...

Baş nazirin müavini Qərb və Avropanı Ermənistan rəhbərlərinə qarşı sanksiyalar qəbul etməyə çağırıb

Siyasət Materials 20 İyun 2012 17:20 (UTC +04:00)
Trend-in məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan hökuməti ilə birgə təşkil olunmuş tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, BMT Baş Assambleyasının 20 iyun tarixini Qaçqınlar Günü elan etməsində məqsəd bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Baş nazirin müavini Qərb və Avropanı Ermənistan rəhbərlərinə qarşı sanksiyalar qəbul etməyə çağırıb

Azərbaycan, Bakı, 20 iyun /Trend müxbir M.Əliyev/

Bu gün Bakıda 20 İyun - Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Azərbaycan hökuməti ilə birgə təşkil olunmuş tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, BMT Baş Assambleyasının 20 iyun tarixini Qaçqınlar Günü elan etməsində məqsəd bu problemi dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Qaçqın problemini dünyanın ən ağrılı problemlərindən biri hesab edən Həsənov, münaqişə zonalarının və onun qurbanlarının sayının ilbəil artmasından təəssüfləndiyini bildirib.

O qeyd edib ki, bu gün dünyada 42 milyondan artıq qaçqın və məcburi köçkün var. Onlardan 15,2 milyonu qaçqın, 26,4 milyonu məcburi köçkün, 895 min nəfəri isə sığınacaq axtaranlardır.

Həsənovun sözlərinə görə, beynəxalq aləmdə məcburi köçkünlərin statusunu müəyyənləşdirən qaydalar, konvensiyalar yoxdur.

"Hesab edirik ki, məcburi köçkünlərin statusu, onların hüququnu müəyyənləşdirən qaydaların qəbul edilməsi vaxtı yetişib", - o deyib.

Baş nazirin müavini Qərb və Avropanı Ermənistanın hazırkı və bundan əvvəlki dövlət rəhbərlərinə qarşı müvafiq sanksiyalar qəbul etməyə çağırıb.

"Köçəryan və Sarkisyan Azərbaycan toprpaqlarının işğalına, Xocalı soyqırımının törədilməsinə, insanların deportasiyasına rəhbərlik ediblər. Bu insanlara qarşı niyə sanksiyalar tətbiq olunmur?" - o deyib.

Hazırda Azərbaycanda 40-a yaxın beynəlxalq humanitar təşkilat, 60-a yaxın yerli QHT qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olur.

Həsənov deyib ki, işğalçılıq siyasətinin əsas əziyyətini Ermənistan çəkir.

"Ermənistanda aclıq, səfalət hökm sürür, insanlar ölkəni tərk edir. Bu gün Ermənistan ərazisi heç kimə lazım deyil. Azərbaycan isə strateji baxımdan bu gün Rusiyaya da, ABŞ-a da, Avropaya da lazımdır", - o deyib.

Tədbirdə BMT-nin xoşməramlı səfiri, aktrisa Ancelina Colinin videomüraciəti nümayiş etdirilib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Daq Siqurdson bildirib ki, ötən 20 ildə Azərbaycan hökuməti məcburi köçkünlərin probleminin həlli istiqamətində müəyyən işlər həyata keçirib. Bunun nəticəsində çadır şəhərcikləri ləğv olunsa da, 400 mindən artıq məcburi köçkün çətin şəraitdə yaşayır. Bu gün Azərbaycanda BMT QAK-dan yardım alanların sayı 1800-ə enib.

Tədbir çərçivəsində Azərbaycanda yaşayan qaçqınların əl işlərindən ibarət satış sərgisi təşkil olunub.

Xəbər lenti

Xəbər lenti