...

XXI əsrdə azərbaycançılıq ideyası kreativ insanlar milləti kontekstində - I HİSSƏ

Siyasət Materials 20 İyun 2012 13:33 (UTC +04:00)
AzərTAc akademik Ramiz Mehdiyevin çapa hazırlanan kitabından bir fəsli oxuculara təqdim edir.
XXI əsrdə azərbaycançılıq ideyası kreativ insanlar milləti kontekstində - I HİSSƏ

Azərbaycan, Bakı, 20 iyun /Trend/

AzərTAc akademik Ramiz Mehdiyevin çapa hazırlanan kitabından bir fəsli oxuculara təqdim edir.

XX yüzilliyin sonunda Azərbaycan ikinci dəfə dövlət müstəqilliyi qazanmışdır. Azərbaycan xalqı öz taleyini müstəqil müəyyən etmək, müstəqil dövlətçilik ideyalarını həyata keçirmək, özünün müstəqil gələcəyi barədə amallarla yaşamaq imkanı əldə etmişdir.

Biz ölkəmizin bir siyasi-iqtisadi sistemdən digərinə transformasiyasının başlanmasından iyirmi il sonra deyə bilərik ki, dövlətçiliyimiz bəzən çox ciddi sınaqlara, hətta dövlət çevrilişi cəhdlərinə məruz qalmış olsa da, bütövlükdə inkişaf yüksələn xətt üzrə getmişdir. Biz gələcəyimizi müəyyən edərək məqsədyönlü şəkildə irəliyə doğru hərəkət etmişik. Götürülmüş fəaliyyət xətti təkcə bir siyasi-iqtisadi strukturdan digərinə keçid istəyinin rəmzi olmayıb, həm də moderndən postmodernə, sənaye dünyasından postsənaye dünyasına transformasiya arzusunun təcəssümü idi. Şübhəsiz, zəruri inkişaf nöqtəsinə çatmaq üçün biz hələ çox iş görməliyik: inkişaf vektorunu təkmilləşdirmək, iqtisadiyyatı neft ixracından asılılıqdan azad etmək və biliklər iqtisadiyyatının, elm tutumlu istehsalatların, yüksək texnologiyaların və innovasiya sahələrinin yaradılmasına keçmək lazımdır. Bu gün Azərbaycan inkişafın məqsədlərini müəyyənləşdirərək, hansı istiqamətdə hərəkət etməyimizi və sonrakı nəsillər üçün necə gələcək yaratmaq niyyətində olduğumuzu dəqiq başa düşərək intensiv şəkildə irəliləyir. Keçən əsrin 90-cı illərində Heydər Əliyevin etdiyi seçim müasir Azərbaycanın siyasi, iqtisadi və sosiomədəni sahələrdə inkişaf imkanlarını müəyyənləşdirmişdir. Aşkar olmuşdur ki, güclü, effektiv dövlət qurmaq, zamanın axarından geri qalmamaq üçün siyasi və iqtisadi transformasiya, yeni intellektual sinfin formalaşması, innovasiyalar, cəmiyyətin səfərbər edilməsi zəruridir. Bu halda Azərbaycan modernləşmə sıçrayışı, iqtisadi sıçrayış edir, Ermənistan tərəfindən ərazimizin iyirmi faizinin işğal edilməsi səbəbindən onunla müharibə vəziyyəti şəraitində yeni, demokratik siyasi təsisatlar təşəkkül tapır.

Buna görə də hansı sosial-iqtisadi model yaratmaq istəməyimiz, insan potensialımızdan necə istifadə etməyi planlaşdırmağımız və bunun nəticəsi kimi yaxın 30-40 ildə hansı zirvələrə çata biləcəyimiz bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlar xəyal deyil, milli tariximizə, mənəvi, insan və intellektual resurslarımıza və millətin potensialına layiq inkişaf səviyyəsinə necə çatmağı başa düşmək kimi güclü arzudur.

Bununla bərabər, 2004-cü ildən başlayaraq Azərbaycanı xarakterizə edən inkişaf tempini qoruyub saxlaya bilməyimiz çox vacibdir. Bu gün intensiv yeniləşmə, modernləşmə və yeni intellektual sinfin formalaşması üçün həmişəkindən daha çox imkan vardır. Buna görə də qlobal qeyri-sabitlik və idarə edilən xaos yaratmaq barədə müxtəlif ssenarilərin reallaşması şəraitində Azərbaycanın gələcəyi təkcə aktual məsələ deyil, həm də elə bir məsələdir ki, onu müasir gənc nəsil - fəal, əzmkar, güclü və səmərəli dövlətçilik qurmağa tam hazır olan gənclər həll etməlidirlər. Bu nəsil yeni intellektual sinfin nümayəndəsi, müasir Azərbaycanın insan potensialının yeni klasteri kimi postmodern dəyərlərini formalaşdıracaqdır. Ona görə ki, XXI əsrin postsənaye cəmiyyəti kontekstində modernləşmə ideyası zamanın çağırışına çevrilir.

* * *

Yeni yüzilliyin birinci onilliyi dünyada xalqların həyatının bütün sahələrini əhatə edən ciddi transformasiyalara dəlalət edir. Cəmiyyətlərin formalaşması problemlərinin həllində əvvəlki yanaşmaların potensialı artıq tükənmişdir. İndi güclü inkişafa stimul yaradan yeni innovasiyalı metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər millətlərdən mütəşəkkillik, intizam və salamat qalmaq, dövlətin rəqabət qabiliyyətini təmin edə biləcək yeni sosial-iqtisadi forma və dəyərlər yaratmaq üçün səmərəli yollar axtarmağı tələb edir. Bu hədəflərə nail olmağın lokomotivi qismində millət özü çıxış edir, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyətləri yeni dəyişikliklərə müvafiq olaraq təkmilləşdirilməlidir.

Azərbaycan bəşər tarixində müasir mərhələnin tələb etdiyi vəzifələrin həyata keçirilməsi üçün nadir imkanlara malikdir. Azərbaycan milləti insan resurslarına və təbii resurslara, yaradılmış sosial-iqtisadi və mənəvi bazaya, təbii-coğrafi şəraitə güvənməklə yeni eranın ruhuna müvafiq cəmiyyət formalaşdırmağa qadirdir. Bu erada bir dövlət deyil, bir sıra dövlətlər hökmranlıq edəcək və cazibə mərkəzi tədricən Qərbdən Şərqə doğru dəyişəcəkdir. Azərbaycanın dəyəri və bənzərsizliyi ondan ibarətdir ki, o, Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşir, buna görə də o, milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən öz xeyrinə bacarıqla istifadə etməlidir.

Sağlam düşüncəli hər bir şəxsiyyətin həyatda öz məqsədləri olur, o, özünün həyat strategiyasına can atır. Bu sözlər bütövlükdə millətə də aiddir. Hər bir millətin öz milli strategiyası vardır (hər halda, olmalıdır), amma bu, heç də o demək deyildir ki, bütün millətlər həmin strategiyanı yaratmaq iqtidarındadır. Lakin çalışırlar. Konkret məsələlərin həllinə yönəlmiş milli strategiya millətin gücüdür. Milli strategiyanın həyata keçirilməsi hər bir millətin siyasi elitasının gündəlik qayğısıdır, onun üçün bir növ şüuraltı, təbii, şübhə doğurmayan məsələdir. Belə ki, Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmlənməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmişdir. Bu halda yadda saxlanması zəruri olan ən başlıca məsələ budur: Azərbaycan ərazisinin nisbətən kiçik ölçülərini və əhalisinin sayının az olmasını (Rusiya və İranla müqayisədə) keyfiyyət və texnologiya baxımından üstünlüyə nail olmaqla kompensasiya etməlidir.

Bu strateji hədəfə nail olmaq o şərtlə mümkündür ki, Azərbaycan cəmiyyətinin hər bir üzvü müasir inkişafın meyillərini və yollarını dərk etməyə çalışsın, özü tərəqqiyə nail olmaq istəsin. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək qabiliyyətini inkişaf etdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir.

Bununla bərabər, "Qızıl milyard" dövlətlərinin təcrübəsi göstərir ki, ölkənin innovasiyalı modernləşməsi məsələlərinin həllinin, müasir cəmiyyət quruculuğunun daha bir mühüm amili sosialyönümlü liberal iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatlandırıcı və istiqamətləndirici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuz ola bilər.
1993-cü ilin ortalarından başlayaraq Azərbaycan öz strateji seçimini etmişdir. O, dünya birliyinə inteqrasiya edən, demokratik əsaslara sadiq olan müasir dünyəvi ölkə kimi inkişaf etməyə başlamışdır. Siyasi modernləşmə sahəsində artıq ilk addımlar iqtisadiyyatın güclənməsinə təkan vermiş, bu isə yığılıb qalmış sosial problemlərin tədricən həll edilməsinə gətirib çıxarmışdır. Hakimiyyət özü üçün müəyyən etmişdir ki, o, öz səylərini inkişafın yeni vasitələrinin axtarışına yönəltməlidir, çünki milli təhlükəsizliyin möhkəmlənməsi sahəsində uğurlar çox cəhətdən iqtisadiyyatın inkişafı, sosiumun mənəvi və intellektual vəziyyəti ilə şərtlənir.

Bir sıra dövlətlərin təcrübəsi göstərir ki, ölkədə daxili siyasi və iqtisadi sabitlik artdıqca ayrı-ayrı dəyərləri müasir şəraitə uyğunlaşdırılan keçmişin yenidən dərk edilməsinə köklənmiş cəmiyyətin gələcək inkişaf meyillərinə cavab verən dəyərlərə tələbat yaranır.

1998-ci ildə Heydər Əliyevin prezidentliyinin ikinci dövrünün başlanğıcında Azərbaycan cəmiyyəti hərc-mərclik və özbaşınalıq vəziyyətini arxada qoyaraq özündə yeni dəyərlərə meyil hiss etmiş, yeni inkişaf ideologiyası bu dəyərlərin ifadəsi olmuşdur. Yeni şəraitdə milli dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazasına və kollektivlik mənlik şüuruna zərurət yaranmışdır. Milli identikliyin inkişafı ilə yanaşı, cəmiyyət ölkənin rəqabət qabiliyyətini təmin edə biləcək yeni inkişaf mənbələrinə müraciət etməyə başlamış, qloballaşma proseslərinin hələ heçə endirmədiyi dəyərlər qorunub saxlanmışdır.

Bu baxımdan, 2003-cü ilin prezident seçkiləri dönüş anı oldu. O dövrdən başlayaraq Prezident İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam etdirərək, yaradılmış sosial-iqtisadi bazaya güvənərək və zamanın çağırışlarına uyğun olaraq yeni dövləti vəzifələr həyata keçirməyə başlamışdır: sənaye cəmiyyətinin tələblərindən irəli gələn problemləri sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçmək lazım idi. Prezident bilirdi ki, qarşıya qoyulmuş məqsədə nail olmağın zəruri şərti cəmiyyət həyatının bütün sahələrini əhatə etməli olan yenilənmədir.

İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlanır. Prezident İlham Əliyev öz vəzifəsinin icrasına başlayaraq "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında" (noyabr 2003-cü il), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" (fevral 2004-cü il) ilk fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Deyə bilərik ki, Azərbaycanın inkişafı problemlərinin yeni, innovasiyalı dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün cəhətlərinin modernləşdirilməsi prioritetə çevrilir.

Ardı var

Xəbər lenti

Xəbər lenti