...

Səudiyyə Ərəbistanı XİN: Azərbaycan Qərb və Şərq arasında körpü rolunu oynayır

Siyasət Materials 14 İyun 2012 16:35 (UTC +04:00)
Qərb və Şərq arasında körpü olan Azərbaycan beynəlxalq arenada çox vacib rol oynayır və gələcəkdə bu rolunu davam etdirəcək.
Səudiyyə Ərəbistanı XİN: Azərbaycan Qərb və Şərq arasında körpü rolunu oynayır

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Tağıyeva/

Qərb və Şərq arasında körpü olan Azərbaycan beynəlxalq arenada çox vacib rol oynayır və gələcəkdə bu rolunu davam etdirəcək. Bu barədə cümə axşamı Trend-ə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini şahzadə Xalid bin Səud bin Xalid bildirib.

"Azərbaycan yüksək templə inkişaf edən ölkədir və bu bizi sevindirir. Qərb və Şərq arasında körpüyə çevrilən Bakı beynəlxalq arenada və regionda vacib rol oynayır və oynamağa davam edəcək", - bin Səud deyib.

Azərbaycan və Səudiyyə Ərəbistanı münasibətlərinə toxunan nazir müavini qeyd edib ki, bu münasibətlər inkişaf edib və çox şey vəd edir.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlər Azərbaycan müstəqillik əldə etdikdən sonra inkişaf etməyə başlayıb və Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

"Azərbaycan Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdül Əziz arasında dostluq münasibətlərinin möhkəm əsası var. Bu münasibətlər iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsir edib", - şahzadə deyib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Azərbaycan ticarətin inkişafı və siyasi məslətləşmələr sahəsində bir neçə saziş bağlayıblar. Bu yaxınlarda investisiyaların genişləndirilməsi və qorunması haqqında saziş imzalanıb ki, bu da ölkələr arasında investisiyaların artmasına və investisiya yatırmaq şərtlərini sadələşdirməyə imkan verəcək.

Səudiyyə Ərəbistanının Asiya ölkələrindəki səfirlərinin yığıncağının keçirilməsi məsələsinə toxunan nazir müavini vurğulayıb ki, ər-Riyad yığıncağın məhz Azərbaycanda keçirilməsini təsadüfən seçməyib. Azərbaycan regionun vacib ölkəsinə çevrilib. Azərbaycanda Səudiyyə Ərəbistanının səfirləri daha səmərəli iş görmək üçün danışıqlar apara və bəzi məsələləri müzakirə edə bildilər.

"Səudiyyə Ərəbistanı səfirlərinin yığıncağının Azərbaycanda keçirilməsi bir daha təsdiq edir ki, iki ölkənin münasibətləri inkişaf edib və ər-Riyad regionda Azərbaycanı əsas tərəfdaşı hesab edir", - şahzadə bildirib.

Qeyd edək ki, bazar ertəsi Azərbaycanda Səudiyyə Ərəbistanının Asiya ölkələrindəki səfirlərinin növbəti yığıncağı keçirilib. Yığıncaqda Səudiyyə Ərəbistanının Asiyadakı onlarla səfiri iştirak edib. Yığıncaq çərşənbə günü başa çatıb.

Xəbər lenti

Xəbər lenti