...

Bayramınız mübarək, AZƏRBAYCAN ƏSGƏRİ!

Siyasət Materials 26 İyun 2012 09:00 (UTC +04:00)
26 iyun ölkədə Azərbaycan Ordusunun yaranma tarixi, milli rəşadət, şərəf və izzət bayramı kimi qeyd edilir və hərbi xidmətdə olmuş və hazırda xidmət keçən hər kəsin bayramıdır
Bayramınız mübarək, AZƏRBAYCAN ƏSGƏRİ!

Arzu Nağıyev- Trend-in icmalçısı

26 iyun ölkədə Azərbaycan Ordusunun yaranma tarixi, milli rəşadət, şərəf və izzət bayramı kimi qeyd edilir və hərbi xidmətdə olmuş və hazırda xidmət keçən hər kəsin bayramıdır.

İkinci dəfə müstəqillik qazanıldlqdan sonra, 22 may 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına uyğun olaraq, bu tarixi gün - 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan edilib.

Müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 26 iyun 1918-ci ildə Azərbaycan Ordusunun bölmələri yaradılıb.

Bu qərar Silahlı Qüvvələrin yaradılması istiqamətində hüquqi əsas idi. Faktiki olaraq, bütün ölkə üzrə ağır müharibə şəraitində olan Azərbaycan üçün ordu bölmələri müstəqilliyin və onun xalqının ən etibarlı təminatçısı idi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri ordu, aviasiya və hava hücumundan müdafiə, hərbi dəniz qüvvələri, habelə digər hərbi təşkilatların silahlı qüvvələri və qoşunlarından ibarətdir.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkənin Prezidentidir.

Azərbaycan Ordusu deyəndə, ilk növbədə göz qarşısına ölkə vətəndaşlarının sülh və əmin-amanlığının qorunmasına xidmət edən, hazırda səngərlərdə düşmənlə üz-üzə dayanan, ana-bacılarımızın namus və qeyrətlərini çəkən, talelərinə müharibə yazılmış əsgər, gizir və zabitlərimiz gəlir. Bizim ordu əsgər cəsurluğu, qəhrəmanlıq, fədakarlıq ruhunda tərbiyə alaraq ölkədəki sabitliyin qarantıdır.

Ordumuz düşmən həmləsinə hər an layiqincə cavab verməyə hazır olduğunu dəfələrlə sübut edib. Ordu ilə xalqın birliyi və vəhdəti isə əsgərlərimizi Vətən qarşısında müqəddəs borclarını layiqincə yerinə yetirməyə ruhlandıran ən böyük amildir.

Bu bayram günündə Azərbaycan uğrunda döyüş meydanlarında öz canından keçmiş və həyatlarını qurban vermiş şəhidlərimizi minnətdarlıqla xatırlayaq, əziz xatirələrini əbədi tutaraq ruhlarına Allahdan rəhmət diləyək!

Bu gün hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətimizin hərbi qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsini və tezliklə torpaqlarımızın işğaldan azad olunmasını arzulayır.

Əminliklə demək olar ki, Azərbaycan Ordusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müsbət həlli üçün öz sözünü deyir, deməlidir və vaxtı çatanda da layiqincə deyəcək, çünki ordumuz işğal olmuş torpaqlarımızı azad etməyə və düşmən həmləsinə hər an layiqincə cavab verməyə hazırdır!

Bayramınız mübarək, AZƏRBAYCAN ƏSGƏRİ!

Xəbər lenti

Xəbər lenti