...

Regionlararası dialoq Rusiya-Azərbaycan əlaqələrinin əsas aspektlərindən biridir

Siyasət Materials 28 İyun 2012 12:02 (UTC +04:00)
Regionlararası dialoq Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinin əsas bəndlərindən birinə çevrilir.
Regionlararası dialoq Rusiya-Azərbaycan əlaqələrinin əsas aspektlərindən biridir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Regionlararası dialoq Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinin əsas bəndlərindən birinə çevrilir. Trend-in məlumatına görə, bu barədə RF Prezidentinin Regionlararası və xarici ölkələrlə mədəni əlaqələr İdarəsinin rəisi Vladimir Çernov cümə axşamı Bakıda "Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Moskva və Bakı iki ölkənin xalqları arasındakı çox qədim dostluq ənənələrinə əsaslanan əlaqələrin genişlənməsi üzrə böyük işlər görüb.

"Dövlətlərarası əlaqələrin unikal təcrübəsi strateji qarşılıqlı fəaliyyətin möhkəmlənməsi və irəliyə hərəkət üçün zəmin yaradır. Təkcə humanitar deyil, həm də ticari-iqtisadi göstəricilər möhkəm strateji qarşılıqlı əlaqələrin təsdiqidir", - Çernov deyib.

Onun sözlərinə görə, Bakı və Moskvanın irəli sürdüyü təşəbbüslər iki ölkənin rəhbərliyi tərəfindən daim dəstəklənib.

"Azərbaycan-Rusiya qarşılıqlı əlaqələrinin kontekstində regionlararası əməkdaşlığın rolu vacibdir. Hazırda bu prosesə Rusiyanın 70-dən artıq regionu cəlb edilib", - Çernov qeyd edib.

O, çıxışı zamanı RF Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu da oxuyub.

"Bakıda keçirilən forum Azərbaycanın və Rusiyanın qarşılıqlı əlaqələrinin ən effektiv alətlərindən biridir, bu forum iki ölkənin açıq konstruktiv dialoqu üçün meydançadır, bu, ikitərəfli münasibətlərin perspektivləri üçün ideyaların güclü generatorudur", - RF Prezidentinin təbrik məktubunda deyilir.

"Rusiya-Azərbaycan Dialoqu 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu Bakıda cümə axşamı öz işinə başlayıb. Forumda RF-nin mərkəzi və regional orqanlarının, iri, orta və kiçik biznesin, Rusiya və Azərbaycan QHT-lərinin nümayəndələri iştirak edirlər.

Forum Rusiya və Azərbaycanın Prezident administrasiyalarının dəstəyi ilə "Avrasiya Araşdırmaları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti