...

Azərbaycan ISAF-ı mülki şəxslərin itkisinin azalması üçün səyləri artırmağa çağırır - XİN

Siyasət Materials 8 Dekabr 2011 18:19 (UTC +04:00)
Azərbaycan ISAF-ı mülki şəxslərin itkisinin azalması üçün səyləri artırmağa çağırır.
Azərbaycan ISAF-ı mülki şəxslərin itkisinin azalması üçün səyləri artırmağa çağırır - XİN

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Azərbaycan ISAF-ı mülki şəxslərin itkisinin azalması üçün səyləri artırmağa çağırır. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 8-də Brüssel şəhərində keçirilən ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) töhfə verən ölkələrin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib. Bu barədə cümə axşamı Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

XİN rəhbəri bildirib ki, Əfqanıstandakı mövcud vəziyyət regional və qlobal təhlükəsizliyə ciddi şəkildə təsir edir. Təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək və Əfqanıstanla qardaş əlaqələri nəzərə alaraq, Azərbaycan Əfqanıstanda təhlükəsizliyin, sabitliyin və rifahın bərqərar olması üçün lap əvvəldən öz töhfəsini verməkdədir.

"Coğrafi mövqeyimiz və mövcud infrastruktur Azərbaycanı regionun mühüm tranzit ölkəsinə çevirib. ISAF əməliyyatları üçün zəruri olan mallar və canlı qüvvə həm Azərbaycanın quru ərazisindən, həm də hava məkanından istifadə etməklə Əfqanıstana daşınır. Bu tranzitin həcmi ilbəil artmaqdadır", - o deyib.

Məmmədyarovun sözlərinə görə, ötən onilliyin təcrübəsi sübut etdi ki, Əfqanıstanda davamlı sülh və sabitliyə nail olmaq üçün hərbi yardım kifayət deyil. Bu mövqedən çıxış edərək, Azərbaycan Əfqanıstanla qeyri-hərbi sahədə əməkdaşlıq üçün töhfə verməkdədir. Əfqanıstanın mülki və hərbi qulluqçularına təlimlər vermək üçün praktiki layihələr həyata keçirilməkdədir. ANAMA ərazilərin minadan təmizlənməsi sahəsində əfqanıstanlı mütəxəssislərə həm Əfqanıstanda, həm də Azərbaycanda təlimlər keçib.

"Azərbaycan Diplomatik Akademiyası hər il əfqan diplomatlar və dövlət qulluqçuları üçün "Xalq Diplomatiyası", "Qanunun aliliyi", "Yaxşı idarəçilik" və "Keçid dövründə idarəetmə" mövzularında təlimlər təşkil edir. Milli Təhlükəsizlik Nazirliyi terrorizmə qarşı mübarizə sahəsində kurs, Dövlət Sərhəd Xidməti isə Əfqanıstan və Mərkəzi Asiya sərhəd xidmətlərinin iştirakı ilə seminar keçiriblər. Azərbaycanın digər qurumları da əfqan polis və hərbi qulluqçuları da daxil olmaqla, Əfqanıstan rəsmiləri üçün müvafiq təlim proqramları həyata keçirməyə hazırdır", - XİN rəhbəri bildirib.

O qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin və Əfqanıstan hökumətinin regionda narkotik vasitələrin axını ilə bağlı narahatlığını bölüşür. Əfqanıstan hökumətinin koordinasiyası və maraqlı ölkələrin iştirakı ilə Azərbaycan narkotik vasitələrin axının qarşısının alınması üçün layihələrdə iştirak edə bilər.

"Əfqanıstandakı keçid dövrünü qəti şəkildə dəstəkləyirik. Əfqanıstan rəhbərliyinin səyləri və ortaya qoyulan iradə bu sahədə müvəffəqiyyətə aparacaq. Biz düşünürük ki, milli barışıq ümumi sabitliyə nail olmağın əsas elementidir və buna nail olmaq üçün Əfqanıstan hökuməti səylərini davam etdirməli, beynəlxalq ictimaiyyət isə bunu dəstəkləməlidir. Biz ISAF-ı mülki şəxslərin itkisinin azalması üçün səyləri artırmağa çağırırıq. Humanitar cəhətlə yanaşı, bunun siyasi əhəmiyyəti də var. Yerli mədəni və dini adət-ənənələrə uyğun olan davranış üçün səylərin artırılması həm Əfqanıstanda, həm də ondan kənar ərazilərdə ISAF-ın ictimaiyyət tərəfindən qəbul edilməsini xeyli artıracaq", - Məmmədyarov deyib.

Xarici işlər naziri bildirib ki, Azərbaycan Əfqanıstanın iqtisadi inkişafında maraqlı olan bir ölkə kimi, Əfqanıstan hökuməti tərəfindən təklif olunacaq investisiya layihələri üzərində işləyə bilər. Hazırda Əfqanıstana investisiya qoyan və bu ölkədə fəaliyyət göstərən bir sıra özəl Azərbaycan şirkətləri var.

"Yekun olaraq qeyd olunmalıdır ki, Əfqanıstanda mövcud olan təhlükəsizlik çağırışları həm regional, həm də beynəlxalq miqyasda çox mühüm məsələ kimi qəbul edilməlidir. Müharibələr və çətinliklə dolu onilliklərdən sonra əfqan xalqı sülh və rifaha qovuşmaq üçün real şans əldə edib. Əfqanıstandakı təhdid və çağırışlara cavab vermək üçün beynəlxalq ictimaiyyət həmrəylik nümayiş etdirməli və Əfqanıstan hökumətinin səylərini dəstəkləməyə davam etməlidir", - Məmmədyarov çıxışını tamamlayıb.

Xəbər lenti

Xəbər lenti