...

Azərbaycan Parlamentində qanunsuz aksiya iştirakçılarının cərimələrinin artması müzakirə edilib

Siyasət Materials 23 Oktyabr 2012 12:39 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin çərşənbə axşamı keçirilən birgə iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
Azərbaycan Parlamentində qanunsuz aksiya iştirakçılarının cərimələrinin artması müzakirə edilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin çərşənbə axşamı keçirilən birgə iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanuna dəyişikliyi təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rəfael Cəbrayılov bildirib ki, Azərbaycanın hazırkı qanunvericiliyində qanunsuz toplantıların təşkilatçılarının inzibati tənbeh tədbirlərinə cəlb edilməsinin nəzərdə tutulduğu halda, iştirakçılar heç bir məsuliyyətə cəlb olunmur.

"Təşkilatçı bütün toplantıya nəzarət edə bilməz və hər hansı iştirakçıya görə məsuliyyət daşıya bilməz", - o deyib.

Cəbraylov qeyd edib ki, bu gün mövcud olan qanunvericilikdə təyin olunan cərimələrin aşağı səviyyədə olması onları ödəyənlərin maddi durumuna heç cür təsir etmir və cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar.

Cinayət Məcəlləsinə ediləcək dəyişikliklə qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub).

Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirənlər üçün də 5000-8000 manat cərimə nəzərdə tutulub (indiyədək bu məbləğ 100-500 manat olub). Bu cərimələrin nəzərdə tutulduğu maddənin hər iki bölümündə (169.1 və 169.2) azadlıqdan məhrumetmə ilə bağlı hissə əvvəlki kimi saxlanılıb.

Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsini təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştiraka görə 5000 manatdan 8000 manatadək cəza nəzərdə tutulur (bu məbləğ indiyədək 500 manat olub).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti