...

Azərbaycanlı ekspert: NATO-nun yeni formatına ehtiyac var

Siyasət Materials 22 Noyabr 2012 16:21 (UTC +04:00)
NATO-nun yeni "4.5-ci maddə" formatına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə BDU-nun müəllimi, təhlükəsizlik və enerji siyasəti üzrə ekspert Bəxtiyar Aslanbəyli "Xəzər hövzəsində enerji təhlükəzsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu" mövzusunda beynəlxalq konfransda bildirib.
Azərbaycanlı ekspert: NATO-nun yeni formatına ehtiyac var

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir M.Əliyev/

NATO-nun yeni "4.5-ci maddə" formatına ehtiyac var. Trend-in məlumatına görə, bu barədə BDU-nun müəllimi, təhlükəsizlik və enerji siyasəti üzrə ekspert Bəxtiyar Aslanbəyli "Xəzər hövzəsində enerji təhlükəzsizliyinin təmini və mühüm enerji infrastrukturlarının mühafizəsində NATO-nun rolu" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, bu format NATO-ya üzv ölkələr arasında mövcud olan "bir dövlətə hücum hamıya qarşı hücumdur" formatı ilə NATO ilə tərəfdaş ölkələr arasındakı "məsləhətləşmə" formatı əsasında razılaşdırıla bilər.

Ekspert qeyd edib ki, bu formatın reallaşdırılması isə NATO ilə Azərbaycan arasında fərdi təhlükəsizlik müqaviləsinin imzalanması ilə baş tuta bilər.

"Belə bir müqavilənin imzalanması ilə həm Azərbaycan öz təhlükəsizliyinin təminatı üçün vacib olan əlavə təminatlar ala bilər, həm NATO ölkələri öz enerji təminatı üçün bölgədəki mühüm əhəmiyyətli enerji infrastrukturunun təhlükəsizliyində maraqlarını bir daha bəyan etmiş olar, həm də NATO Cənubi Qafqazda son dövrlərdə zəifləmiş movqeyini ciddi şəkildə gücləndirə bilər", - o deyib.

Aslanbəyli qeyd edib ki, Azərbaycanın mürəkkəb geosiyasi bölgədə yerləşməsi, ərazisində NATO-ya üzv ölkələr də daxil olmaqla bir çox Avropa ölkələrinin enerji təminatı üçün vacib əhəmiyyətə malik mühüm enerji infrastrukturunun mövcudluğu, ölkənin ərazilərini işğal etmiş qonşu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təhlükəsizlik sisteminin üzvü olması, ölkəmizin isə əksinə, Avro-Atlantik strukturlara inteqrasiyanı milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri elan etməsi, digər qonşu İranın müxtəlif rəsmilərinin ölkələrinin hərbi müdaxiləyə məruz qalacağı təqdirdə Qərbin Azərbaycan ərazisində yerləşən enerji maraqlarını hədəf seçəcəkləri barədə səsləndirdiyi fikirlər (hədələr) Azərbaycanın belə hədələrin reallaşma imkanlarını minimallaşdıran bir təhlükəsizlik sisteminin üzvü olmasını daha da aktuallaşdırır.

"Təbii ki, ölkəmizin hazırkı geosiyasi mövqeyi, hərbi potensialı və bölgədəki balanslaşdırılmış xarici siyasəti mövcud təhlükəsizlik təhdidlərinin neytrallaşdırılması üçün kifayət qədər güclü zəmin yaradıb. Ancaq NATO ilə təhlükəsizlik münasibətlərinin (təhlükəsizlik təminatının) bir pillə daha üst səviyyəyə qaldırılması ölkənin təhlükəsizlik şəraitinə müsbət təsir göstərə bilər. Bəs bu əməkdaşlığı Sülh Naminə Tərəfdaşlıq proqramından əlavə, daha hansı formatda inkişaf etdirmək olar? NATO fəaliyyətinin təməl prinsipini təşkil edən Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi ilə təsbit edilmiş silahlı hücumdan kollektiv müdafiə prinsipi yalnız üzv dövlətlərə şamil olunur. Təbii ki, təhlükəsizlik təminatının 5-ci maddə formatında reallaşdırılması bu gün hər iki tərəf üçün aktual deyil. Tərəfdaş ölkələrlə münasibətlər, əsasən, Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsi ilə tənzimlənir. Lakin 4-cü maddədə nəzərdə tutulan "məsləhətləşmələr" də həlledici məqamda mövcud təhlükəsizlik təhdidlərinin neytrallaşması üçün kifayət etməyə bilər", - ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti