...

Meksikada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

Siyasət Materials 1 İyun 2012 15:36 (UTC +04:00)
Mexiko şəhərində Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Tədbir zamanı həmçinin 2012-ci ildə Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin 20 illik yubiley tarixi də qeyd edilib.
Meksikada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Mexiko şəhərində Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Tədbir zamanı həmçinin 2012-ci ildə Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin 20 illik yubiley tarixi də qeyd edilib.

Səfirlikdən cümə günü Trend-ə verilən məlumata görə, qəbulda Meksika Xarici İşlər Nazirliyinin rəsmiləri, Konqres üzvləri, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Meksikada yaşayan azərbaycanlılar, habelə türk, Ukrayna və yəhudi icmalarının üzvləri, bu ölkədə fəaliyyət göstərən bir sıra QHT nümayəndələri və iş adamları iştirak ediblər.

Tədbirdə çıxış edən səfir İlqar Muxtarov hər il may ayının 28-də Azərbaycan xalqı tərəfindən bayram edilən Şərqdə ilk demokratik dövlət quruluşunu bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin 94-cü ildönümünün qeyd olunduğunu diqqətə çatdıraraq, ölkəmizin müasir dövrümüzədək keçdiyi tarixi yoldan bəhs edib.

Muxtarov, həmçinin 2012-ci ildə Azərbaycan və Meksika arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümün qeyd edildiyini bildirərək, Meksikanın Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən olduğunu qeyd edib. Səfir 2011-ci ildə Meksika və digər dost ölkələrin səs çoxluğu ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçildiyini də vurğulayıb.

Azərbaycan Səfiri, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin üzləşdiyi münaqişədən bəhs edərək, beynəlxalq ictimaiyyətin bu istiqamətdə aktiv dəstəyinin vacibliyini vurğulayıb. Bu xüsusda Muxtarov Meksika və digər Latın Amerikası ölkələrinin konqresləri tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı soyqırımının tanınmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra tədbirdə çıxış edən Meksika Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisi, səfir Xose İqnasio Madraso qeyd edib ki, Azərbaycan və Meksika XİN-ləri arasında keçirilmiş görüşlər, habelə həyata keçirilmiş digər yüksəksəviyyəli qarşılıqlı səfərlər və imzalanmış sazişlər iki ölkə arasında əlaqələrin yeni müstəvidə inkişaf etməsinə şərait yaradıb.

Madraso Azərbaycanın dövlət bayramı - Respublika Günü və 2012-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illik yubiley tarixi münasibətilə Meksika hökuməti və Xarici İşlər Nazirliyi adından təbriklərini çatdıraraq, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Qəbul zamanı qonaqlara Azərbaycanın çoxsaylı milli mətbəx təamlarından təqdim edilib, tədbir ərzində ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarını təbliğ edən videoçarxlar nümayiş etdirilib, həmçinin Azərbaycanın xalq mahnıları səsləndirilib.

Tədbirdə Meksika Ştatının Simfonik Orkestrində fəaliyyət göstərən istedadlı azərbaycanlı musiqiçilərin iştirakı ilə Ü.Hacıbəyov, Q.Qarayev, C.Hacıbəyov və F.Əmirovun klassik musiqi əsərləri canlı olaraq ifa edilib.

Tədbirin sonunda qonaqlara xatirə hədiyyəsi və Azərbaycan haqqında müxtəlif məlumatlardan ibarət broşürlər təqdim edilib.

Xəbər lenti

Xəbər lenti