...

İlham Əliyev Araz çayı üzərindəki körpünün yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Siyasət Materials 27 Oktyabr 2012 22:22 (UTC +04:00)
Şənbə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
İlham Əliyev Araz çayı üzərindəki körpünün yenidənqurmadan sonra açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Şənbə günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı 2013-cü ildə inşasına başlanılacaq və istismara veriləcək avtomobil yolları, eləcə də körpünün yenidənqurmadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə 2013-cü ildə inşasına başlanılacaq və tikintisi başa çatdırılacaq avtomobil yolları haqqında məlumat verdi. Diqqətə çatdırıldı ki, Hacıqabul-Bəhrəmtəpə istiqamətində 112,1 kilometr, Ağsu-Kürdəmir-Bəhrəmtəpə istiqamətində 94 kilometr, Kürdəmir-Yevlax istiqamətində 85 kilometr, Göyçay-Ucar istiqamətində 20 kilometr, Bərdə-Tərtər istiqamətində isə 18 kilometr yolun inşası nəzərdə tutulmuşdur. Bu yollar üzərində ümumilikdə 40 körpü tikiləcəkdir.

Araz çayı üzərindəki körpünün texniki göstəriciləri ilə tanış olan dövlətimizin başçısına bildirildi ki, Saatlı şəhərini İmişli şəhəri ilə birləşdirən yerli əhəmiyyətli avtomobil yolunun üzərində salınan bu qurğu 7 aşırımdan ibarətdir. Körpünün yenidən qurulmasına Nəqliyyat Nazirliyinin sifarişi ilə "Azərkörpü" ASC tərəfindən ötən ilin iyulunda başlanılmışdır. Qəzalı vəziyyətdə olan körpü tamamilə yenidən qurulmuşdur. Körpünün uzunluğu 238,8 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilmişdir. Nəticədə Saatlı-İmişli və əks istiqamətdə hərəkət edən çoxtonnajlı və minik avtomobillərinin, o cümlədən piyadaların təhlükəsizliyi tam təmin edilmişdir. Bərpa işləri zamanı yaz aylarında Araz çayında suyun səviyyəsinin artması və digər təbii amillər də nəzərə alınmışdır.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı körpünün üzərindən ətrafı seyr etdi.

Azərbaycan Prezidentinə Hacıqabul-Horadiz avtomobil yolunun Kür çayı üzərindəki körpüsündə aparılan tikinti işləri barədə də məlumat verildi. Qeyd edildi ki, körpünün ümumi uzunluğu 317,7 metr, eni isə 14,8 metr olacaqdır.

Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, yeni salınacaq yolların yüksək keyfiyyətlə və vaxtında tikilməsi ilə bağlı tapşırıqlarını verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti