...

İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında fərman imzalayıb

Siyasət Materials 1 Fevral 2013 17:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2012-ci il 21 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında fərman imzalayıb

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2012-ci il 21 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Prezidentinin aktlarının "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Fərmanla müəyyən edilir ki, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 97-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir; həmin Qanunun 97-1-ci maddəsinin ikinci hissəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

Qanuna aşağıdakı məzmunda 97-1-ci maddə əlavə edilsin:

97-1. Hakimlərin ezam edilməsi
Hakimlər öz razılığı ilə Məhkəmə-Hüquq Şurasının qərarına əsasən 2 ilədək müddətə Məhkəmə-Hüquq Şurasının Aparatına, habelə müvafiq icra hakimiyyəti orqanının müraciəti olduqda, tədris fəaliyyətində və ya birinci və apellyasiya instansiyası məhkəmələrində bu Qanunun 86-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş sahələr üzrə işin təşkili vəziyyətinin yoxlanılmasında iştirak etmək üçün həmin quruma ezam edilə bilərlər. Zərurət olduqda bu müddət ezam edilmiş hakimin razılığı ilə yenidən 2 ilədək uzadıla bilər.

Məhkəmə-Hüquq Şurasının Aparatına və ya müvafiq icra hakimiyyəti orqanına ezam edilmiş hakimin hakimlik stajı davam edir, hakimlərin statusundan irəli gələn maddi və sosial təminatları və imtiyazları saxlanılır.

Ezam edilmiş hakim özünün və ya ezam edildiyi qurumun təşəbbüsü ilə Məhkəmə-Hüquq Şurasının qərarı ilə əvvəl işlədiyi vəzifəyə qaytarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti