...

Seymur Orucov: YAP bölgədə böyük siyasi qüvvəyə çevrilib

Siyasət Materials 8 Dekabr 2011 11:48 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası sıralarında 550 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib.
Seymur Orucov: YAP bölgədə böyük siyasi qüvvəyə çevrilib

Azərbaycan, Bakı, 8 dekabr / Trend müxbir E.Mehdiyev/

Yeni Azərbaycan Partiyası sıralarında 550 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

"Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir", - Orucov bildirib.

Onun sözlərinə görə, partiyanın inkişafında ölkə əhalisinin ən fəal təbəqəsini təşkil edən gənclər özünəməxsus yer tutur, gənclər partiyanın qüdrətinin əhəmiyyətli dayaqlarından biridir.

"Gənclərin axını Yeni Azərbaycan Partiyasında gənclik enerjisini artırmaqla gələcək inkişafımıza etibarlı təminat yaradır. Qürurla deyə bilərik ki, əsl ümümxalq partiyası olan Yeni Azərbaycan Partiyasının gəncləri ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi strategiyanın həyata keçirilməsinə hər zaman dəstək veriblər və hazırda Prezident İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər", - Orucov əlavə edib.

O bildirib ki, Azərbaycan gənclərinin YAP sıralarına qoşulması, öz siyasi talelərini bu partiya ilə bağlamasının ciddi əsasları var.

"Partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclərin qoşulduğunu nəzərə alsaq, bu əsasların hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərə bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb və gənclərimiz bu partiyanın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər. Məlum olduğu kimi, hazırda YAP üzvlərinin 40 faizə qədəri gənclərdən ibarətdir və partiyada birləşən gənclərin sayı 200 min nəfərdən artıqdır. Əlbəttə ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti sahəsində atılan məqsədyönlü addımlar xüsusi əhmiyyət kəsb edir", - YAP Gənclər Birliyinin sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti