...

Brüsseldə Aİ-Azərbaycan əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Siyasət Materials 23 İyun 2012 17:20 (UTC +04:00)
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin (PƏK) növbəti XII iclası keçirilib.
Brüsseldə Aİ-Azərbaycan əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir M.Əliyev/

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin (PƏK) növbəti XII iclası keçirilib.

Milli Məclisdən şənbə günü Trend-ə verilən məlumata görə, iclasda Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin bugünkü durumu, siyasi, iqtisadi inkişaf prosesləri, ətraf mühit, daha geniş Qara dəniz regionunda əməkdaşlıq çərçivəsində ölkəmizin rolu, Avropaya inteqrasiya məsələlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Avropa Parlamentinin binasında keçirilən tədbirdə Milli Məclis sədrinin müavini, PƏK-in həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti və Avropa Parlamentinin deputatı, PƏK-in həmsədri Milan Kabrnoxun rəhbərliyi ilə Avropa Parlamentinin nümayəndə heyəti iştirak edib.

İclasda Azərbaycan hökumətini xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Sahil Babayev və ölkəmizin Avropa İttifaqı yanındakı xüsusi nümayəndəsi, səfir Emin Eyyubov təmsil ediblər.

Komitənin iclasında Avropa İttifaqı adından təşkilatın Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort, qurumun genişlənmə üzrə komissarı Ştefan Füle və Avropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Roland Kobia iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti