...

Bəxtiyar Sadıqov: Ermənistanın cəbhədə vəziyyəti gərginləşdirməyə xidmət edən cəhdləri Hillari Klintonun regiona səfəri ilə bağlıdır

Siyasət Materials 5 İyun 2012 13:17 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin cəbhədə vəziyyəti gərginləşdirməyə xidmət edən cəhdləri Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun regiona səfəri ilə bağlıdır.
Bəxtiyar Sadıqov: Ermənistanın cəbhədə vəziyyəti gərginləşdirməyə xidmət edən cəhdləri Hillari Klintonun regiona səfəri ilə bağlıdır

Azərbaycan, Bakı, 5 iyun / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin cəbhədə vəziyyəti gərginləşdirməyə xidmət edən cəhdləri Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klintonun regiona səfəri ilə bağlıdır. Bunu Trend-ə millət vəkili Bəxtiyar Sadıqov deyib.

Sadıqovun fikrincə, Ermənistanın cəbhə xəttində yaratdığı gərginlik təsadüfi deyil, qarşı tərəfin törətdiyi oyunbazlıq və məkirli siyasətin bir hissəsidir.

"Heç vaxt belə hadisələr təsadüfi olmur. Atəşkəs dövrünü, yaxın 5 ili nəzərdən keçirsək, görərik ki, hər dəfə Qarabağla bağlı məsul danışıqlar aparılanda, Prezidentin iştirakı ilə danışıqlar, görüşlər olanda Ermənistan tərəfi fəallaşır, atəşkəsi pozur. Çalışırlar ki, cəbhədə yaranmış vəziyyət danışıqlar prosesində müzakirə olunsun. Hesab edirəm ki, son fəallaşma da təsadüfi deyil və məhz xanım Klintonun regiona səfəri ilə bağlıdır", - o deyib.

Millət vəkili hesab edir ki, Ermənistan tərəfi vəziyyəti gərginləşdirsə də, bunu xanım Klintona Azərbaycan tərəfindən bir təzyiq, Azərbaycanın Ermənistanı hərbi cəhətdən hədələməsi kimi təqdim etməyə çalışacaqlar.

"Çünki artıq Ermənistan iqtisadi, siyasi və hərbi cəhətdən Azərbaycanla müqayisə olunmayacaq dərəcədə aşağı səviyyədədir. Bununla belə, çalışacaqlar ki, hərb variantı danışıqlar prosesində daim rədd olunsun, Ermənistan mövcud status-kvonu saxlasın", - Sadıqov vurğulayıb.

Onun fikrincə, Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirməklə odla oynamış olur.

"Cəbhədə hər an müharibə alovlana bilər. Ermənilər bunu unutmasın. Torpaqların işğal altında saxlanılması əsəbləri tarıma çəkib. Azərbaycan güclü olduğu halda, zəif dövlət onun torpaqlarını işğalda saxlaya, həm də ona müəyyən zərbələr vurmağa çalışır. Bu, çox təhlükəli oyundu və bu oyunun axırı yoxdur", - Sadıqov deyib.

Qeyd edək ki, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub.

Atəşkəsin pozulması nəticəsində isə bir əsgərimiz şəhid olub.

Xəbər lenti

Xəbər lenti