...

Əfqanıstandakı hücumların qarşısı alınıb, 15 terrorçu həlak olub

Siyasət Materials 16 Aprel 2012 10:50 (UTC +04:00)
Əfqanıstanın Daxili İşlər Nazirliyi paytaxt Kabildə bazar günü partlayışlarla başlayan hücumların qarşısının alındığını və polis və hücum edən yaraqlılar arasındakı qarşıdurmanın başa çatdığını bildirib.
Əfqanıstandakı hücumların qarşısı alınıb, 15 terrorçu həlak olub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir T.Cəfərov/

Əfqanıstanın Daxili İşlər Nazirliyi paytaxt Kabildə bazar günü partlayışlarla başlayan hücumların qarşısının alındığını, polis və hücum edən yaraqlılar arasındakı qarşıdurmanın başa çatdığını bildirib. Bu barədə Trend-ə Əfqanıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bazar günü yerli vaxtla saat 13:45-də bir qrup terrorçu-intiharçı ölkə parlamentinin qarşısındakı binadan parlamenti atəşə tutub.

Beynəlxalq KİV-lərin məlumatına görə, eyni vaxtda Böyük Britaniya, Almaniya, Rusiya və ABŞ səfirliklərinə hücumlar təşkil olunub.

Əfqanıstan DİN-in məlumatında bildirilir ki, atışma bəzi məntəqələrdə axşam saat 21:00 radələrində başa çatsa da, bəzi yerlərdə bu gün səhər saat 07:30-dək davam edib. Atışma nəticəsində 15 terrorçu öldürülüb və bir neçə polis yaralanıb.

Əfqanıstan xəbər agentliklərinin məlumatına görə, ölkənin daxili işlər naziri Bismillah Məhəmmədi bu gün jurnalistlərə açıqlamasında bildirib ki, hücumlar Kabil şəhərindən başqa, üç əyalətdə - Nənqəhar, Pektiya və Lugərdə də baş verib.

Onun sözlərinə görə, bu qarşıdurmalarda ümumilikdə 47 nəfər həlak olub ki, onlardan 36 nəfəri terrorçulardır.

Məhəmmədi bildirib ki, əməliyyatlar zamanı 8 əfqan hərbiçi ölüb, 40-ı yaralanıb. 3 dinc sakin ölüb, 25 nəfər isə xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti