...

AŞ Nazirlər Komitəsinin sədri: Dinlərarası dialoq mədəniyyətlərarası anlaşma və yaxınlaşmanın başlıca elementidir

Siyasət Materials 2 Oktyabr 2012 17:35 (UTC +04:00)
Dinlərarası dialoq mədəniyyətlərarası anlaşma və yaxınlaşmanın başlıca elementidir. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın payız plenar sessiyasının ikinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Albaniyanın xarici işlər naziri Edmond Panariti Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Avropadakı islamofobiyanın vəd etdiyi təhlükələrə dair sualına cavabında deyib.
AŞ Nazirlər Komitəsinin sədri: Dinlərarası dialoq mədəniyyətlərarası anlaşma və yaxınlaşmanın başlıca elementidir

Fransa, Strasburq, 2 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Dinlərarası dialoq mədəniyyətlərarası anlaşma və yaxınlaşmanın başlıca elementidir. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın payız plenar sessiyasının ikinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Albaniyanın xarici işlər naziri Edmond Panariti Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun Avropadakı islamofobiyanın vəd etdiyi təhlükələrə dair sualına cavabında deyib.

Qeyd edək ki, AŞ PA-nın payız sessiyasının ikinci iş günündə Avropa Şurası Nazirlər Komitəsinin növbəti ənənəvi hesabatı dinlənilib. Nazirlər Komitəsinin bu sessiyadan etibarən fəaliyyətdə olan sədri, Albaniyanın xarici işlər naziri Edmond Panariti ötən müddətdə görülmüş işlər barədə məlumat verdikdən sonra Avropa həyatı və dünya siyasətinin bir sıra mühüm problemləri ilə bağlı deputatların suallarını cavablandırıb.

Son dövrdə bəzi məkrli qüvvələrin dini təməldə dünyanın müxtəlif ölkələrində qarşıdurmalar yaratmaq cəhdlərinin doğurduğu təhlükə ilə bağlı olan sualında millət vəkili İslama qarşı həqarət təmayüllərinə, kütlələr arasında ciddi narazılıqlar törədən "Müsəlmanların məsumluğu" filmi və digər bu qəbil arzuolunmaz hadisələrə diqqət yönəldib.

"Böyük dinlərin müqəddəs kitabları və peyğəmbərləri xalqların heysiyyatı ilə bağlı mühüm rəmzlərdir və bu rəmzlərlə ehtiyatsız, həqarətli davranışlar dəhşətli fəlakətlərə gətirib çıxara bilər. Ona görə də son dövrlərdə yüz milyonlarla insanın tapındığı İslam dinini və Məhəmməd Peyğəmbəri bir sıra Avropa ölkələrində, o cümlədən Fransada kütləvi informasiya vasitələrində məsxərəyə qoymaq, filmlərin, karikaturaların mövzusuna çevirmək cəhdləri dözülməzdir. Mətbuat azadlığını mətbuat azğınlığı ilə əvəz edən müəyyən qüvvələr sanki məqsədli şəkildə Şərq və Qərb arasında gərginliyi artırmağa çalışırlar. Biz dinlər və mədəniyyətlər arasında dialoqu dərinləşdirməyə səy göstərdiyimiz halda, belə qəbuledlməz hərəkətlər cəmiyyəti hər an baş verə biləcək və başlandıqdan sonra qarşısının alınması, dayandırılması qeyri-mümkün olacaq sosial partlayışlara sürükləyir. Nazirlər Komitəsi üzv ölkələrdə belə halların qarşısının alınması üçün hansı təcili addımların atılmasını zəruri hesab edir?" - Hüseynov sual verib.

Nazirlər Komitəsinin sədri Panariti qaldırılan məsələdə son dərəcə həssas bir sahəyə toxunulduğunu və Avropa Şurasının daim bu problemi diqqətdə saxladığını bildirib.

"Əsas hədəflərindən biri mədəniyyətlərarası dialoq olan Avropa Şurası yaxşı dərk edir ki, dinlərarası dialoq mədəniyyətlərarası anlaşma və yaxınlaşmanın başlıca elementidir. Xüsusən, qloballaşma zamanında bu, daha artıq aktuallıq kəsb edir. Təsadüfi deyil ki, məhz bu zərurəti nəzərə alaraq, Avropa Şurası hər il dinləmələr təşkil edir və onlardan sonuncusu elə sentyabr ayında baş tutub. Deputat Rafael Hüseynovun islamofobiya meyillərinin və antiislam hərəkətlərin doğura biləcəyi ağır siyasi fəsadlarla bağlı qənaəti ilə əlaqədar qeyd edilməlidir ki, belə təhlükələr mövcuddur, ona görə də Avropa Şurası yalnız qitədə deyil, ümumilikdə dünyada daha dözümlü dini mühit formalaşdırmaq üçün səyləri artırmalıdır", - o deyib.

Təmsil etdiyi Albaniyanın bu istiqamətdə yaxşı təcrübəyə malik olduğunu bildirən Panariti Avropanın gələcəyinin sıx dialoq və səmimi əməkdaşlığa bağlı olduğunu söyləyib.

Məsələyə dair daha iki deputat - Litvadan Egidiyus Varekis və Türkiyədən Qayatürk diskussiyaya qoşularaq azərbaycanlı deputatın mövqeyini dəstəklədiklərini və bu problemə Nazirlər Komiəsinin, bütövlükdə Avropa Şurasının diqqət artırmasının vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti