqlı bələdçidir.

6 ay ərzində SAM-ın əməkdaşları tərəfindən təhlil xarakterli materiallar hazırlanmış, eləcə də mətbuatda və elektron mediada 91 məqalə çap edilmiş və 16 müsahibə verilmişdir. "SAM-ın şərhləri" məcmuəsinin üçüncü sayında SAM-ın direktor müavini Gülşən Paşayeva və "Turkish Policy Quarterly" jurnalının redaktoru Nigar Gökselin birgə hazırladıqları "Türkiyə, Rusiya və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə yanaşmalarının qarşılıqlı təsiri" adlı məqalə dərc edilib. Həmçinin SAM-ın elmi işçisi Reşad Kərimov ABŞ-ın STRATFOR özəl elmi korporasiyasına ezamiyyəti zamanı bu təşkilat tərəfindən hazırlanan "Millətlərin möhkəmlənməsi: Qafqazın geosiyasəti" (A Crucible of Nations: The Geopolitics of the Caucasus) adlı kitabın məsləhətçisi olmuşdur.

Bu ilin altı ayı ərzində Türkiyə və Rusiyanın qabaqcıl "beyin mərkəzləri" ilə əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib.

2011-ci ilin birinci yarım illiyində SAM tərəfindən beynəlxalq və ölkə miqyasında tədbirlər keçirilmiş, xarici qonaqların Azərbaycana səfərləri təşkil edilmişdir. Belə ki, STRATFOR özəl elmi korporasiyanın icraçı direktoru Corc Fridman və "Rusiya Qlobal siyasətdə" jurnalının baş redaktoru F.Lukyanov ilə "Yaxın Şərqdə dəyişən güc balansı", Hayfa və Corc Vaşinqton universitetlərinin nümayəndə heyətlərinin iştirakı ilə "Barak Obama Administrasiyası və Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi" mövzularında keçirilmiş tədbirləri, "Kiber və milli təhlükəsizlik. NATO siyasəti və milli baxış" mövzusundakı konfransı beynəlxalq səviyyəli tədbirlər sırasında xüsusi yer almışdır.

Qeyd olunan müddət ərzində SAM tərəfindən milli səviyyədə də bir sıra maraqlı tədbirlər həyata keçirilmişdir. Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu ilə birgə təşkil edilmiş "Qloballaşma, milli ideya və Azərbaycan" mövzusunda konfransı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilmiş silsilə ictimai müzakirələri misal gətirmək olar.

Hesabat dövründə SAM-ın dəvəti ilə ABŞ-ın Qlobal məsələlər üzrə Şurasının Liderlər missiyası və Truman Milli Təhlükəsizlik Layihəsinin nümayəndə heyətlərinin Azərbaycana səfəri baş tutmuş, onların SAM-da keçirilmiş görüş də daxil olmaqla ölkənin hökumət qurumlarının rəhbərləri və ekspertləri ilə görüşləri təşkil edilmişdir.

SAM-ın əməkdaşları hazırda Azərbaycanın bir sıra ali təhsil ocaqlarında tədris prosesinə də cəlb ediliblər.

Xəbər lenti

Xəbər lenti