...

Prezident İlham Əliyev: Azərbaycanın yeni inkişaf strategiyası əhalinin rifah halını yüksəldəcək

Siyasət Materials 5 Mart 2012 14:22 (UTC +04:00)
Azərbaycanın yeni inkişaf strategiyasının məqsədi əhalinin rifah halının yüksəldilməsi, milli gəlirin səviyyəsinin daha da artırılması və iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsindən ibarətdir.
Prezident İlham Əliyev: Azərbaycanın yeni inkişaf strategiyası əhalinin rifah halını yüksəldəcək

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın yeni inkişaf strategiyasının məqsədi əhalinin rifah halının yüksəldilməsi, milli gəlirin səviyyəsinin daha da artırılması və iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsindən ibarətdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda bazar ertəsi keçirilən İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu iştiraçılarına müraciətində deyib. Müraciəti iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov oxuyub.

Dövlət başçısı müraciətdə qeyd edib ki, strategiya ölkənin mövcud potensialının səmərəli reallaşmasına, şaxələnmiş ixrac yönümlü dayanıqlı iqtisadiyyatın formalaşmasına yönəlib.

"Müasir çağırışlar kontekstində Dünya Bankının və nüfuzlu beynəlxalq ekspertlərin ölkəmizin perspektiv imkanlarının qiymətləndirilməsi ilə bağlı məsələlərə böyük maraq göstərməsi bu baxımdan tədqirə layiq haldır. Ümidvaram ki, forum zamanı aparılan faydalı müzakirələr respublikamızın gələcək inkişafı naminə yeni konsepsiyaların hazırlanıb həyata keçirilməsinə əlverişli zəmin yaradacaq", - Prezident müraciətdə bildirib.

Müraciətdə vurğulanıb ki, Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasından sonra ötən müddət ərzində sosial-iqtisadi quruculuq sahəsindəki ardıcıl uğurları ilə dünyada özünə layiqli yer tutub.

"Qısa bir zamanda sürətli inkişaf sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşmış, yoxsulluq səviyyəsi aşağı düşmüş, həyatın ən müxtəlif sahələrində mühüm nəaliyyətlər əldə olunmuşdur. Respublikamız gerçəkləşdirilən effektiv islahatlar nəticəsində öz inkişaf dinamikasını qlobal böhran şəraitində belə qoruyub saxlaya bilmişdir", - İlham Əliyev müraciətdə qeyd edib.

Xəbər lenti

Xəbər lenti