...

Bank Melli İranın sabiq rəhbəri ölkəyə qayıtmaq istəmir

Siyasət Materials 30 Sentyabr 2011 14:55 (UTC +04:00)
2,8 milyard dollarlıq maliyyə qalmaqalında adı hallanan və vəzifəsindən istefa vermiş Bank Melli İranın icraçı direktoru Mahmudrza Xavəri ölkəyə geri dönməyib.
Bank Melli İranın sabiq rəhbəri ölkəyə qayıtmaq istəmir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Cəfərov/

2,8 milyard dollarlıq maliyyə qalmaqalında adı hallanan və vəzifəsindən istefa vermiş Bank Melli İranın icraçı direktoru Mahmudrza Xavəri ölkəyə geri dönməyib. Onun cümə günü Britaniyadan İrana uçan reyslə ölkəyə qayıdacağı gözlənilirdi. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, Bank Melli İranın rəsmiləri yerli vaxtla 02:40 radələrində Tehranın İmam Xomeyni adına hava limanına onu qarşılamağa getsələr də, Xavəri həmin reyslə ölkəyə qayıtmayıb.

Sentyabrın 28-də İranın Saderat Bankının sabiq icraçı direktoru Məhəmməd Cəhromi Bank Melli İranın sabiq direktoru Mahmudrza Xavərinin istefa verərək Kanadaya qaçdığını demişdi.

Cəhromi öz bəyanatında bildirmişdi ki, Xavəri bank sistemində baş vermiş son maliyyə qalmaqalında əli olan ölkənin yüksəkvəzifəli şəxsləri və hadisə ilə əlaqəsi olan digər fiziki şəxslərin dəstəyi ilə ölkədən qaçıb. O, Xavərinin Kanadada yaşamaq hüququ olduğunu və ailəsinin orada yaşadığını deyib.

Daha sonra Bank Melli İranın mətbuat xidmətinin rəhbəri Hüseyn Dəşdi bank rəhbəri Mahmudrza Xavərinin idari işlərlə bağlı ölkədən kənarda olduğunu və cümə axşamı İrana qayıdacağını demişdi.

Ötən gün İranın baş prokuroru Qulam Hüseyn Möhsini Əjeyi jurnalistlərə açıqlamasında Xavərinin Britaniyada olduğunu deyərək, ona ölkəyə qayıtmağı məsləhət görmüşdü. "Xavərinin ölkəyə qayıtması onun öz xeyrinədir. Qayıtmasa, maliyyə qalmaqalı ilə bağlı bütün ittihamlar ona yönələcək", - Əjeyi deyib.

Xavəri sentyabrın 27-də İranın bank sistemində baş vermiş maliyyə qalmaqalı ilə bağlı öz istefa ərizəsini ölkənin iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyniyə təqdim etmişdi. Xavəri istefa ərizəsində ölkədə baş verən son maliyyə qalmaqalında Bank Melli İranın şöbələrindən birinin də əli olmasına görə ali lider Əli Xamneyi və ölkə vətəndaşlarından üzr istəmişdi.

Hüseyni onun istefasını qəbul etmiş, həmçinin Bankın idarə heyətinin üzvü Fərzad Əhmədini tutduğu vəzifədən azad etmişdi.

Ötən həftə İranda ölkənin Saderat Bankından 2,8 milyard dolları korrupsiya (oğurluq) yolu ilə mənimsəməkdə şübhəli bilinən 22 nəfər həbs olunub. Şübhəli bilinən şəxslər İranın Saderat Bankının Xuzistan əyalətindəki filiallardan biri tərəfindən (LC) kredit xətti açaraq Bank Melli İranın Kiş şəhəri filialından həmin vəsaiti qanunsuz çıxarmaqda ittiham olunurlar.

Hadisə ilə bağlı Bank Melli İranın direktoru Xavəri istefa verib, Saderat və Saman banklarının direktorları isə işdən çıxarılıblar.

Xəbər lenti

Xəbər lenti