...

Pakistanda Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli mərasim keçirilib (FOTO)

Siyasət Materials 23 İyun 2012 13:39 (UTC +04:00)
İslamabadda 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli mərasim keçirilib.
Pakistanda Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli mərasim keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

İslamabadda 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, tədbirdə Pakistan Quru Qoşunları komandanının müavini, 10-cu korpusun komandanı general-polkovnik Xalid Navaz Xan, Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin komandanlarının müavinləri, Pakistan Silahlı Qüvvələrinin generallar və admiralları, digər yüksəkrütbəli zabitləri, Pakistan Senatının Xarici əlaqələr və İnformasiya komitələrinin sədrləri, senatorlar, Milli Assambleyanın deputatları, İslamabad şəhər İcra Hakimiyyətinin başçısı, Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, jurnalistlər, xarici ölkələrin Pakistandakı səfirləri, hərbi attaşelər, diplomatlar və Pakistanda yaşayan azərbaycanlılar iştirak ediblər.

Tədbirin keçirildiyi salonda Silahlı Qüvvələrin yaranması və inkişafı haqqında materiallar yerləşdirilib, 2011-ci ildə keçirilmiş hərbi paradı əks etdirən videoçarx nümayiş etdirilib, milli musiqi nümunələri səsləndirilib.

Səfir Daşqın Şikarov iki ölkə arasında dostluq münasibətlərindən danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda həyata keçirilən humanitar layihələrdən, iki qardaş ölkənin silahlı qüvvələri arasında əməkdaşlıqdan bəhs edib.

Tədbirə qatılmış Pakistan ordusu komandanının müavini general-polkovnik Xalid Navaz Xan Pakistan-Azərbaycan münasibətlərinin qədim tarixi bağlılığından danışıb, xalqlarımız və dövlətlərimiz arasında səmimiyyət üzərində qurulmuş əlaqələrdən söhbət açıb. O, ölkələrimizin silahlı qüvvələri arasında əlaqələrdən, əməkdaşlığın mövcud hüquqi bazasından, iki ölkənin silahlı qüvvələrinin yüksəkrütbəli nümayəndələrinin qarşılıqlı səfərlərindən danışıb. Pakistanlı general ölkəsinin Azərbaycanı Dağlığ-Qarabağ məsələsində tam dəstəklədiyini, Ermənistanı işğalçı siyasət yeritdiyinə görə bir ölkə kimi tanımadığını vurğulayıb.

Təntənəli mərasimdə qonaqlara müraciət edən Azərbaycanın Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Daşdəmir Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, gündən-günə artan qüdrətindən məlumatlar verib.

Silahlı Qüvvələr münasibətilə Pakistanda keçirilmş tədbir ölkənin nüfuzlu qəzetləri olan "Navai Vakt", "Pakistan Observer", "The Nation" qəzetlərində, "Cenreline" jurnalında, PTV, DRY News, CNBC kanallarda işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti