...

İranlı generalın Türkiyəni hədələməsi bu ölkəyə təzyiq etmək üçün siyasi çıxışdır – ekspertlər

Siyasət Materials 2 Dekabr 2011 17:02 (UTC +04:00)
İran generalının NATO-nun raket hücumundan müdafiə (RHM) obyektlərinə İranın zərbə endirməyə hazır olduğu barədə dedikləri Türkiyəyə təzyiq etmək üçün atılmış siyasi bir addımdır.

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T.Cəfərov/

İran generalının NATO-nun raket hücumundan müdafiə (RHM) obyektlərinə İranın zərbə endirməyə hazır olduğu barədə dedikləri Türkiyəyə təzyiq etmək üçün atılmış siyasi bir addımdır. Bunu cümə günü Trend-ə Böyük Britaniyanın Durham Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin dekanı, beynəlxalq məsələlər üzrə ekspert, professor Ənuşirəvan Ehtişami deyib.

"Fikrimcə, iranlı generalın Türkiyə ərazisində NATO RHM sistemini hədələməsi Türkiyəni sıxışdırmaq üçün atılmış siyasi bir addımdır. İran təhlükəsizliyi ilə bağlı hansısa təhdid görərsə, Türkiyədəki NATO RHM sistemlərinə zərbə endirmək - məcbur qalarsa - bu ölkənin görəcəyi ən son iş ola bilər", - Ehtişami bildirib.

Dekabrın 1-də Türkiyə bu yaxınlarda İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik bölməsinin komandanı Əmir Əli Hacızadənin Türkiyə ərazisindəki NATO-nun raket hücumundan müdafiə obyektlərinə İranın zərbə endirməyə hazır olduğu barədə dedikləri ilə bağlı İslam Respublikasına etiraz notası təqdim edib.

Ötən həftə Hacızadə bəyan edib ki, əgər ABŞ və ya İsrail tərəfdən Tehranın təhlükəsizliyi hədələnərsə, İran Türkiyə ərazisindəki NATO-nun raket hücumundan müdafiə obyektlərinə zərbə endirməyə hazırdır. Çərşənbə günü Ciddədə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) təcili iclası zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və İranın xarici işlər naziri Əli Əkbər Salehi bu məsələni də müzakirə ediblər. Salehi deyib ki, Əmir Əli Hacızadənin bəyanatı İranın rəsmi mövqeyinə uyğun deyil.

Səudiyyə Ərəbistanından olan ekspert İsmail Yaşa da düşünür ki, İranın Türkiyədəki NATO obyektlərini hədəf alacağı inandırıcı deyil.

"Son zamanlar İran və Türkiyə arasındakı gərginlik Suriya məsələsindən qaynaqlanır. İran rəsmisinin belə bir bəyanatla çıxış etməsi sadəcə təhdid xarakteri daşıyır", - Yaşa telefonla Ciddədən Trend-ə bildirib.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu NATO RHM sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsinin hansısa ölkəyə qarşı yönəlmədiyini bəyan edib. "Raket əleyhinə müdafiə sistemi NATO-nun layihəsidir və ayrılıqda heç bir ölkəyə aid deyil. Biz bu layihənin hazırlanması zamanı bununla bağlı öz narahatlığımızı bildirdik", - Davudoğlu deyib. Rəsmi Tehran dəfələrlə raket hücumundan müdafiə sistemlərinin Türkiyə ərazisində yerləşdirilməsi ilə bağlı narahatlığını ifadə edib.

Ekspertlər hesab edir ki, son vaxtlar İran-Türkiyə münasibətlərindəki gərginliyə baxmayaraq, iki ölkə arasında iqtisadi və siyasi əlaqələr öz tempi ilə davam edəcək.

"İran və Türkiyə arasında iqtisadi sahədə əməkdaşlıq yüksək səviyyədədir. Hər iki ölkə iqtisadi əməkdaşlığı bu səviyyədə saxlamaqda maraqlıdır", - Ehtişami bildirib.

"Türkiyənin İrana münasibətində hər hansı dəyişiklik yoxdur və hesab edirəm ki, iki ölkə arasındakı iqtisadi və siyasi əlaqələr bundan sonra da öz tempi ilə davam edəcək", - Səudiyyə Ərəbistanından olan ekspert Yaşa deyib.

Türkiyə Suriya ilə dost münasibətlərə malik olmasına baxmayaraq, Prezident Bəşşar əl-Əsədin nümayişçilərə qarşı hərəkətini tənqid edir və bu ölkə rəhbərliyinə təzyiqlər göstərir. Lakin rəsmi Tehran böhranın həlli ilə bağlı əl-Əsədin yürütdüyü siyasəti dəstəkləyir və vəziyyəti daxili işlərə müdaxilə kimi qiymətləndirir.

Yaşa hesab edir ki, həm İran, həm də Türkiyə Suriya məsələsində öz maraqlarını qorumağa çalışır, lakin İran hakimiyyəti Suriya probleminə praqmatik yanaşacaq və sonda Bəşşar Əsəd hakimiyyətinə təzyiq göstərəcək.

Xəbər lenti

Xəbər lenti