...

Azərbaycanın hakim partiyasının 2013-cü il prezident seçkisində namizədi İlham Əliyev olacaq

Siyasət Materials 11 Oktyabr 2012 11:34 (UTC +04:00)
Reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində özünün namizədi kimi İlham Əliyevi görür. Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.
Azərbaycanın hakim partiyasının 2013-cü il prezident seçkisində namizədi İlham Əliyev olacaq

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Reallıq ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti qarşıdan gələn prezident seçkilərində özünün namizədi kimi İlham Əliyevi görür. Bunu Trend-ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov deyib.

"Partiyamız Azərbaycan xalqının iradəsini ifadə edərək qarşıdan gələn qurultayda YAP namizədi kimi Prezident İlham Əliyevin namizədliyini irəli sürəcək. Başqa bir fikir mahiyyəti etibarilə mövcud ola bilməz. Çünki İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi bu illər ərzində Azərbaycan çox sürətlə inkişaf edib, iqtisadiyyatı yüksəlib, beynəlxalq aləmdə Azərbaycan öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada nüfuzlu bir ölkə kimiqəbul olunur.Bu, həyatımızda baş verən keyfiyyət dəyişikliyi kimi qiymətləndirilir", - Əhmədov bildirib.

YAP rəsmisi deyib ki, Azərbaycanın müasirləşməsinə yönələn bütün dəyişikliklər Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində gerçəyə çevrilib.

"Ona görə də Azərbaycan vətəndaşları bu sürətli inkişaf tempini növbəti illərdə də saxlamağın həlledici şərtinin növbəti beş ildə İlham Əliyevin prezident seçilməsindən ibarət olduğunu görür. Növbəti beş ildə İlham Əliyevin Azərbaycanın Prezidenti seçilməsi bizim insanlarımızın gələcəklə bağlı ümidləri ilə üst-üstə düşür. Azərbaycan ictimaiyyəti hesab edir ki, İlham Əliyev növbəti beş ildə də Azərbaycan Prezidenti olsa, bütövlükdə ölkənin iqtisadiyyatı inkişaf edəcək, insanların rifahı yaxşılaşacaq", - Əli Əhmədov açıqlamasında qeyd edib.

YAP-ın 2013-cü il prezident seçkisi zamanı aparacağı seçki kampaniyasına toxunan Əhmədov bildirib ki, hakim partiya hər seçki kampaniyası çərçivəsində həmin seçkidə qələbə çalmağı təmin edən texnologiyalardan istifadə edir və 2013-cü ilin seçkiləri də istisna olmayacaq.

"Hələ seçkilərin keçirilməsinə bir il qalır və o vaxta qədər ictimai-siyasi həyatımızı daha dərindən təhlil edərək seçəcəyimiz siyasi fəaliyyət texnologiyalarını və strategiyalarını müəyyənləşdirəcəyik. Həyat dəyişib, siyasi prosesləri idarə etməklə bağlı yeni texnologiyalar yaranıb və bu da siyasi partiyanın siyasi kampaniyalar həyata keçirməsinin forma və metodlarını əhəmiyyətli dərəcədə təkmilləşdirib. YAP da bu prosesdən kənarda deyil, biz həmişə yenilikci olmağa çalışmışıq, bu istəyimizi və məsələlərə yanaşmada öz mövqeyimizi saxlayırıq. Sizi əmin etmək istəyirəm ki, belə yeniliklərin şahidi olacaqsınız", - Əhmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti