Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Amerika Birləşmiş Ştatlarının Kaliforniya Senatının qanunvericilərindən ibarət nümayəndə heyətinin bazar ertəsi Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə keçirdiyi görüşdə ikitərəfli münasibətlər müzakirə olunub.
Trend-in məlumatına görə, işçi qrupun rəhbəri Səməd Seyidov bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan üçün vacib ölkələrdəndir. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bu ölkənin rolu əhəmiyyətlidir.
"ABŞ Azərbaycanın ərazi bütövlüyünü və haqq səsini yüksək səviyyədə dəstəkləyən ölkələrdəndir. Ölkəmiz də hər zaman, xüsusilə də terrora qarşı mübarizədə Birləşmiş Ştatların yanında olub. Cənubi Qafqazda aparıcı rola sahib olan ölkəmiz regionun iqtisadi gücünün 75 faizinə sahibdir. Azərbaycan həm də tolerantlığı ilə tanınır", - Seyidov deyib.
İşçi qrupun sədri Kaliforniyadakı Azərbaycan diasporunun fəaliyyətini də yüksək qiymətləndirib.
Azərbaycana səfərdən məmnunluq ifadə edən nümayəndə heyətinin başçısı, Senatın Ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri Cozef Simitian bildirib ki, əsas məqsəd Azərbaycan haqqında, buradakı reallıqlar barədə geniş məlumatlar əldə etmək və seçicilərə çatdırmaqdır.
Simitian deyib ki, 40 nəfərlik senatda Azərbaycana münasibətdə yekdil konsensus mövcuddur.
O, Koliforniya yerləşdiyi regionda, Azərbaycanın isə Cənubi Qafqazdakı yüksək və əhəmiyyətli rolunu xüsusi qeyd etdi.