...

İran-Misir əməkdaşlığı - Qorxu və çarəsizlik

Siyasət Materials 7 Fevral 2013 13:45 (UTC +04:00)
Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısının bu gün də davam etməsinə baxmayaraq, sammit bir çox önəmli məqamlarla yadda qaldı.
İran-Misir əməkdaşlığı - Qorxu və çarəsizlik

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısının bu gün də davam etməsinə baxmayaraq, sammit bir çox önəmli məqamlarla yadda qaldı.

Keçirilən toplantının gündəmində Suriyadakı qanlı toqquşmalar, Fələstin problemi və İslam dünyasının qarşısında duran problemlərin həlli istiqamətində müzakirələr var.

Zirvə toplantısı zamanı gündəmdə olan məsələlərlə yanaşı, Misir-İran əlaqələrinin gələcəyi də müzakirə olundu.

İran Prezidenti misirli həmkarı Məhəmməd Mursi ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında Qahirə-Tehran əməkdaşlığının region xalqlarının rifahına xidmət edəcəyini və bu əməkdaşlığın qaçılmaz olduğunu bildirdi.

Əhmadinejad Misirin güclənməsinin İranın güclənməsi hesab etdiyini, bəzi xarici qüvvələrin iki ölkənin əməkdaşlığına əngəl törətmək istədiyində olduğunu da vurğuladı.

İran Prezidenti Suriyada münaqişə tərəflərini dialoqa da çağırdı.

Təbii ki, Əhmedinejadın Misir səfəri zamanı Misir, İran və Türkiyə liderləri arasında Suriya məsələsi də müzakirə edildi.

Ölkə başçılarının üçtərəfli görüşü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın keçən il Azərbaycanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində Suriya böhranının həlli üçün irəli sürdüyü təklifin reallaşması deməkdir.

Ölkə liderlərinin görüşünün təfərrüatları hələ məlum olmasa da, Suriyadakı reallıq nəzərə alınsa, bu görüşün böhranın həlli üçün effektli olmayacağını söyləmək olar. Çünki Rusiyanın maraqları nəzərə alınmadan Suriya böhranının həlli sadəcə olaraq qeyri-mümkündür.

Digər bir tərəfdən, İran Misirin Suriya münaqişəsinin həllində fəal rol oynamasında maraqlı deyil.

"Ərəb baharı" baş tutan bütün ölkələrdə əsas siyasi qüvvələrdən birinin "Müsəlman Qardaşlar" təşkilatına bu və ya digər şəkildə bağlı olması və ABŞ rəsmilərinin bu təşkilatla əlaqələri bərpa etməsi fonunda rəsmi Tehranın narahatlığını anlamaq olar. Bu narahatlıq sadəcə Misirin siyasi gücünün artması ilə deyil, eyni zamanda, regionda dini əsaslara bağlı ideoloji "ixvan ayparası"nın formalaşmasından irəli gəlir. Təbii ki, bu faktlar regionda incə siyasət yürüdən Tehranın nəzərindən yayına bilməz.

Bütün bunlara baxmayaraq, İran Prezidenti Misirlə iqtisadi sahədə də əməkdaşlıqda maraqlı olduğunu açıqladı.

Əhmədinad bəyanatında İrandan hər il 10 milyon turistin müxtəlif ölkələrə getdiyini bildirərək, bu turistlərin bir qismini Misirə yönəltmək istəyində olduğunu bildirdi.

Misirin "əl-Əhram" qəzetinə müsahibəsində isə İran Prezidenti ölkə ixracatının tədricən yüksəldiyini və Tehranın Qahirəyə müəyyən miqdarda kredit verə biləcəyini açıqladı.

Təbii ki, İran Prezidentinin bu addımı Misirdəki inqilabdan sonra ciddi iqtisadi çətinliklərlə üzləşən Misir üçün sərfəli təklif kimi qiymətləndirilə bilər. Lakin iqtisadi problemlər qarşısında aciz olan Misirin bu təklifi qəbul edərək İrandan kredit alacağı inandırıcı deyil. Çünki İrandan kreditin alınması Misiri Qətər və Səudiyyə Ərəbistanı kapitalından məhrum edə bilər.

Digər bir tərəfdən, İranla əlaqələrin bərpası Misir daxilində bir o qədər də xoş qarşılanmır.

Bəzi ərəb KİV-lərinin diplomatik mənbələrə istinadən verdikləri məlumata görə, Misir, ümumiyyətlə, bundan sonra da İranla əlaqələrin bərpasına maraq göstərməyəcək. Diplomatik qaynaqlardan verilən məlumata əsasən, Misir rəsmiləri İranın ölkədəki qeyri-stabil siyasi və iqtisadi vəziyyətdən istifadə edərək Misirdə şiəliyi yayacağından ehtiyat edirlər. Həmçinin, Misir-İran əlaqələrin güclənməsi ölkədəki sələfilər tərəfindən də xoş qarşılanmır.

Gələcəkdə Tehran-Qahirə münasibətləri yaxşılaşa bilər, lakin bu münasibətlərin üçüncü tərəfi - İsraili narahat edəcək müstəviyə yüksələcəyi qeyri-mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti