...

Prezident İlham Əliyev: Biz Azərbaycan timsalında uğurlu neft siyasətinin təzahürünü görürük (FOTO)

Siyasət Materials 5 İyun 2012 16:24 (UTC +04:00)
"Xəzər neft, qaz, neftayırma və neft kimyası" beynəlxalq sərgi və konfransının keçirilməsi ölkəmiz üçün böyük hadisədir. Bu sərgi və konfransın artıq böyük tarixi vardır. 19-cu dəfədir bu sərgi artıq keçirilir və deyə bilərəm ki, maraq azalmır, maraq artır və bunun nəticəsidir ki, 300-dən artıq şirkət bu dəfə bu sərgidə iştirak edir
Prezident İlham Əliyev: Biz Azərbaycan timsalında uğurlu neft siyasətinin təzahürünü görürük (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir S.Əliyev/

"Xəzər neft, qaz, neftayırma və neft kimyası" beynəlxalq sərgi və konfransının keçirilməsi ölkəmiz üçün böyük hadisədir. Bu sərgi və konfransın artıq böyük tarixi vardır. 19-cu dəfədir bu sərgi artıq keçirilir və deyə bilərəm ki, maraq azalmır, maraq artır və bunun nəticəsidir ki, 300-dən artıq şirkət bu dəfə bu sərgidə iştirak edir. Ancaq bura gələrkən mən birinci sərgini xatırlayırdım. O sərgi 1994-cü ildə təşkil edilmişdi və Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında birinci sərginin çox böyük rolu olmuşdu. Çünki Azərbaycan gənc müstəqil dövlət idi, dünyaya hələ özünü tanıtdıra bilməmişdi və Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssislər dairələrində bilgilər var idi, ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 5-də Bakı Sərgi Mərkəzində XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi və konfransında çıxışı zamanı deyib.

"Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi və Azərbaycana çox böyük maraq göstərilməyə başlanılıb. Təsadüfü deyil ki, sərgidən bir neçə ay sonra əsrin müqaviləsi imzalanmışdır ki, bu gün biz hamımız əsrin müqaviləsinin nəticələrini görməkdəyik. O vaxt ölkəmiz öz gələcək inkişaf istiqamətlərini müəyyən edirdi. Azərbaycan necə inkişaf edəcək, hansı ölkəyə çevriləcək. Və əlbəttə ki, bizim əsas potensialımız olan neft potensialımız ölkənin ümumi inkişafına xidmət göstərməli idi. Bunu etmək üçün mütləq xarici tərəfdaşlar Azərbaycana sərmayə qoymalı idilər, çünki o vaxt Azərbaycanın maddi imkanları çox məhdud idi. Və biz buna nail ola bildik. Qısa müddət ərzində müxtəlif irimiqyaslı, böyük şirkətlər Azərbaycana gəldilər, sərmayə qoymağa başladılar və beləliklə Azərbaycanın uğurlu inkişafı başladı", - İlham Əliyev çıxışında deyib.

Prezidentin sözlərinə görə, məhz 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən neft strategiyası elan edildi ki, bu gün də bu strategiya davam etdirilir.

"Əlbəttə, son illər ərzində, 19 il ərzində bu strategiya inkişafdadır, bu strategiyaya yeni istiqamətlər cəlb edilir və beləliklə, bu gün Azərbaycanın enerji resursları tam şəkildə Azərbaycan xalqının maraqlarının xidmətindədir. 1994-cü ildə isə biz bu böyük yolun əvvəlində idik və mən çox şadam ki, o vaxt qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edildi. Azərbaycana böyük sərmayə qoyulmuşdur, hal-hazırda neft-qaz sektoruna qoyulan investisiyalar təxminən 50 milyard dollar səviyyəsindədir, ancaq bütövlükdə 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına təxminən 120 milyard dollar sərmayə qoyulmuşdur. Yəni biz neft amilindən çox məharətlə və böyük səmərə ilə istifadə edə bildik və neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına yönəldə bildik. Ölkə iqtisadiyyatını çoxşaxəli iqtisadiyyat kimi təşkil edə bildik və bu gün bu proses davam etdirilir", - dövlət başçısı nitqində söyləyib.

Prezident qeyd edib ki, ancaq 90-cı illərin ortalarında neft sənayesində və ümumiyyətlə, iqtisadi sahədə köklü islahatlar aparılmağa başlanılıb.

"O vaxt həm geosiyasi, həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycan indiki kimi güclü dövlət deyildi. Azərbaycana təzyiqlər də var idi, təhdidlər də var idi, biz gənc idik, bizim maddi imkanlarımız çox məhdud idi, amma buna baxmayaraq Heydər Əliyevin qətiyyəti və cəsarəti sayəsində və düzgün təşkil edilmiş strategiya nəticəsində biz bütün hədəflərə çatdıq. 2003-cü ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur və 2006-cı ildə kəmər istifadəyə verilmişdir. Bu kəmər bütövlükdə bölgənin və bəlkə də qitənin enerji xəritəsini əsaslı şəkildə dəyişdirə bilmişdi. Bu kəmər təkcə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün deyil, eyni zamanda yeni dəhlizin açılması üçün çox vacib bir addım idi, tarixi bir addım idi. Və artıq o dəhliz işə düşəndən sonra növbəti mərhələdə böyük "Şahdəniz" yatağının qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikilmişdir . "Şahdəniz" üzrə müqavilənin imzalanması "Azəri-Çıraq-Günəşli" müqaviləsinin imzalanmasından 2 il sonra baş vermişdir. Və o vaxt Azərbaycanın qaz potensialı haqqında dünyada heç bir məlumat yox idi. Çünki sovet dövründə bizim qaz imkanlarımız araşdırılmamışdır, bizim geoloqlarımız, mütəxəssislərimiz, əlbəttə ki, bilirdi ki, bizim zəngin qaz ehtiyatlarımız var, amma heç vaxt Azərbaycan xarici investorlar tərəfindən qaz ölkəsi kimi maraq doğurmurdu", - İlham Əliyev çıxışında bildirib.

Dövlət başçısı deyib ki, ancaq dünya miqyasında ən böyük yataqlardan biri olan "Şahdəniz" qaz yatağının kəşfindən sonra əlbəttə ki, bu sahəyə diqqət daha da artıb.

"Beləliklə, biz düzgün strategiyanın icra edilməsi və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində artıq böyük pəncərədən başlayaraq böyük qapı açdıq, Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil etdirə bildik, həm siyasi, həm də iqtisadi baxımdan böyük uğurlar əldə etdik. Eyni zamanda, bu, bizim üçün böyük təcrübə idi. Çünki bizim dövlət neft şirkətimiz SOCAR o vaxt sadəcə olaraq daxili bazarda fəaliyyət göstərən adi bir şirkət idi, başqa dövlət qurumlarından heç nə ilə fərqlənmirdi. Amma bizim məqsədimiz ondan ibarət idi ki, SOCAR-ı dünyamiqyaslı, böyük, nəhəng enerji şirkətinə çevirək və hazırda bu məqsədə də çatmışıq. Bundan sonra SOCAR-ın həm ölkə daxilindəki, həm də xaricdəki fəaliyyəti daha genişmiqyaslı olacaq. Biz təcrübə toplamışıq, bizim gənc mütəxəssislərimiz xaricdə təhsil alıblar, "Əsrin müqaviləsi"nə əsasən, bu əməliyyatlarda iştirak edən insanların mütləq əksəriyyəti yerli vətəndaşlardır, yəni burada məşğulluq məsələlərinə də diqqət göstərilib", - Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, bir sözlə, uğurlu neft strategiyamız həm 90-cı illər üçün, həm də bu gün üçün çox əhəmiyyətlidir və bizə imkan verdi ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələləri uğurla inkişaf etdirək.

"Əlbəttə, biz bu strategiyanı icra edərkən bir neçə hədəfi qarşımıza qoymuşduq. İlk növbədə, məqsəd Azərbaycanın zəngin neft-qaz potensialını tam şəkildə realizə etmək idi. Digər tərəfdən, neft amilindən istifadə edib qeyri-neft sektorunu inkişaf etdirmək məsələsi gündəlikdə idi və hələ həmin illərdə mən demişdim ki, neft bizim üçün məqsəd deyil, vasitədir. Ölkəmizi inkişaf etdirmək, müasir dövlət yaratmaq üçün vasitədir. Və hesab edirəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edə bilmişik, xüsusilə, Dövlət Neft Fondunun yaradılması bu istiqamətdə atılan çox vacib addım idi. Çünki bu qurumun fəaliyyətə başlaması həm şəffaflığı təmin etdi, həm də bizə imkan verdi ki, neftdən və indi qazdan əldə edilən gəlirlər şəffaf şəkildə qorunsun, saxlanılsın və ölkənin qeyri-neft sektoruna investisiya şəklində qoyulsun. Və biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artırırıq, hazırda bizim valyuta ehtiyatlarımız 40 milyard dolları ötüb və gələcəkdə bu məbləğ daha da böyük olacaq və bu, bizə imkan verir ki, neftdən Azərbaycan iqtisadiyyatının asılılığını maksimum dərəcədə aşağı salaq", - İlham Əliyev çıxışında deyib.

Buna nail olunduğunu deyən dövlət başçısı bildirib ki, çünki bu ilin birinci rübünün iqtisadi göstəriciləri deməyə əsas verir ki, biz bu yolda artıq uğurlara nail olmuşuq, qeyri-neft sənayemiz birinci üç ayda 16 faiz artıb.

"Ölkənin uğurlu inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi bizim prioritetlər sırasında idi. Və beləliklə, bu məqsəd də qarşıya qoyulmuşdu. Digər məqsəd dünya birliyi ilə əlaqələrimizi daha da möhkəmləndirmək, ikitərəfli əsasda dost, tərəfdaş olan ölkələrlə əlaqələrimizi gücləndirmək idi. Burada da neft-qaz amili öz rolunu oynayıb. Bu gün bir neçə ölkənin enerji balansında Azərbaycan neftinin payı 25, 30, 35 faiz təşkil edir. Bu gün biz dostlarımız, avropalı istehlakçılarımız üçün etibarlı tərəfdaş qismində çıxış edirik və bu rol getdikcə artır. Biz, eyni zamanda, neft və qazla zəngin olan hər hansı ölkənin qarşısında duran digər məsələni də icra etdik. Bu da ixrac imkanlarımızın şaxələndirilməsi məsələsidir. Bizim hazırda 7 neft və qaz kəmərimiz var. Biz bütün istiqamətlərə resurslarımızı ixrac edir və bir marşrutdan, bir yoldan asılı deyilik" İlham Əliyev çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, hazırda Avropa istehlakçıları da bu məsələ ilə bağlı müəyyən tədbirlər görürlər.

"Onlar üçün də şaxələndirmə mühüm amildir. Bir mənbədən asılı olmaq əlbəttə ki, bir o qədər də məqbul variant sayıla bilməz. Ancaq biz Azərbaycan olaraq, bu vəzifəni icra etmişik. Ancaq bu gün müxtəlif istiqamətlər üzrə neft və qazımız ixrac edilir. Əlbəttə ki, gələcəkdə tərəfdaşlarla bu sahədə işimizi daha da sürətləndirəcəyik. Neft-qaz sahəsində istehsalçılar, istehlakçılar, tranzit ölkələr bir yerdə olmalıdır. Burada rəqabətə və yaxud qarşıdurmaya yol vermək olmaz. Əksinə, burada maksimum əməkdaşlıq olmalıdır. Çünki əməkdaşlıq olduqda hər 3 tərəf öz mənfəətini götürür. Biz bu fəlsəfə ilə bu məsələyə yanaşırıq. Bütövlükdə, bizim enerji siyasətimiz çox açıqdır və xoşniyyətlidir. Biz hesab edirik ki, enerji siyasəti ölkələri birləşdirməlidir, ölkələri ayırmamalıdır. Enerji amilindən hansısa siyasi məqsədlər üçün istifadə edilməməlidir. Bizim yanaşmamız bundan ibarətdir və bizim üçün dost olan ölkələrin enerji təhlükəsizliyi məsələlərinə də töhfəmiz buna dəlalət edir. Biz bəzi hallarda və bəzi ölkələrin çətinliklərini nəzərə alaraq, onlara yardım etmək üçün öz əlimizi uzatmışıq, həm dostluğumuzu möhkəmləndirmişik, həm də öz iqtisadi, siyasi maraqlarımızı təmin edə bilmişik. Hesab edirəm ki, indiki mərhələdə və gələcək illərdə dünyada enerji siyasətində bu sahədə meyillər güclənərsə, onda bütün bu məsələləri proqnozlaşdırmaq da asan olacaq. Bir sözlə, enerji resursları ölkələri ayırmamalıdır, ölkələri birləşdirməlidir. Hesab edirəm ki, Azərbaycan təcrübəsi bu sahədə çox məqbul ola bilər və öyrənilə bilər.

Eyni zamanda, digər sahədə xarici investorlar, yerli şirkətlər və yerli hakimiyyət orqanları arasında olan əməkdaşlıq baxımından hesab edirəm ki, Azərbaycanda vəziyyət nümunəvidir. Bizim əsas enerji tərəfdaşımız olan BP şirkəti ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq edirik. Bu əməkdaşlıq hər iki tərəfin maraqlarını təmin edir. BP bizim strateji partnyorumuzdur,birinci nömrəli investordur. Həm "Azəri-Çıraq-Günəşli", həm də "Şahdəniz" və digər yataqlarda bizimlə birgə işləyib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərində əsas oyunçudur. Bu 20 ilə yaxın olan əməkdaşlıq sübut edir ki, investorların maraqları, ölkənin və xalqın maraqları üst-üstə düşə bilər. Hesab edirəm ki, bu əməkdaşlıq və təcrübə müəyyən mənada dünyada unikal təcrübədir və bu da öyrənilə bilər. Biz hesab edirik ki, bu sahədə də uğurlu əməkdaşlığa nail ola bilmişik" Prezident qeyd edib.

Dövlət başçısı bildirib ki, Azərbaycan üçün dövlət olaraq, ilk növbədə, ölkənin milli maraqlarıdır.

"Biz artıq zəngin neft yataqlarımızda neft və qaz hasilatına və ixracına nail ola bilmişik. Bu, ölkə iqtisadiyyatına əvəzedilməz bir töhfədir. Təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə o cəsarətli addım atılmasaydı, indi bizim vəziyyətimiz necə olardı. Enerji təhlükəsizliyi enerji müstəqilliyini şərtləndirir. Enerji müstəqilliyi isə bütövlükdə ölkələrin iqtisadi müstəqilliyinə böyük töhfə verir. İqtisadi müstəqillik olmadan siyasi müstəqillikdən söhbət gedə bilməz. Dəfələrlə qeyd etmişəm və bu reallıqdır ki, Azərbaycan bütün sahələrdə müstəqil siyasət aparır. Bizə bu siyasəti aparmağa imkan verən əlbəttə ki, xalqla iqtidar arasındakı birlikdir, eyni zamanda, bizim iqtisadi müstəqilliyimizdir. Biz iqtisadi cəhətdən tam müstəqilik. Biz enerji resurslarının ixracı məsələlərində tam müstəqilik. Çünki qeyd etdiyim kimi, çoxşaxəli neft-qaz kəmərlərimiz var, bir yoldan asılı deyilik. Bu bizə imkan verir ki, siyasi müstəvidə öz siyasətimizi inamla və cəsarətlə aparaq. Keçən il qeyd etdiyimiz müstəqilliyimizin bərpasının 20 illik yubileyində qeyd etdiyim kimi, bu gün Azərbaycanda müstəqillik tamdır, şərtsizdir.
Yenə qayıdıram 1994-cü ilə. Bugünkü günün təməli məhz o vaxt qoyulub. Əlbəttə, biz bu imkanlardan maksimum səmərə ilə istifadə edə bilmişik. Biz elə ölkələr tanıyırıq ki, orada bizdən daha çox neft-qaz yataqları var, resursları var. Ancaq orada iqtisadiyyat birtərəflidir, çoxşaxəli deyil, neftdən, qazdan asılılıq mütləqdir. Amma bizdə belə deyil. Biz hədəf qoymuşuq ki, neft-qaz sadəcə olaraq iqtisadi diversifikasiyanı təmin edən vasitədir və buna nail olmuşuq. Bizim ümumi iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, dünya miqyasında bu templər ən sürətli templərdir. Son 8 il ərzində iqtisadiyyat 3 dəfə artıb, sənaye istehsalı da 3 dəfə artıb, yoxsulluq isə 5 dəfə azalıb. Artıq yoxsullar təbəqəsi Azərbaycanda yavaş-yavaş azalır. Əminəm ki, bir neçə ildən sonra bu böyük bəladan canımızı qurtaracağıq. Bu nəyi göstərir? Bu onu göstərir ki, vaxtı ilə Azərbaycanda iqtisadiyyatın birtərəfli şəkildə inkişafı ilə bağlı verilən bəzi mülahizələr özünü doğrultmadı. Bu onu göstərir ki, vaxtı ilə bizi "holland sindromu" ilə hədələyən bəzi təhlilçilər öz səhvini etiraf etməlidirlər. Çünki biz iqtisadi şaxələndirməyə nail ola bilmişik" İlham Əliyev nitqində söyləyib.

Prezident bildirib ki, neft-qaz sektoru bir o qədər də böyük sayda iş yerlərinin açılmasına gətirib çıxarmır.

"Ancaq Azərbaycanda son 8 il ərzində 1 milyon yeni iş yeri açılıb. Harada? Qeyri-neft sektorunda, kənd təsərrüfatında, xidmət sektorunda. Böyük həcmdə infrastruktur layihələrinə investisiya qoyulub. Bütövlükdə, neft amili ölkəmizə böyük canlanma gətirdi. Yenə də deyirəm, həm resurslar vacibdir, həm də onlardan səmərəli istifadə etmə qaydaları. Hesab edirəm ki, biz Azərbaycan timsalında uğurlu neft siyasətinin təzahürünü görürük və bu siyasət bu gün də davam etdirilir. Və əminəm ki, gələcək illərdə biz yalnız və yalnız inkişaf yolu ilə gedəcəyik. O ki, qaldı bizim gələcək planlarımıza, mən bura daxil olarkən sərgini təşkil edənlərlə qısa söhbət əsnasında qeyd etdim ki, hər il sərgidən sərgiyə Azərbaycanda enerji sektorunda hər hansı çox vacib hadisələr baş verir. Son bir il ərzində, ötən sərgidən keçən dövr ərzində bir neçə vacib hadisə baş verib. Onların içində SOCAR-ın yeni neft-kimya, neftayırma kompleksinin yaradılması layihəsi artıq təqdimat şəklində göstərilib. Bu, böyük layihədir. Ölkə iqtisadiyyatı üçün bundan sonra onilliklər ərzində enerji sahəsində və qeyri-neft sahəsində iqtisadiyyatın inkişafı üçün çox vacib layihədir. SOCAR eyni zamanda xarici bazarlara investisiyaları artırır. İnvestisiya milyardlarla dollar səviyyəsindədir" İlham Əliyev deyib.

Prezident bildirib ki, son iki il ərzində iki böyük qaz yatağının aşkarlanması bizim qaz potensialımızı böyük dərəcədə artıra bilib. "Ümid" və "Abşeron" qaz yataqlarında ilkin hesablamalara görə, 600, bəlkə də 700 milyard kubmetr qaz ehtiyatları var. Beləliklə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.

İlham Əliyev deyib ki, son bir il ərzində Azərbaycanda alternativ və bərpa olunan enerji sektorunda böyük dəyişikliklər baş verib.

"Yeni, ilk olaraq, hibrid tipli külək, Günəş elektrik stansiyasının açılışı olub. Azərbaycanda artıq Günəş panelləri zavodu fəaliyyət göstərir. Mənim göstərişimlə artıq yaxın zamanlarda yüksək texnologiyalar parkının yaradılmasına başlanacaq. Mən çox şadam ki, bu gün bu sərgidə alternativ və bərpa olunan enerjiyə aid stendlər var və bu gün tanış olacağıq. Yəni bu məsuliyyəti öz üzərimizə götürmüşük. Ola bilər ki, neftlə, qazla zəngin ölkələr üçün bu, o qədər də xas deyil. Amma hesab edirəm ki, bu, bizim məsuliyyətimizdir, ətraf mühitə, ətraf mühitin qorunmasına verilən töhfədir. Mən hesab edirəm ki, neftlə, qazla zəngin olan, öz enerji təhlükəsizliyini təmin edə bilən ölkələr ilk növbədə bərpa olunan enerji növlərinə investisiya qoymalıdırlar. Yəni biz bunu məcburən qoymuruq. Biz bunsuz yaşaya bilərik və qeyd etdim ki, bizim qaz yataqlarımız bundan sonra 100 il bizə xidmət edəcək. Neft resurslarımız bəlkə də 50 ildən çox. Çünki "Azəri-Çıraq-Günəşli" yatağında daha çox neft ehtiyatları var. Ancaq biz bu addımları atırıq, ilk növbədə ona görə ki, hesab edirik ki, biz bunu etməliyik. Digər tərəfdən, bərpa olunan enerjinin enerji balansında payı artarsa, əlbəttə ki, ənənəvi enerji növlərinə qənaət ediləcək və daha çox iqtisadi səmərə görəcəyik. Ekoloji tədbirlərin gücləndirilməsi üçün bu addımların böyük əhəmiyyəti var" Prezident bildirib.

Qaz sahəsində gələcək planlar barədə danışan Prezident bildirib ki, Azərbaycan bu sahədə həlledici məqama gəlib çatıb.

"Bu gün, əlbəttə, Azərbaycanın qaz imkanları artıq dünyaya təqdim edilib. Biz müxtəlif istiqamətlər üzrə qaz resurslarımızı çatdırırıq. Dörd qaz kəmərimiz var, dördü də işlək vəziyyətdədir. Ancaq biz "Şahdəniz-2" layihəsinin işlənməsinə yaxınlaşırıq. Eyni zamanda, "Ümid", "Abşeron" və digər yataqlardan çıxarıla biləcək qaz ehtiyatlarını nəzərə almalıyıq və uzunmüddətli qaz strategiyamızı indi hazırlayırıq. Bu strategiya demək olar ki, hazırdır. Burada əlbəttə ki, qarşılıqlı inam və qarşılıqlı maraqlar ön plana çıxır. Çünki bir də demək istəyirəm ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib. Ölkə qarşısında duran bütün vəzifələr icra edilib və əgər biz bu səviyyədə qalsaq, indiki neftin və qazın hasilatını saxlasaq - və buna imkan var - biz uğurla bundan onilliklər sonra da inkişaf edəcəyik, yəni bir tərəfdən, əlavə hansısa təşəbbüslərə bəlkə də ehtiyac yoxdur, ancaq digər tərəfdən, biz bölgədə - Cənubi Qafqazda aparıcı ölkəyik. Cənubi Qafqazın iqtisadiyyatının 80 faizi Azərbaycan iqtisadiyyatının payına düşür. Belə olan halda, biz 10 ilə, 20 ilə, 30 ilə qabağa baxmalıyıq. Elə etməliyik ki, bizim qaz ehtiyatlarımız maksimum şəkildə realizə edilsin və beləliklə, uzunmüddətli qaz strategiyamız buna yönəlib. Hesab edirəm ki, əgər bu sahədə investorlar, hasilatçılar, tranzit ölkələr, istehsalçılar arasında əməkdaşlıq, işbirliyi olarsa, bu məsələlər də lazımi səviyyədə öz həllini tapa bilər. Ötən ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində, qaz sahəsində bəyannamə imzalanıb, işçi qrupu yaradılıb. İşçi qrupu işləyir və biz bu işçi qrupunun işinin nəticələrini gözləyirik. Bir daha demək istəyirəm ki, Azərbaycan neft-qaz sahəsində xoşniyyətli, xoşməramlı siyasət aparır. Bu siyasət əməkdaşlığa yönəlib. Bu siyasət qarşılıqlı maraqların nəzərə alınmasına yönəlib. Nəticə etibarilə bu siyasət hər bir tərəfin marağına xidmət edir. Sərginin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm. Onların fəaliyyəti ölkəmiz üçün çox vacibdir. Bir daha demək istəyirəm ki, həm 90-cı illərin əvvəllərində, həm də bu gün Azərbaycana maraq daha da böyükdür. Nəinki neft-qaz, eləcə də bütün başqa sahələrə. Azərbaycan həmişə olduğu kimi əməkdaşlığa hazırdır" Prezident çıxışının sonunda deyib.

Foto: AzərTAc

Xəbər lenti

Xəbər lenti