...

Qazaxıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 29 Avqust 2012 13:27 (UTC +04:00)
Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanovun ilin sonunadək Azərbaycana rəsmi səfəri planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstanın Bakıdakı səfiri Serik Primbetov bildirib.
Qazaxıstanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir Y.Kosolapova/

Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanovun ilin sonunadək Azərbaycana rəsmi səfəri planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstanın Bakıdakı səfiri Serik Primbetov bildirib.

"Hazırda qarşıdakı səfərin tarixi və proqramı razılaşdırılır", - Primbetov deyib.

Səfirin sözlərinə görə, həmçinin sentyabrın 12-13-də Astanada ticari-iqtisadi əməkdaşlıq üzrə Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının 9-cu iclası keçiriləcək. Tərəflər nəqliyyat, turizm, səhiyyə, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil, elm, idman və mədəniyyət sahələrində iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın vəziyyətini, habelə əvvəlki razılaşmaların reallaşdırılmasını müzakirə edəcəklər.

Primbetov deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin yubiley sessiyasında və xarici işlər nazirlərinin dördüncü görüşündə iştirak etmək üçün Astanaya işgüzar səfəri gözlənilir.

Primbetov qeyd edib ki, oktyabrın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammitində iştirak etmək üçün Qazaxıstan hökumətinin yüksək səviyyəli nümayəndə heyəti Bakıya səfər edəcək.

O, həmçinin vurğulayıb ki, noyabrın 19-22-də Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti