...

Prezident İlham Əliyev FIFA U-17 qadınlararası dünya çempionatının final oyununu izləyib (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 13 Oktyabr 2012 23:50 (UTC +04:00)
Bakıda dünya çempionatı həyəcanı başa çatmaq üzrədir. Oktyabrın 13-də Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012” çərçivəsində Koreya Xalq Demokratik Respublikası (KXDR) və Fransa komandaları arasında final qarşılaşması başlamışdır.
Prezident İlham Əliyev FIFA U-17 qadınlararası dünya çempionatının final oyununu izləyib (ƏLAVƏ OLUNUB)(FOTO)

təfərrüatlar əlavə olunub (ilk xəbər 20:31-də yayılıb)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Şənbə günü Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"nin final oyunu keçirilmişdir. Finalda Fransanın və Koreya Xalq Demokratik Respublikasının komandaları qarşılaşmışlar.

Azərbaycan Prezidenti İlham Əliyev final oyununa baxmışdır.

Avropa Futbol Federasiyaları Assosiasiyasının prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera, beynəlxalq və milli futbol qurumlarının rəhbərləri də final oyununu izləmişlər.

Mundialda Fransa komandası qalib gəlmişdir.

Həlledici oyunun əsas hissəsi komandaların bərabərliyi (1:1) ilə başa çatmışdır. Oyundan sonrakı penalti zərbələrini daha dəqiq yerinə yetirən (7:6) Fransa futbolçuları "FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan-2012"nin kubokuna sahib olmuşlar.
Sonra təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

Əvvəlcə final oyununun hakimləri mükafatlandırılmışlar.

"Fair play" - ədalətli oyun mükafatına Yaponiya komandası layiq görülmüşdür.
Daha sonra çempionatın ən məhsuldar futbolçusu, ən yaxşı qapıçısı və ən yaxşı oyunçusu mükafatlandırılmışlar.

Çempionatı üçüncü yerdə başa vuran Qana millisinə bürünc medallar təqdim olunmuşdur.
Final oyununda məğlub olan Koreya Xalq Demokratik Respublikasının komandası gümüş medallarla mükafatlandırılmışdır.

Mundialın qalibi Fransa yığmasına qızıl medallar və dünya çempionatının kuboku təqdim olunmuşdur.

Mükafatları Azərbaycan Prezidenti İlham Əliyev, UEFA-nın prezidenti Mişel Platini, FIFA İcraiyyə Komitəsinin üzvü Lydia Nsekera və başqaları təqdim etmişlər.

Mükafatlandırma mərasimindən sonra yaşıl meydançadakı səhnəyə çıxan dünya şöhrətli müğənni Şakiranı 27 min azarkeş hərarətlə qarşılamışdır.

Bununla da Azərbaycanın ev sahibliyi etdiyi daha bir dünya çempionatı başa çatmışdır. Beynəlxalq yarışları keçirməkdə böyük təcrübəsi olan ölkəmizin tarixində ilk dəfə 17 yaşadək qadınlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. Bu, Azərbaycanda keçirilən ilk böyük FIFA tədbiri və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatı idi. Çempionatda Yaponiya, Koreya Xalq Demokratik Respublikası, Çin, Nigeriya, Qana, Qambiya, ABŞ, Kanada, Meksika, Braziliya, Uruqvay, Kolumbiya, Yeni Zelandiya, Fransa, Almaniya və ev sahibi Azərbaycanın milli komandaları birincilik uğrunda mübarizə aparmışlar.

Dünya çempionatının oyunları paytaxt Bakı ilə yanaşı, Lənkəran şəhərində də keçirilmişdir. Çempionat üçün beşi Bakıda, biri isə Lənkəranda olmaqla altı stadion ayrılmışdı. Bu stadionlardan üçü mundiala hazırlıq işləri çərçivəsində inşa olunmuşdur.

Dünya çempionatının açılış mərasimində iştirak edən FIFA prezidenti Yozef Blatter və digər rəsmi qonaqlar mundialın yüksək səviyyədə təşkil olunduğunu dəfələrlə xüsusi vurğulamışlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti