...

BMT-nin baş katibi Beynəlxalq Qadınlar Günü münasibətilə dünya dövlətlərinə müraciət edib

Siyasət Materials 7 Mart 2012 15:49 (UTC +04:00)
BMT-nin baş katibi Beynəlxalq Qadınlar Günü ilə bağlı dünya dövlətlərinə müraciət edib.
BMT-nin baş katibi Beynəlxalq Qadınlar Günü münasibətilə dünya dövlətlərinə müraciət edib

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

BMT-nin baş katibi Beynəlxalq Qadınlar Günü ilə bağlı dünya dövlətlərinə müraciət edib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müraciətdə baş katib bu Beynəlxalq Qadınlar Günündə hökumətləri, vətəndaş cəmiyyətini və özəl sektoru fundamental insan hüquqları və hər kəs üçün faydalı amil olaraq gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsinə çağırır.

Müraciətdə qeyd olunur ki, qadınların və qızların enerjisi, bacarığı və gücü bəşəriyyətin faydalanmadığı ən dəyərli təbii sərvətdir.

Gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması prosesi bütün dünyada uğurla inkişaf edir. Dövlət və hökumət başçısı vəzifəsində çalışan qadınların sayı artıb, nazir vəzifəsində çalışan qadınların sayı ən yüksək həddə çatıb. Qadınlar biznes sahəsində çox böyük nüfuza malikdirlər. Daha çox qız məktəbə gedir, daha sağlam böyüyür və potensiallarından istifadə etmək üçün daha geniş imkanlara malikdirlər.

Mövcud müsbət irəliləyişlərə baxmayaraq, qadın və qızların doğulduqları andan etibarən onlara aid olan, rifahlarını təmin edən hüquq və azadlıqlardan tamamilə yararlana bildiklərini söyləyə bilmək üçün hələ çox iş görülməlidir. Kənd yerlərində qadınların vəziyyəti bunun bariz sübutudur. Builki Beynəlxalq Qadınlar Gününün həsr olunduğu kənd qadınları və qızları dünya əhalisinin dörddə birini təşkil etsələr də, gəlir, təhsil, səhiyyədən tutmuş qərar qəbul etmədə iştiraka qədər istənilən iqtisadi, sosial və siyasi göstəricilərin ən aşağı pilləsində yer alırlar.

Kiçik fermer və torpaqsız işçilərin demək olar ki, yarım milyardını təşkil edən kənd qadınları kənd təsərrüfatı sahəsində əsas işçi qüvvəsini təşkil edirlər. Onlar kənd yerlərində ödənişsiz işlərin mühüm hissəsini yerinə yetirirlər. Bununla belə, onlar yenə də potensiallarını icra etmək imkanına malik deyillər. Kənd qadınlarının istehsal resurslarından istifadə hüququ bərabər olsaydı, təsərrüfat məhsuldarlığı 4 faiz artar, bu da öz növbəsində ərzaq təhlükəsizliyini gücləndirərək 150 milyon insanı aclıqdan xilas edərdi. Kənd qadınları, onlara bu imkan verildiyi halda, daha bir gizli faciə - bütün dünyada 200 milyon uşağın əziyyət çəkdiyi boy artmadan qalma ilə effektiv mübarizə aparmağa yardım edərdilər.

Ayrıseçkiliyə səbəb olan qanun və əməllərdən təkcə qadınlar deyil, bütünlükdə icma və millətlər əziyyət çəkir. Qadınların torpaq sahibkarlığı hüququ və kredit götürmək imkanından məhrum olduqları cəmiyyətlərdə pis qidalanmadan nəzərəçarpacaq dərəcədə daha çox uşaq əziyyət çəkir. Qadın fermerlərin kənd təsərrüfatı sahəsində biliklərinin genişləndirilməsi xidmətlərinin sadəcə 5 faizindən yararlana bilmələri qəbuledilməz bir göstəricidir. Kənd qadınlarına sərmayə ayırmaq ölkənin inkişafına edilmiş ağıllı investisiyadır.

Bütün dünyada kənd qadınları və qızlarının acınacaqlı durumu cəmiyyətin müxtəlif seqmentlərində qadın və qızların vəziyyətinin təzahürüdür - peşəkar inkişaf yolunda qarşılaşdıqları maneələr, ailədə, işdə və münaqişələr zamanı məruz qaldıqları zorakılıqdan, təhsil sahəsində üstünlüyün oğlan övlada verilməsindən tutmuş doğuş zamanı zəruri yardımın göstərilməməsinə görə yüz minlərlə qadının ölümünə qədər. Hətta ən yaxşı göstəriciləri olan ölkələrdə belə hələ də qadın və kişilərin eyni işə görə aldıqları məvacibdə bərabərsizlik mövcuddur və siyasət və biznes sahələrində qərarların qəbul edilməsi zamanı qadınların iştirakı lazımi səviyyədə deyil.

Xəbər lenti

Xəbər lenti