...

Prezident İlham Əliyev: Son illər ərzində Azərbaycanın qarşısında duran əsas iqtisadi və infrastruktur layihələri uğurla icra edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 İyun 2012 21:08 (UTC +04:00)
Çərşənbə axşamı İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammiti keçirilmişdir.
Prezident İlham Əliyev: Son illər ərzində Azərbaycanın qarşısında duran əsas iqtisadi və infrastruktur layihələri uğurla icra edilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Prezidentin çıxışı əlavə olunub (ilk xəbər saat 26 iyun, saat 21:08-də yayılıb)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

İyunun 26-da İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 20 illik yubiley sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib.

Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Zirvə görüşünün iştirakçıları birgə foto çəkdirdilər.

Sammiti açan Türkiyə Prezidenti Abdullah Gül iştirakçıları salamladı. O bildirdi ki, bu toplantıya ev sahibliyi etmək Türkiyə üçün böyük şərəfdir. Təşkilatın yaranma tarixindən danışan Türkiyə Prezidenti diqqətə çatdırdı ki, 20 illik fəaliyyəti dövründə bu qurum üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açıb. Abdullah Gül qurumun beynəlxalq iqtisadiyyatda önəmli rolunu qeyd etdi. Bildirdi ki, təşkilat bölgədə iqtisadi əlaqələrin, o cümlədən üzv ölkələr arasında işbirliyinin genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan verir. Bütün bunlar isə üzv ölkələrin iradəsi sayəsində mümkün olub. Avrasiyanın mərkəzində yerləşən və Qara dəniz ölkələrini birləşdirən bu təşkilat tarixi İpək yolunun bərpasında və enerji resurslarının daşınmasında da mühüm rola malikdir.

Türkiyə Prezidenti bildirdi ki, bu gün təşkilatın qarşısında duran əsas məqsəd gələcək 10 il üçün iqtisadi əməkdaşlığın yeni hədəflərini müəyyən etməkdir. Abdullah Gül sammitin işinə uğurlar arzuladı.

Təşkilata sədrlik edən Serbiyanın Prezidenti Tomislav Nikoliç yubiley sammitinin dünyada iqtisadi böhranın hökm sürdüyü bir dövrdə keçirilməsinin önəmindən danışdı. O bildirdi ki, Serbiyanın quruma sədrlik etdiyi dövrdə təşkilata üzv dövlətlər arasında iqtisadi inkişaf istiqamətində mühüm addımlar atılıb. Təşkilatın əsas məqsədi beynəlxalq qurumlarla əlaqələri yüksək səviyyədə qurmaqdır.

Serbiyanın dövlət başçısı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının nüfuzlu beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı və Avropa Komissiyası ilə sıx əlaqələrinin əhəmiyyətinə də toxundu. O, QİƏT-ə sədrliyin Türkiyəyə keçməsindən məmnun olduğunu dedi. İyulun 1-dən quruma Türkiyə sədrlik edəcək.

Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış etdi.

"İlk növbədə, Türkiyə Prezidenti, əziz qardaşım cənab Abdullah Gülə bu zirvə görüşünün yüksək səviyyədə təşkil olunmasına və bizə göstərdiyi yüksək qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Qardaş Türkiyə torpağında yenidən olmağımdan çox məmnunam.
Azərbaycan QİƏT-in fəaliyyətinə çox böyük qiymət verir. Hesab edirəm ki, təşkilatımız 20 il ərzində önəmli beynəlxalq təşkilata çevrilibdir. Təşkilatın tarixi, demək olar ki, ölkəmizin müstəqilliyinin tarixi ilə də üst-üstə düşür. Biz keçən il müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etmişik. Azərbaycan 20 il ərzində müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirak edib, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında fəaliyyətimiz də çox fəaldır.
Bu illər ərzində ölkəmiz böyük yol keçmişdir. İqtisadi sahədə təşkilatımızın əsas istiqaməti iqtisadi əməkdaşlıqdır", - dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, Azərbaycan iqtisadi sahədə köklü islahatlar aparıb və son illər ərzində ölkəmizin qarşısında duran əsas iqtisadi və infrastruktur layihələri uğurla icra edilib.

"Son səkkiz il ərzində ümumi daxili məhsul, yəni iqtisadiyyatımız üç dəfə artmışdır, yoxsulluq beş dəfə azalmışdır, bir milyondan artıq yeni iş yeri açılmışdır. Dövlət borcu ümumi daxili məhsulun 7 faizini təşkil edir və hətta dünyanı bürümüş, Avropanı bürümüş iqtisadi böhran Azərbaycana o qədər də böyük təsir göstərməmişdir. Dünyanın üç aparıcı reytinq agentliyi son aylar ərzində Azərbaycanın suveren reytinqini artırmışdır", - İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər və konkret layihələr regional əməkdaşlıq məsələlərinə də böyük dəstək verir. Təşkilata üzv olan ölkələrin əksəriyyəti ilə bizim çox səmərəli iqtisadi əməkdaşlığımız vardır. Ticarət dövriyyəsi artır, eyni zamanda, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi regional əməkdaşlıqda da Azərbaycan çox fəal iştirak edir və yenə də deyirəm, irəli sürülmüş təşəbbüslər reallığa çevrilir.

"Xüsusilə enerji və nəqliyyat sahələrində icra edilən və icrası başa çatmış layihələr demək olar ki, bölgənin enerji və nəqliyyat xəritəsini dəyişir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə salınması bölgədə yeni dəhlizlərin açılmasına gətirib çıxarmışdır. Bizim üç neft kəmərinin ikisi Qara dəniz limanlarına, biri isə Aralıq dənizi limanına resurslarımızı nəql edir. Eyni zamanda, Azərbaycan artıq enerji resurslarının daşınması işində tranzit ölkəyə çevrilibdir. Beləliklə, əməkdaşlıq daha da dərinləşir və yenə də deyirəm, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi hövzəsində yerləşən ölkələr arasındakı əməkdaşlıqda Azərbaycan bundan sonra da fəallıq göstərəcəkdir.

Biz bu ilin sonunda növbəti böyük layihənin başa çatmasını gözləyirik. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində biz qədim İpək Yolunu bərpa etmiş oluruq. Bu layihə təkcə iştirak edən üç ölkəni deyil, geniş mənada Asiya və Avropa qitələrini birləşdirən bir layihədir. Mən çox şadam ki, bu layihəni biz uğurla başa vururuq. Xatırlayıram, beş il bundan əvvəl İstanbulda, QİƏT-in zirvə görüşündə mən çıxışımda qeyd etmişdim ki, yaxın zamanlarda dəmir yolunun tikintisi başlanacaqdır. Artıq qeyd edə bilərəm ki, bu ilin sonuna qədər bütün işlər tamamlanacaq və gələn ildən başlayaraq Bakı-Tbilisi-Qars beynəlxalq dəhlizi artıq işə düşəcəkdir. Bu, konkret layihədir", - İlham Əliyev qeyd edib.

Azərbaycan Prezidenti hesab edir ki, təşkilatda iştirak edən ölkələrin daha da sıx birləşməsi, iqtisadi sahədə birgə təşəbbüslərin göstərilməsi, həm təşkilatımızı möhkəmləndirəcək, həm də iqtisadi gücümüzü artıracaq.

"Bu gün, eyni zamanda, regional təhlükəsizlik məsələlərinə də toxunmaq istərdim. Çünki regional əməkdaşlıq meylləri güclənir və belə olan halda təhlükəsizlik məsələlərinə də böyük diqqət göstərilməlidir. Əfsuslar olsun ki, bu sahədə vəziyyət istədiyimiz kimi deyildir. Xüsusilə, Azərbaycana gəldikdə, bizim beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulmuşdur. Ermənistanın işğalçı və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır, bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bütün mötəbər beynəlxalq təşkilatlar məsələ ilə bağlı öz mövqeyini bildirmişlər. BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı və erməni qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir, işğal bu gün də davam edir, müharibə bu gün də davam edir və əlbəttə, bölgədə gərginliyin artırılmasına səbəb olur", - dövlət başçısı deyib.

İlham Əliyev bildirib ki, ilk növbədə, münaqişənin səbəbi aradan qaldırılmalıdır, işğala son qoyulmalıdır. Ondan sonra bölgədə həm sabitlik bərqərar olunacaq, həm də iqtisadi əməkdaşlıq üçün yeni, gözəl şərait yaradılacaq.

"Yenə də deyirəm, biz əməkdaşlığın dərinləşməsində maraqlıyıq. Bu gün bölgədə Azərbaycan tərəfindən irəli sürülmüş layihələr ümumi işimizə öz töhfəsini verir. Mən ümid edirəm ki, gələcək illərdə təşkilatımız daha da güclənəcək, bu gün müzakirə edilən və reallığa çevrilən layihələr ölkələrimizi daha da sıx birləşdirəcəkdir. Bir daha hörmətli qardaşım Abdullah Gülə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, zirvə görüşü uğurlu keçəcək və çox gözəl nəticələri olacaqdır", - Azərbaycan Prezidenti çıxışını tamamlayıb.

Sammitdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan digər ölkələrin dövlət və hökumət başçıları da çıxış etdilər.

Xəbər lenti

Xəbər lenti