...

TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci iclasının gündəliyi açıqlanıb

Siyasət Materials 10 Dekabr 2012 16:19 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada 11-12 dekabrda TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci iclası keçiriləcək.
TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci iclasının gündəliyi açıqlanıb

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/

Qazaxıstanın paytaxtı Astanada 11-12 dekabrda TürkPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci iclası keçiriləcək.

TürkPA Katibliyindən Trend-ə verilən məlumata görə, Qazaxıstan Parlamenti Məclisində keçiriləcək iclasda "Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Şurası, TürkPA və TÜRKSOY-un yeri və rolu" mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılacaq.

Komissiyanın işində Türkiyə parlamentinin millət vəkili, Beynəlxalq Əlaqələr Komissiyasının sədr müavini Ülkər Gözəlin başçılığı altında Azərbaycan və Qazaxıstandan millət vəkilləri və TürkPA Katibliyinin əməkdaşları iştirak edəcək, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, fikir mübadiləsi aparılacaq.

İclasda, həmçinin Türk Şuraşı baş katibinin müavini Qismət Gözəlov, Türk Akademiyasının direktoru Şakimaşrip İbrayev və Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Mustafa Başkurtun iştirakı və çıxışları nəzərdə tutulub.

Komissiyanın işində, həmçinin TürkPA-nın baş katibi Ramil Həsənov təşkilatın 2011-2012-ci illərdəki fəaliyyəti ilə bağlı komissiya üzvlərinə məlumat verəcək.

Komissiyanın iclasında TürkPA-nın 2013-cü ildə Türkiyədə keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədilə Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Şurası, TürkPA və TÜRKSOY-un yeri və rolu barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Həmçinin, komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti