...

İranda parlament seçkilərində səsvermə başlayıb

Siyasət Materials 2 Mart 2012 08:30 (UTC +04:00)
İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkilərində səsvermə bu gün yerli vaxt ilə saat 08:00-da başlayıb və 18:00-dək davam edəcək
İranda parlament seçkilərində səsvermə başlayıb

Azərbaycan, Bakı, 2 mart / Trend müxbir T.Cəfərov /

İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkilərində səsvermə bu gün yerli vaxt ilə saat 08:00-da başlayıb və 18:00-dək davam edəcək.

Trend-in məlumatına görə, İranın Dövlət Seçkilər Komissiyasının sədri Sulət Mürtəzəvi deyib ki, qanuna əsasən, parlament seçkilərinin keçirilmə vaxtı 10 saatdır, amma lazım gələrsə, daxili işlər naziri səsvermənin vaxtını uzada bilər.

Parlament seçkilərində 3 467 namizəd mübarizə aparır. Seçkilər ümumilikdə 46 062 səsvermə məntəqəsində keçirilir ki, onlardan 14 307-si səyyar qutular vasitəsilə həyata keçirilir.

Seçkilərin nəticələrinin seçki günündən (martın 2-dən) 48-72 saat sonra açıqlanacağı ehtimal olunur. İranda ilk dəfədir ki, seçkilərdə geniş miqyasda elektron səsvermədən istifadə ediləcək. Elektron səsvemə ölkənin 14 əyalətindəki əsas seçki məntəqələrində keçirilir.

Parlament seçkilərində namizədliyini irəli sürmüş şəxs səslərin 2/3 hissəsini əldə etmiş olarsa, seçkinin qalibidir. Belə olmazsa, seçkilərin ikinci mərhələsi (turu) keçirilir. İkinci mərhələdə ən çox səs toplamış namizəd seçkinin qalibi hesab olunur.

Parlament seçkilərinin ikinci turu səsvermə günündən sonra bir ay müddətində keçirilməlidir.

Seçkilərin keçirilmə şəraitindən narazı olan və qanun pozuntularının olmasından şikayətlənən namizədlər səsvermə başladığı andan seçkilərin icraçı heyətinə və nəzarət heyətinə şikayət edə bilər. Səsvermənin nəticələrinə də etirazı olarsa, seçkilərin nəticələrinin açıqlanmasından 7 gün sonra Nəzarət Şurasına şikayət edilə bilər.

İran DİN seçkinin nəticələrini açıqladıqdan sonra qələbə qazanmış nümayəndələr seçki dairələri üzrə nəticələrin Nəzarət Şurası tərəfindən təsdiq edilməsini gözləməlidirlər. Bəzən Nəzarət Şurası seçki dairələrinin nəticələrini etibarsız hesab edir.

2012-ci il martın 2-də keçiriləcək IX çağırış parlament seçkilərini 50 000 müşahidəçi izləyir. Seçkilərin təhlükəsizliyini təmin etmək üçün polis qüvvələrindən başqa əlavə 85 000 İran İslam Respublikasının "Sepah" korpusunun "Bəsic" könüllülər qüvvələri cəlb olunub.

Seçkilərdə əsas rəqiblər İslahatçılar və Mühafizəkarlar (Üsulgəralar) düşərgələridir.

İran KIV-lərinin məlumatına görə, Mühafizəkarlar təkcə paytaxt Tehrandan Ayətullah Məhəmmədrza Məhdəvi Keninin başçılığı ilə "Üsülgəraların Vahid Cəbhəsi" , Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin başçılığı ilə "İslam İnqilabının Sabitliyi Cəbhəsi", Möhsin Rzayinin başçılığı ilə "Müqavimət Cəbhəsi", Əli Mütəhhərinin başçılığı ilə "Xalqın səsi" və Şəhabəddin Sədrin başçılığı ilə "Anlayış və Oyanış" cəbhələri yaradaraq parlament seçkilərində iştirak edirlər.

İranda parlament (İran İslami Məşvərət Məclisi) seçkiləri dörd ildən bir keçirilir. İranda VIII çağırış parlament seçkiləri 14 mart 2008-ci ildə keçirilib. Əli Laricaninin sədrlik etdiyi Məclisdə hazırda 290 deputat var.

İran parlamentinin ilk iclasının hicri şəmsi təqvimlə 1391-ci il xordad ayının 7-də (27 may 2012-ci il) keçirilməsi nəzərdə tutulur.

Parlamentin ilk iclasında deputatlar fəaliyyətə başlamazdan öncə and içirlər. Müsəlman deputatlar Qurana, dini azlıqların nümayəndələri isə öz müqəddəs kitablarına and içirlər.

İranda 48 milyon nəfər seçici hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti