...

"Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yeni prezidenti seçilib (FOTO)

Siyasət Materials 8 İyun 2012 06:17 (UTC +04:00)
Cümə axşamı İsrailin Tel-Əviv şəhərində “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçirilib.
"Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yeni prezidenti seçilib (FOTO)

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Cümə axşamı İsrailin Tel-Əviv şəhərində "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, qurultayin işində Komitənin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları Asim Mollazadə, Yevda Abramov və Fərəc Quliyev iştirak etmişlər. Qurultayda İsrail dövlətinin baş nazirinin müavini, xarici işlər naziri Aviqdor Liberman, Absorbsiya naziri xanım Sofa Landver, turizm naziri Stas Misejnikov, "Bizim Evimiz İsraildir" partiyasının Baş katibi xanım Faina Kirşenbaum, Knessetin Təhsil, Mədəniyyət və İdman komissiyasının sədri Aleks Miller, İsrailin Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İosif Şaqal, Knessetin deputatları Orit Zuareç, Nino Abesadze iştirak etmişlər. Qurultaya Rusiya yəhudi Konqresinin vitse-prezidenti German Zakaryayevin rəhbərlik etdiyi nümayəndə heyəti, diaspor təşkilatlarının və İsrail dövlətinin kütləvi informasiya vasitələrinin nümayəndələri də qatılmışlar.

Qurultayın Mandat Komissiyasının sədri Yuriy Boçarov qurultayın işində İsrailin 18 şəhərindən 159 nümayəndənin iştirak etdiyini qeyd edərək "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının II Qurultayının işə başlamaq üçün səlahiyyətli olduğunu bildirmişdir.

Qurultayda Avrasiya rusdilli yəhudilər icmasının nümayəndəsi Şimon Briman, Amerika Dağ Yəhudiləri İcmasının rəhbəri Norbert Yevdayev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yevda Abramov, İsrail Dövlətinin Belarus Respublikasındakı səfiri, "Azİz" Beynəlxalq Assosiasiyasının ilk rəhbəri İosif Şaqal, İsrailin Absorbsiya naziri xanım Sofa Landver, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asim Mollazadə, Rusiya yəhudi Konqresinin vitse-prezidenti German Zakaryayev çıxış edərək qurultay iştirakçılarını təbrik etmiş, toplantının işinə uğurlar arzulamışlar.

İsrail dövlətinin xarici işlər naziri Aviqdor Liberman "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının fəaliyyətini İsrail dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafına öz töhfəsini verdiyini bildirmişdir. Bir müddət əvvəl Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşünü xatırlayan Aviqdor Liberman iki ölkə arasındakı münasibətlərə Azərbaycanın dövlət başçısının önəmli dəstəyini xüsusi vurğulamışdır. A.Liberman yəhudi xalqının minilliklər ərzində müxtəlif ölkələrə səpələndiyini, və onlara qarşı münasibətin heç də həmişə humanist olmadığını söyləmiş, Azərbaycanda isə yəhudilərə daima dost və qardaş münasibəti bəsləndiyini vurğulamışdır. Azərbaycanla İsrail dövləti arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən A.Liberman hər iki ölkənin mürəkkəb regionda yerləşdiyini, dözümlülük və sağlam düşüncə prinsiplərini rəhbər tutaraq siyasət yürütdüklərini vurğulamışdır. A.Liberman "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının fəaliyyətini bir daha yüksək dəyərləndirərək qurultayın işinə uğurlar arzulamışdır.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yarandığı vaxtdan ötən 5 il ərzində özünü doğrultduğunu qeyd etmişdir. O "Azİz" Beynəlxalq Assosiasiyasının İsrailin Azərbaycanla əlaqələrinin genişləndirilməsi işinə töhfə verdiyini bildirmiş, onun Azərbaycanın siyasi və geosiyasi vəziyyəti, Azərbaycan xalqının mədəniyyəti və ənənələri, onun əldə etdiyi nailiyyətlər haqqında İsrail vətəndaşlarını ətraflı məlumatlandırmasında böyük xidmətləri olduğunu vurğulamışdır. O 2011-ci il iyulun 5-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının əsasını qoyan və onun ilk prezidenti, hazırda isə İsrail dövlətinin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri olan İosif Şaqala Xalqlar Dostluğu Ordeni təqdim etməsinin təsadüfi olmadığını bildirmişdir. "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının fəaliyyətinin İsrail mətbuatında mütəmadi şəkildə işıqlandırılmasının mühüm əhəmiyyət kəsb etdiyini söyləyən Dövlət Komitəsinin sədri Nazim İbrahimov dərc olunmuş həmin materialların sayəsində Azərbaycan Respublikasının tarixi, mədəniyyəti, siyasəti və qarşısına qoyduğu məqsədlərin ictimaiyyət üçün açıqlandığını vurğulamışdır. Azərbaycan Respublikasının Diasporla əlaqələrinin əsasının 1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən Nazim İbrahimov diaspor təşkilatlarının fəaliyyətinə böyük ümidlər olduğunu və həmin ümidlərin özünü doğrultduğunu bildirmişdir. Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı sayəsində hazırda Azərbaycan diasporunun öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayının 450-ə çatdığını qeyd edən Nazim İbrahimov "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının onların arasında xüsusi yeri olduğunu bildirmişdir. Dövlət Komitəsinin sədri "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının İsrail dövlətinin sosial-siyasi, dövlət və iqtisadi həyatında daha yüksək pillə tutması üçün lazımi potensiala malik olduğunu qeyd edərək "Azİz"-in qurultayda seçiləcək yeni sədrinin təşkilat qarşısında dayanan bu vəzifələrə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyinə əmin olduğunu bildirmiş, və qurultayın işinə uğurlar arzulamışdır.

Natiqlərin çıxışlarından sonra "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının nizamnaməsinə əlavə və dəyişikliklər edilərək qəbul olundu. Daha sonra Qurultay qəbul qətnaməsi olunmuş, yeni idarə heyəti seçilmişdir. Knessetin Təhsil, Mədəniyyət və İdman komissiyasının sədri Aleks Miller "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yeni prezidenti seçilmişdir.

"Azİz" Azərbaycan İsrail Beynəlxalq Assosiasiyasının yeni seçilmiş prezidenti Aleks Miller çıxış edərək qurultay nümayəndələrinə ona göstərilən etimada görə təşəkkürünü bildirmiş və "Azİz" Beynəlxalq Assosiasiyasının daha da inkişaf etməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Xəbər lenti

Xəbər lenti