...

Tahir Kərimli: Azərbaycanda müxalifətçilik əvvəldən əyri əsaslarla qoyulub

Siyasət Materials 9 Mart 2012 14:03 (UTC +04:00)
Azərbaycan Vəhdət Partiyasının sədri son dövrdə müxalifətin birləşmə səylərinin uğursuzluqla nəticələnməsinin səbəbini müxalifətçiliyin fundamentinin düzgün qoyulmaması ilə əlaqələndirir.
Tahir Kərimli: Azərbaycanda müxalifətçilik əvvəldən əyri əsaslarla qoyulub

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Vəhdət Partiyasının sədri son dövrdə müxalifətin birləşmə səylərinin uğursuzluqla nəticələnməsinin səbəbini müxalifətçiliyin fundamentinin düzgün qoyulmaması ilə əlaqələndirir.

"Müxalifətçilik əvvəldən əyri əsaslarla qoyulub. Ona görə də müxalifətin həmişə məğlubiyyətə uğrayacağı göz qabağındadır", - bunu cümə günü Trend-ə Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Kərimli qeyd edib ki, müxalifət liderləri bir-birinə səmimi münasibətdə deyillər.

"Onlar hətta imkan olanda bir-birilərini gözdən salmağa meyillidirlər. Belə qeyri-səmimilik var və bunu ictimaiyyət görür. Ona görə də bunların birlik modellərinin səmimi olduğu qənaətinə gəlmək mümkün deyil", - partiya sədri deyib.

O bildirib ki, müxalifət funksionerləri bir-birilərini ittiham etməkdə davam edirlər.

"Ona görə də mən deyərdim ki, müxalifətin birliyi həm təşkilat kimi, həm də lider kimi alınası deyil və hətta birgə tədbir keçirmələri belə qaranlıqdır. Yəni, liderlər təşkilatı öz nüfuzları ətrafında qurmaq istəyirlər. İstəyirlər ki, hər kəs onları qəbul edib, onların ətrafında birləşsin. Ona görə də müxalifətin birlik modelləri uğursuzluqla üzləşir", - Kərimli vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə müxalif Demokrat (ADP) və Ümid partiyalarının birləşdiyi "Qarabağ" siyasi bloku müxalifət partiyalarına birliklə bağlı məktub ünvanlamışdı. Məktubda müxalifətin birləşməsinin vacibliyi vurğulanmışdı. Azərbaycan Milli İstiqlal Partiyası da eyni təşəbbüslə çıxış etmişdi.

Lakin "Qarabağ" blokunun bu təşəbbüsü digər partiyalar tərəfindən müsbət qarşılanmayıb. Beləki məktub ünvanlanan partiyalar hələ məktubun onlara çatmadığını deyərək münasibət bildirməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti