...

Ramiz Mehdiyev: Azərbaycan-Rusiya regionlararası forumu əlaqələrin inkişafına çox mühüm töhfə verəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 28 İyun 2012 11:32 (UTC +04:00)
Azərbaycan-Rusiya regionlararası forumunun müntəzəm keçirilməsi iki ölkənin tərəfdaşlığının dərinləşməsi və əməkdaşlığının genişlənməsində maraqlı olan Azərbaycan və Rusiya prezidentlərinin - İlham Əliyev və Vladimir Putinin siyasi iradəsinin nəticəsidir.
Ramiz Mehdiyev: Azərbaycan-Rusiya regionlararası forumu əlaqələrin inkişafına çox mühüm töhfə verəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan-Rusiya regionlararası forumunun müntəzəm keçirilməsi iki ölkənin tərəfdaşlığının dərinləşməsi və əməkdaşlığının genişlənməsində maraqlı olan Azərbaycan və Rusiya prezidentlərinin - İlham Əliyev və Vladimir Putinin siyasi iradəsinin nəticəsidir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev forumun açılışında bildirib.

"Hazırkı forum bu əlaqələrin inkişafına çox mühüm töhfə verəcək. Bu effektiv meydança mühüm məsələlərin, qarşılıqlı təsir perspektivlərinin təyin olunmasının və məsələlərin həlli yollarının müzakirəsinə imkan verir", - Mehdiyev deyib.

Onun sözlərinə görə, bu il Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin bayram edilməsi ilə əlamətdardır.

"Azərbaycan-Rusiya əlaqələrinin tarixinə kiçik bir ekskursiya etsək, görərik ki, müstəqilliyimiz bərpa olunduqdan sonrakı ilk illərdə ölkələrimiz arasında münasibətlər o qədər də asan olmayıb. Lakin Azərbaycanın ümummillli lideri Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb. Məhz 1993-cü ilin yayından müstəqil Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Rusiya ilə dostluq münasibətlərinin qurulmasında mühüm rol oynadı, ölkələrimiz arasında strateji tərəfdaşlığın əsaslarını qoydu. Vladimir Putinin 2000-ci ildə Rusiya prezidenti seçilməsi Azərbaycan-Rusiya münasibətlərinə yeni nəfəs verdi. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa edə, stabil, dinc qonşuluq münasibətləri qura bildilər. Bu münasibətlər prezidentlərimizin səyləri nəticəsində dinamik şəkildə inkişaf etməkdə davam edir. Müasir mərhələdə Azərbaycan-Rusiya münasibətləri artan xətt üzrə inkişaf edir", - Mehdiyev çıxışında qeyd edib.

PA rəhbəri dövlət başçıları səviyyəsində yüksəksəviyyəli siyasi əlaqələrin olduğunu, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirildiyini xatırladıb: "Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "ikitərəfli münasibətlərimizdə təcili həll olunması tələb edilən hansısa məsələ yoxdur". Bu gün Azərbaycan və Rusiya strateji tərəfdaşdırlar. Son illər ərzində birgə səylərimiz nəticəsində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlər üzrə optimal, qarşılıqlı qəbul olunan və hər iki tərəfin xeyrinə olan həll yolları tapa bilmişik. Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll olunub, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı situasiya nizamlanıb. Qeyd etmək istəyirəm ki, Xəzərin statusu ilə bağlı Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşması prosesi faktiki olaraq başa çatıb. Bu, perspektivdə bütün Xəzəryanı ölkələr arasında konsensusun əldə olunmasını təmin edə bilər".

"Biz bu sərhədə nail olduğumuz böyük yüklə yaxınlaşmışıq", - PA rəhbəri qeyd edib.

Prezident Administrasiyasının rəhbəri Azərbaycan və Rusiyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və Avropa Şurası çərçivəsində əməkdaşlıq etdiyini vurğulayıb: "Biz Rusiya rəhbərliyinə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində verdiyi aktiv dəstəyə görə dərindən minnətdarıq. 155 ölkənin dəstəyi ilə Azərbaycanın bu posta seçilməsi ölkəmizin beynəlxalq arenada artan rolunu göstərən əsl tarixi hadisədir.

Ramiz Mehdiyev bildirib ki, iqtisadi-ticarət əlaqələrinin əsas parametrləri ikitərəfli münasibətlərin pozitiv inkişaf tendensiyalarını təsdiqləyir: "1996-cı ildən Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya fəaliyyət göstərir. Komissiyanın mütəmadi iclasları keçirilir, burada iqtisadi-ticarət tərəfdaşlığının prinsipial məsələləri müzakirə olunur, bu sahəyə dair konkret təkliflər işlənib hazırlanır. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olub və olmaqdadır. MDB ölkələri ilə ticarət dövriyyəmizin 50 faizdən çoxu Rusiyanın payına düşür. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi rekord həddə çataraq 2 milyard 828 milyon dollar təşkil edib. Başqa sözlə desək, ticarət dövriyyəsinin həcmi 2010-cu illə müqayisədə 47,4 faiz artıb. Bu, əlbəttə ki, bizi sevindirməyə bilməz. Deməli, qarşıda daha yaxşı perspektivlər var".

PA rəhbəri hazırda ölkə ərazisində 457 Rusiya müəssisəsi və təşkilatının fəaliyyət göstərdiyini deyib: "Onlardan 219-u yüz faiz Rusiya kapitalı əsasında fəaliyyət göstərir, 149-u birgə müəssisə, 89-u nümayəndəlik və filiallardır. Buraya "LUKoyl" neft şirkəti, "Baltika" pivəbişirmə şirkəti, "Nikoyl" investisiya-kommersiya bankı, "Bank BTB" açıq səhmdar cəmiyyəti və digər müəssisələr daxildir".

PA rəhbəri hazırda Azərbaycanda 120 mindən artıq rusun yaşadığını deyib: "Qeyd etmək istərdim ki, bu, Cənubi Qafqazda öz etnik identikliyini, mədəniyyətini, dilini və dinini qoruyub saxlamış ən böyük rus diasporudur. Respublikada digər xalqlar kimi, ruslara da ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına tam şəkildə inteqrasiya edə bilmək üçün hər cür şərait yaradılıb. Rus icması xalqlarımız arasında real birləşdirici halqadır".

Mehdiyev Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə cəmiyyətin bütün sahələrində rus dilinin öz mövqeyini qoruyub saxladığını vurğulayıb: "Bu gün 20-dən artıq orta ümumtəhsil məktəbində rus dilində tam orta təhsil almaq imkanı var, 327 məktəbdə isə dərslər həm Azərbaycan, həm rus dillərində keçirilir. Ölkənin bütün dövlət ali məktəblərində və özəl ali məktəblərinin bir qismində rus dilində fakültələr fəaliyyət göstərir, burada 16 mindən artıq tələbə rus dilində ali təhsil alır. Bakıda rus dilində kadrların hazırlanması üzrə ən böyük mərkəzlərdən biri olan Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Dörd il əvvəl paytaxtımızda bütün dünyada məşhur olan Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb, iki il əvvəl isə Səməd Vurğun adına Rus Dövlət Dram Teatrı öz 90 illik yubileyini qeyd edib".

PA rəhbəri bildirib ki, rus dilində 50-dən artıq qəzet və jurnal dərc olunur ki, bu da sovet dövrünün statistikası ilə müqayisədə bir neçə dəfə çoxdur. Respublika ərazisində əhalinin müxtəlif təbəqələri arasında böyük populyarlıq qazanmış əhəmiyyətli miqdarda Rusiya dövri mətbuatı satılır.

"Yuxarıda göstərilən bütün faktlar Azərbaycan hökumətinin respublikada rusdilli mühitin saxlanmasına və inkişafına, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə və inkişafına nə qədər böyük əhəmiyyət verdiyini sübut edir", - Mehdiyev qeyd edib.

Prezident Administrasiyası rəhbəri ötən ay Azərbaycanda "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyini xatırladıb:

"Biz çox şadıq ki, Udmurtiyadan olan "Buranovskiye babuşki" folklor qrupu tamaşaçıların rəğbətini qazanaraq fəxri ikinci yeri tutdu, bu münasibətlə sizi ürəkdən təbrik edirik. Təsadüfi deyil ki, bu populyar müsabiqədə Rusiya və Azərbaycan ən yüksək balları bir-birinə verib və bununla qarşılıqlı sevgi və dəstəyi nümayiş etdiriblər", - o vurğulayıb.

Mehdiyevin qeyd etdiyi kimi, RF regionları ilə əməkdaşlıq ikitərəfli əlaqələrin əsas istiqamətlərindən biridir: "Hələ 1994-cü ildə Azərbaycanla RF subyektləri arasında hökumətlərarası sazişlərin imzalanması təcrübəsinin əsası qoyulub. Həmin sazişlər bir qayda olaraq, ticari-iqtisadi, elmi-texniki və humanitar sahələri əhatə edir. İndiyədək 30-dan artıq belə razılaşma imzalanıb. Təkcə ötən ilin sentyabr-oktyabr aylarında Azərbaycan hökuməti Həştərxan vilayəti, Dağıstan Respublikası, İnquşetiya Respublikası və Qaraçay-Çərkəz Respublikası ilə analoji müqavilələr imzalayıb. Yaxın vaxtlarda Volqoqrad, İvanovo, Leninqrad, Tambov və Çelyabinsk vilayətləri, Krasnodar diyarı və Çeçenistan Respublikası ilə ikitərəfli sazişlərin imzalanacağı gözlənilir".

Mehdiyev Rusiyanın 70-dən artıq regionunun Azərbaycanla əməkdaşlıq etdiyini deyib. Ölkəmizlə daha aktiv əməkdaşlıq edən regionları sadayalan PA rəhbəri bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin 81,8 faizi bu regionların payına düşür: "Dağıstan Rusiya subyektləri arasında Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycanla Şimali Qafqaz Federal Dairəsi arasında ticarət dövriyyəsinin 80 faizdən çoxu Dağıstanın payına düşür. Dağıstanın Dərbənd rayonu ilə Azərbaycanın Xaçmaz rayonu, Məhərrəmkənd və Qusar rayonları arasında qardaşlıq əlaqələri qurulub".

O qeyd edib ki, forum iştirakçılarının qarşısında plenar iclaslarda, eləcə də "dəyirmi masa"larda regionlararası əməkdaşlığın müxtəlif aspektlərinin müzakirəsi durur. RA rəhbəri habelə, Rusiya və Azərbaycanın belə yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən forumun ikitərəfli əlaqələrin gələcək inkişafına əhəmiyyətli töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

"Şübhə etmirəm ki, forumun işi bütün münasibətlərdə səmərəli olacaq", - Ramiz Mehdiyev deyib.

"Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu Bakıda cümə axşamı öz işinə başlayıb. Forumda RF-nin mərkəzi və regional orqanlarının, iri, orta və kiçik biznesin, Rusiya və Azərbaycan QHT-lərinin nümayəndələri iştirak edirlər.

Forum Rusiya və Azərbaycanın Prezident administrasiyalarının dəstəyi ilə "Avrasiya Araşdırmaları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti