...

Hakim partiya: Azərbaycanda qanunsuz kütləvi aksiyada iştirak edənlərin cərimələri artırılmalıdır

Siyasət Materials 17 Oktyabr 2012 15:33 (UTC +04:00)
Azərbaycanda qanunsuz kütləvi aksiyada iştirak edənlərin cərimələri artırılmalıdır. Bu barədə çərşənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Mübariz Qurbanlı bildirib.
Hakim partiya: Azərbaycanda qanunsuz kütləvi aksiyada iştirak edənlərin cərimələri artırılmalıdır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunsuz kütləvi aksiyada iştirak edənlərin cərimələri artırılmalıdır. Bu barədə çərşənbə günü Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə bəzi radikal dairələr qeyri-qanuni aksiyalara rəvac verirlər və bu aksiyalar maddi ziyanla nəticələnən qarşıdurmalara gətirir.

"Dəymiş maddi ziyanı həmin radikal qruplar ödəmirlər. Digər tərəfdən, cüzi məbləğdə cərimə təyin olunarkən, şəhərin mərkəzi yerində qeyri-qanuni aksiya keçirənlər hansısa dəyərli bir əmlaka ziyan vurduqda, bu, onu ödəmir", - Qurbanlı deyib.

Millət vəkili bildirib ki, bu cərimələr profilaktik xarakter daşıyır.

"Bu cərimələr elə müəyyənləşdirilməlidir ki, aksiyada iştirak edənlər cərimələrin ağırlığını hiss edərək qanuna zidd hərəkətlər etməsinlər", - o vurğulayıb.

Qurbanlı "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunda, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində cərimələrin sərtləşdirilməsi ilə bağlı qanun layihəsinin daxil olmadığını, lakin dəyişikliyin edilməsinə ehtiyac olduğunu bildirib.

Hazırda razılaşdırılmamış kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Qanunvericiliyə görə, rəsmən sanksiyalaşdırılmamış aksiya başqalarının hüquq və azadlığına, mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurduqda belə aksiyanın iştirakçıları 300 manatadək, təşkilatçıları isə 500 manatadək cərimələnir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti