...

Azərbaycan Prokurorluğunun kollektivi peşə bayramını təntənəli şəkildə qeyd edir

Siyasət Materials 1 Oktyabr 2012 19:11 (UTC +04:00)
Azərbaycanın müstəqil inkişaf tarixinin yaradıcısı olan Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 1998-ci ildən etibarən peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan Prokurorluğunun kollektivi bu gün milli prokurorluq orqanlarının yaradılmasının 94-cü ildönümünü və öz növbəti 15-ci peşə bayramını təntənəli şəkildə bayram edir.
Azərbaycan Prokurorluğunun kollektivi peşə bayramını təntənəli şəkildə qeyd edir

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Azərbaycanın müstəqil inkişaf tarixinin yaradıcısı olan Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 1998-ci ildən etibarən peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan Prokurorluğunun kollektivi bu gün milli prokurorluq orqanlarının yaradılmasının 94-cü ildönümünü və öz növbəti 15-ci peşə bayramını təntənəli şəkildə bayram edir.

Bu əlamətdar hadisə münasibətilə 1 oktyabr 2012-ci il tarixdə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının kollektivi Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməklə, ümummilli liderimizin və xalqımızın azadlığı yolunda şəhid olmuş həmvətənlərimizin unudulmaz xatirəsini dərin ehtiramla yad etmişlər.

Həmin gün Baş Prokurorluqda "1 Oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və Milli Prokurorluğun yaradılmasının 94-cü ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

Mərasimi açan Baş prokuror Zakir Qaralov peşə bayramı günü münasibətilə Baş Prokurorluğun rəhbərliyi və Kollegiyası adından prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, təqaüddə olan ağsaqqal və ağbirçək veteranları, onların ailə üzvlərini səmimi qəlbdən təbrik edərək, xüsusi vurğulamışdır ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda tamamilə yenidən formalaşması, müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən bir təsisat kimi ən mütərəqqi standartlara uyğun şəkildə təkmilləşməsi və müasirləşməsi məhz ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət tədbirləri və qayğısı nəticəsində mümkün olmuşdur.

Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində göstərilən böyük etimadın təzahürü olan Dövlət başçısı cənab İlham Əliyevin 01 oktyabr 2012-ci il tarixli Sərəncamları ilə prokurorluq əməkdaşlarından 5-i ali xüsusi rütbələrə və 22-si "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları qismində dövlət təltiflərinə layiq görülməsi bütövlükdə prokurorluğun kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilmiş və bu münasibətin səylərimizin işin həmin etimada layiq səviyyədə qurulmasına səfərbər edildiyi vurğulanmışdır.

Baş prokurorun giriş nitqində və mərasimdə məruzə ilə çıxış edən Baş prokurorun birinci müavini Rüstəm Usubovun çıxışında diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının məhvolma təhlükəsi ilə üzləşdiyi, müstəqilliyinin yenidən itirilməsi və vətəndaş müharibəsinin başlanması qorxusu ilə qarşılaşdığı bir dövrdə xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı Azərbaycan Prokurorluğu da qanun əsasında fəaliyyət göstərən və millətinə xidmət edən demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən yaradılmaqla dövlətçiliyimizin əsas sütunlarından hesab edilən bir təşkilata çevrilmiş, onun dövlətçiliyə sadiq kadr korpusu formalaşdırılmışdır. Azərbaycan Respublikasında həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur.

Məhz ulu öndər Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi görüşdən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, qısa müddətlər ərzində fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, yüksək tələblər səviyyəsində işləmək bacarığı olan kadr korpusunun formalaşdırılması, bütün neqativ hallara qarşı prinsipial və qətiyyətli mübarizə aparılmaqla ciddi nəzarət mexanizminin yaradılması, maddi-texniki təminat və işçilərin sosial müdafiəsi məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin olunmuşdur.

Nəzərə çatdırılmışdır ki, ulu öndər Heydər Əliyevin yaratdığı təməl prinsipləri əsasında Azərbaycan Respublikasını sürətli və davamlı inkişaf yoluna çıxarmaqla, bu siyasi kursun ən layiqli davamçısı olduğunu əyani şəkildə bütün dünyaya sübut edən dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq bu günə qədər davam edən dövr ərzində, mütəşəkkil cinayətkarlığın bütün təzahürlərinə qarşı barışmaz və qətiyyətli müharibə elan edilməklə, ilk növbədə bu sahədə fəaliyyət göstərən hüquq mühafizə, ədliyyə, məhkəmə və xüsusi xidmət orqanları, o cümlədən prokurorluğun işində ciddi qayda-qanun yaradılması, onların fəaliyyətinin müasir tələblər səviyyəsində yeniləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməkdaşlarının hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə dövlət səviyyəsində zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Xüsusi olaraq qeyd edilmişdir ki, möhtərəm Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" prokurorluq orqanlarının hərtərəfli yeniləşməsi və işinin təkmilləşməsi yolunda müstəsna əhəmiyyət kəsb edən tədbir olmuşdur. Prokurorluğun fəaliyyətinin demək olarki bütün sahələrini əhatə edən Dövlət Proqramının icrası istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, işin və təminatın beynəlxalq standartlar səviyyəsində təşkilinə, qarşılıqlı əlaqəli fəaliyyətin səmərə və kəsərliliyinin artırılmasına, elmi-texniki tərəqinin imkanlarından geniş istifadə edilməklə müasir informasiya-kommunikasiya sisteminin yaradılmasına, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılmasına, işdə tam şəffaflıq və aşkarlığa nail olunmuşdur.

Mərasimdə diqqətə çatdırılmışdır ki, ötən peşə bayramından keçən dövr ərzində "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, istintaq fəaliyyətinin təkmilləşdirilməsi, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarəti, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işinin səmərəliliyinin yüksəldilməsi, mövcud çatışmazlıqların təxirəsalınmadan aradan qaldırılmaqla ciddi nəzarət mexanizminin yaradılması, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.

Korrupsiyaya qarşı mübarizə sahəsində işin düzgün təşkilinə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsidir ki, ixtisaslaşdırılmış qurum kimi Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, əməkdaşların sayı əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni strukturun formalaşdırılması, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq, bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyətinin verilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və digər bu kimi islahat tədbirləri korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət və preventiv təsir imkanları daha da gücləndirilmişdir. Bütün bunlar öz real nəticələrini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən həyata keçirilən tədbirlərdə və statistik göstəricilərdə özünü göstərir ki, bu barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılır.

Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə və onun rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, mütərəqqi və şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi kimi, 2002-ci ildən başlayaraq keçirilən 10 müsabiqə yolu ilə qulluğa qəbulun tətbiqi nəticəsində işə götürülən 499 gənc hüquqşünas Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 50 faizdən çoxunu təşkil etməsi, müxtəlif sahələrdə səmərəli fəaliyyəti, həmin gənclərin bir çoxunun rəhbər və yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilməsi alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqinin bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.

Təqdirəlayiq hal kimi diqqətə çatdırılmışdır ki, həyata keçirilmiş struktur dəyişiklikləri nəticəsində yeni yaradılmış İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən "Elektron hökumət" layihəsi çərçivəsində prokurorluq orqanlarında "Elektron Sənəd Dövriyyəsi" Proqramının yaradılması təmin olunmuş, 2012-ci ilin yanvar ayından Baş Prokurorluğun bütün struktur qurumlarında bu proqramın səmərəli tətbiqinin həyata keçirilməsinə başlanmış, hazırda Bakı şəhər və respublika tabeliyində olan rayon və şəhər prokurorluqlarının bu sistemə qoşulması prosesi mərhələli şəkildə reallaşdırılır. Eyni zamanda, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlərin intensivliyi artırılaraq, "Azərbaycan Respublikasında qeydə alınmış cinayət xarakterli məlumatlar üzrə cinayət təqibinin nəticələrinə dair" ("Elektron Cinayət") informasiya sisteminin yaradılması prosesi uğurla başa çatdırılmış, 26 sentyabr 2012-ci il tarixdə onun təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə xüsusi olaraq vurğulanmışdır ki, son dövrlər ərzində Azərbaycan Respublikasının qazandığı möhtəşəm nailiyyətlər, dünyada analoqu olmayan iqtisadi inkişaf templəri, qabaqcıl dünya ölkələrinin geriləməsi ilə nəticələnən maliyyə böhranı şəraitində gerçəkləşən yüksələn xətt üzrə və davamlı tərəqqi göstəriciləri, bütün siyasi məsələlərin tənzimlənməsində həlledici söz sahibi olmaqla, ölkəmizin regionun aparıcı dövlətinə çevrilməsi ona dəlalət edir ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə reallaşdırılan dövlətçilik siyasəti gələcəyə istiqamətləndirilmiş, balanslaşdırılmış və hərtərəfli ölçülüb-biçilmiş, yalnız xalqa xidmətə yönəldilmiş və öz gücünü Heydər Əliyev irsindən alan siyasətdir. Bu siyasətin nəticəsidir ki, görünməmiş bir diplomatik uğura nail olunmaqla 155 dövlətin dəstəyi ilə BMT-nın Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycan Respublikası, Prezidentinin təbirincə desək cari ilin mayında bir ay ərzində "dünyanın bir nömrəli təşkilatın"da şuranın iclaslarına sədrlik etmişdir. Ölkəmizin uğurlarını dünya miqyasında rəsmiləşdirən 3 mötəbər və aparıcı reytinq agentliyi tərəfindən Azərbaycanın kredit reytinqi artırılmış, Davos İqtisadi Forumunun dünya ölkələrinin rəqabətlilik göstəricisi üzrə ölkəmiz 46-cı yerə yüksəlmişdir. Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasında dövlət başçısının gətirdiyi statistik rəqəmlərdən də göründüyü kimi, bütövlükdə Azərbaycan və ayrı-ayrılıqda hər bir region üzrə yüksək sosial iqtisadi göstəricilərə nail olunmaqla, demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində aparılan islahatlara müasir məzmunda yeni nəfəs verilmişdir. Hər bir azərbaycan vətəndaşı kimi prokurorluq əməkdaşlarında da qürur hissi doğuran haldır ki, yüksək templərlə inkişaf etməkdə olan yeni müstəqil Azərbaycanın yaradıldığı və ölkəmizin simasını dəyişən qlobal yeniliklərin həyata keçirildiyi bir dövrdə fəaliyyət göstərir və səlahiyyət hədləri daxilində bu proseslərdə yaxından iştirak edirlər.

Əminlik ifadə olunmuşdur ki, dövlətçiliyə sadiqliyini əməli fəaliyyəti ilə sübuta yetirmiş prokurorluğun kollektivi və fəal vətəndaşlıq mövqeyində olan hər bir əməkdaşımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində və yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmətlərini göstərəcək, ölkəmizdə formalaşmış dayanaqlı ictimai-siyasi sabitliyin və milli maraqlarımızın cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edəcəklər.

Xidmətdə fərqləndiklərinə görə mükafatlandırılmış prokurorluq əməkdaşlarına Baş prokuror Zakir Qaralov tərəfindən "Prokurorluğun fəxri işçisi" döş nişanı, Fəxri fərmanlar, qiymətli hədiyyələr və rütbə dərəcələri təqdim edilmişdir.

Mərasimin yekununda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlət başçısı cənab İlham Əliyevin ünvanına yekdilliklə müraciət qəbul edilib.

Xəbər lenti

Xəbər lenti