...

İran Mərkəzi Asiyada mövqeyini gücləndirmək niyyətindədir

Siyasət Materials 7 Mart 2012 09:00 (UTC +04:00)
Beynəlxalq təcridlə üzləşən Tehranın qarşısında duran mühüm vəzifələrdən biri ölkənin blokadasını sındırmaqdır.
İran Mərkəzi Asiyada mövqeyini gücləndirmək niyyətindədir

Arzu Nağıyev - Trend-in eksperti

Beynəlxalq təcridlə üzləşən Tehranın qarşısında duran mühüm vəzifələrdən biri ölkənin blokadasını sındırmaqdır. Bu strategiyanın mühüm hissəsi Mərkəzi Asiya qonşuları ilə ikitərəfli münasibətlərin inkişafıdır. İran və Mərkəzi Asiya tarixən dostluq telləri ilə bağlıdır.

İranın əhalisi və iqtisadi potensialı ümumilikdə bütün Mərkəzi Asiya ölkələrinin ümumi əhali sayı və potensialından qat-qat çoxdur.

İran iqtisadi mülahizələrə əsaslanaraq Mərkəzi Asiya ölkələrindən Avropa bazarına çıxmaq üçün bir vasitəçi kimi də istifadə etmək niyyəti güdür.

Bundan əlavə, İranın maraqları eyni zamanda Rusiya və Mərkəzi Asiya ölkələri ilə Xəzər dənizi sahillərində kəsişir. İran daxili bazarında karbohidrogenlərin zəngin ehtiyatlarına baxmayaraq, yenə də bir kəsir, çatışmazlıq hiss etməkdədir. Neft və qaz əsasən ixraca gedir, emal üçün isə kifayət qədər qüvvəsi (köhnə, vaxtı keçmiş avadanlıq və s.) və ixtisaslı fəhlə kadrları yoxdur. Buna görə də, İran bir ildə xaricdən yanacaq almaq məqsədilə 3 milyard dollar sərf edir.

Hazırda İranın Mərkəzi Asiya ölkələri ilə ticarət-iqtisadi və maliyyə münasibətlərinin müsbət dinamikasını qeyd etmək olar, lakin ən yaxın partnyor, enerji daşıyıcıları ilə zəngin olan qonşu Türkmənistandır. Məlumdur ki, İİR tankerlərlə İranın Neka limanına daşınan Türkmənistan neftinin əsas idxalçısıdır.

Türkmənistan ilə əlaqələrin inkişafında İranın bir neçə məqsədi var: Mərkəzi Asiyada öz mövqeyini möhkəmləndirmək, regionun enerji resurslarından yararlanmaq və Türkmənistanın əlverişli geosiyasi mövqeyindən istifadə etmək.

İranın Türkmənistanla ikitərəfli ticarət döriyyəsi 1992-ci ildə 52 min dollar olsa da, bu rəqəm hazırda 2 milyard dollara qədər yüksəlib. Texniki və iqtisadi sahədəki əməkdaşlıq nəticəsində Türkmənistan, öz növbəsində, tikinti materialları, fiber-optik rabitə, farmakologiya, kimyəvi təmizləmə və s. sahələrdə müasir texnologiyalar əldə edib.

Təcən-Sərəxs-Məşhəd (Bəndər Abbas) dəmiryolu vasitəsilə yalnız Türkmənistan üçün deyil, həm də Mərkəzi Asiya, Çin, Yaxın Şərqdən Fars körfəzi ölkələrinə ən qısa marşrut açılır. Gələcəkdə bu marşrutdan Hindistan da uğurla istifadə edə bilər. Yolun Məşhəd-Tehran hissəsi ilə kəsişməsi isə Urumçu, Almatı və Daşkənd vasitəsilə Pekin ilə Tehran arasında birbaşa əlaqələr yaratmağa imkan verə bilər.

İranın bir neçə şirkəti və sərmayəsi ilə Tacikistanda su elektrik, nəqliyyat, rabitə, kənd təsərrüfatı sahələrində mühüm iqtisadi layihələr həyata keçirilir. İran şirkətləri vasitəsilə Sanqtudin HES-2 və "İstiqlol" avtomobil-yol tunelinin tikintisi aparılır.

İran ətrfında cərəyan edən proseslər Tacikistan iqtisadiyyatına güclü təsir etməsə də, İran banklarından pul köçürmələri kanalları bağlı olduğu və əsasən Amerika və Avropa ölkələrinin bankları vasitəsilə aparıldığı üçün, İrandan investisiya axınının azalması gözlənilir.

2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 204.1 milyon dollar, 2012-ci iln yanvar ayında isə bu göstərici təxminən 16 milyon dollar olub. 2011-ci ildə Tacikistan iqtisadiyyatına İran tərəfindən birbaşa 14,2 milyon dollar investisiya yatırılıb. Xarici ticarət dövriyyəsinə görə İran Tacikistan bazarında 4-cü yer tutur. İrandan ərzaq məhsulları, geyim, avtomobil idxal, əsasən pambıq lifi və iplik ixrac olunur.

Bununla belə, İran digər Mərkəzi Asiya ölkələri ilə münasibətdə bir sıra çətinliklərlə üzləşir. Belə ki, Qazaxıstan əsasən qərb və Rusiya yönümlü siyasətə üstünlük verir və iqtisadi baxımdan diqqəti daha çox Çin iqtisadiyyatına yönəldir.

Özbəkistanı isə İranla əlaqələrin qurulmasından çəkindirən başlıca səbəb Tehran tərəfindən həyata keçirilən islam radikalizmidir. 2011-ci ildə Tehran və Astana arasında ticarət dövriyyəsi 1.3 milyard dollar, Daşkənd ilə 609 milyon dollar, Bişkəklə isə 17 milyon dollar olub. Ticarət dövriyyəsi hər üç dövlətdə əsasən ticarət və istehlak malları, qənnadı məmulatları, xalçalar, geyim, tikinti materialları, kənd təsərrüfatı məhsulları, yükdaşıma, yol, ev tikintisi və vasitəçilikdən ibarətdir.

Xəbər lenti

Xəbər lenti