...

Elmar Məmmədyarov Niderlandda bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 11 İyun 2012 19:29 (UTC +04:00)
Niderland Krallığında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi bu ölkənin Baş nazirinin müavini, eyni zamanda, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenlə görüşüb.
Elmar Məmmədyarov Niderlandda bir sıra görüşlər keçirib (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Niderland Krallığında rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi bu ölkənin Baş nazirinin müavini, eyni zamanda, iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenlə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmiz haqqında ümumi məlumat verən Məmmədyarov, Azərbaycanın regional layihələrin aktiv iştirakçısına çevrildiyini və dinamik inkişafına görə regionun lider dövləti olduğunu bildirib. Nazir iki ölkə arasında enerji, qeyri-neft sektoru, alternativ və bərpa olunan enerji, fövqəladə halların, xüsusən də daşqınlar və təbii fəlakətlərin qarşısının alınması sahəsində əməkdaşlığın inkişafının vacibliyini bildirib. Həmçinin, Azərbaycanın kənd təsərrüfatı, innovasiya texnologiyalarının tətbiqi, nəqliyyat infrastrukturun təkmilləşməsi, su idarəçiliyi, kanal təsərrüfatı və digər sahələrə əməkdaşlığa böyük önəm verdiyini deyən Məmmədyarov, Niderland şirkətlərini bu sahədə işbirliyinə çağırıb.

Xarici işlər naziri fürsətdən istifadə edərək Verhageni Azərbaycana işgüzar səfərə dəvət edib və səfər çərçivəsində Azərbaycan və Niderlandın işgüzar dairələri arasında biznes forumun təşkil olunması təklifini irəli sürüb.

Dəvətini böyük məmnuniyyətlə qəbul edən Maksim Verhagen Azərbaycana xüsusi rəğbətlə yanaşdığını, ölkənin dinamik inkişafından təəssüratlandığını bildirib. Verhagen beynəlxalq aləmdə Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyini, Niderlandın Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu bildirərək, gələcəkdə qeyd olunan sahələrdə əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.

Məmmədyarovun Niderland Krallığına səfərinin ölkələr arasındakı əməkdaşlığın inkişafına təkan verəcəyinə, əlaqələrin daha da sürətlənəcəyinə ümid etdiyini bildirən Baş nazirin müavini Azərbaycana səfəri çərçivəsində biznes forumun keçirilməsinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına töhfə verəcəyini bildirib.

Görüşdə səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi ifadə olunub.

Niderlanda rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Niderland Parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri xanım Nebahat Albayrak və Komissiyanın üzvləri De Roon, Ormel və Ten Broeke ilə görüş keçirib.

Məmmədyarov Azərbaycanın iki ölkənin parlamentləri arasında əlaqələrin genişlənməsində maraqlı olduğunu, bu yaxınlarda Azərbaycan Milli Məclisində Niderland-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni tərkibinin təsdiq edildiyini və bu müstəvidə gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini vurğulayıb və Niderland parlament nümayəndələrini AŞPA çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə daha sıx əməkdaşlığa çağırıb.

Görüşdə həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan nazir, bu münaqişənin doğurduğu nəticələr, torpaqlarımızın 20 faizinin hələ də işğal altında qalması barədə deputatlara geniş məlumat verib və Azərbaycanın davamlı şəkildə ərazi bütövlüyünün bərpa edilməsinin onun haqq işi olduğunu bildirib.

Xanım Nebahat Albayrak Məmmədyarovun Niderland Krallığına ilk səfəri çərçivəsində Niderland Parlamentində görüş keçirdiyi üçün minnətdarlığını bildirib. Parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu təsdiq olunaraq gələcəkdə bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Deputatlar Azərbaycanda iqtisadi inkişafın müşahidə olunduğunu qeyd ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-də fəaliyyəti ilə bağlı deputatların suallarını cavablandırıb və Yaxın Şərqdə gedən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

İyunun 11-də Niderland Krallığının xarici işlər naziri Uri Rosental Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Niderland Krallığına rəsmi səfəri ilə əlaqədar, hökumətin xüsusi qonaq rezidensiyası olan "Johan de Witthuis" sarayında işgüzar nahar ziyafəti verib.

Nahar zamanı Məmmədyarov Azərbaycanın surətli iqtisadi inkişafı, enerji təhlükəsizliyi üzrə Avropanın etibarlı tərəfdaşı olduğunu qeyd edərək, Azərbaycanla Niderland arasında siyasi dialoqun daha da intensivləşdirilməsinin vacibliyini bildirib. Regional təhlükəsizlik məsələsinə toxunan nazir, Ermənistanın tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğal edildiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin yürüdüldüyünü, münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının və müxtəlif beynəlxalq təşkilatların qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edərək, Azərbaycanın münaqişəni beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq həllinin tərəfdarı olduğunu bildirib.

Rozental Azərbaycanın Niderland cəmiyyətində daim müsbət qarşılandığını, ölkənin adının dünya aləmində yalnız nailiyyətlərlə çəkildiyini, "Eurovision 2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanın Niderlandda təşkil olunan "Floriade 2012" beynəlxalq sərgisində müvəffəqiyyətlə təmsil olunması ilə yanaşı, Azərbaycanın sürətli iqtisadi inkişafını, regionda xüsusi əhəmiyyətə malik olduğunu, enerji təhlükəsizliyində Avropanın etibarlı tərəfdaşı olduğunu, Niderlandın Azərbaycanla daha intensiv siyasi dialoqda maraqlı olduğu bildirib.

Ziyafət zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, Azərbaycanla Niderland arasında perspektivlər müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti