...

Azərbaycan və İranın birgə mətbuat sərgisinin təşkili təklif olunub

Siyasət Materials 4 Dekabr 2011 14:49 (UTC +04:00)
İran Azərbaycanla birgə mətbuat sərgisinin təşkil olunmasını təklif edib.
Azərbaycan və İranın birgə mətbuat sərgisinin təşkili təklif olunub

Azərbaycan, Bakı, 4 dekabr / Trend müxbir T.Cəfərov/

İran Azərbaycanla birgə mətbuat sərgisinin təşkil olunmasını təklif edib. Trend-in məlumatına görə, İranın MEHR xəbər agentliyi bildirir ki, bu təklifi İranın Mədəniyyət və İslami İrşad nazirinin mətbuat məsələləri üzrə müavini Məhəmmədcəfər Məhəmmədzadə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti ilə bazar günü keçirdiyi görüşdə səsləndirib.

Məhəmmədzadə həmçinin görüşdə İranda keçirilən mətbuat sərgilərində Azərbaycanın geniş şəkildə iştirakını və İslam Dünyası mətbuat birliyi çərçivəsində iki ölkənin əməkdaşlığının genişləndirilməsini təklif edib.

Görüşdə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, iki ölkə arasında əməkdaşlıq və dostluqda heç bir problem yoxdur, lakin bəzi qüvvələr bu yaxınlaşmanı istəmirlər.

Həsənov eyni zamanda iki ölkənin mətbuatı arasında əlaqələrinin zəif olduğunu, mətbuat nümayəndələrinin gediş-gəlişinin az olduğunu, Azərbaycanda keçirilən birgə konfranslarda İran tərəfinin iştirakının istənilən səviyyədə olmadığını qeyd edib.

Məhəmmədcəfər Məhəmmədzadə öz növbəsində bildirib ki, heç bir amil iki xalqı biri-birindən ayıra bilməz.

O deyib ki, iki müsəlman ölkəsi İran və Azərbaycan arasında ixtilaf yaradacaq heç bir məsələ yoxdur, və bəzi qüvvələr kənardan bu xalqları bir-biri ilə üz-üzə qoymağa çalışır.

Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri dekabrın 2-də başlayıb. Səfər dekabrın 5-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti