...

Prezident İlham Əliyev: Düşünülmüş siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasındakı birlik, sabitlik uğurlarımızı şərtləndirən əsas amillərdir (FOTO)

Siyasət Materials 12 Fevral 2013 23:06 (UTC +04:00)
Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Prezident İlham Əliyev: Düşünülmüş siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasındakı birlik, sabitlik uğurlarımızı şərtləndirən əsas amillərdir (FOTO)

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Dövlətimizin başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış oldu.

Sərgidə Azərbaycan iqtisadiyyatı və ölkəmizin regionlarının 2003-2012-ci illərdə keçdiyi inkişaf yolu hərtərəfli əksini tapmışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, 2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artmışdır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalmışdır. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. Dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Bildirildi ki, çoxşaxəli fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" proqram və layihələri çərçivəsində müxtəlif bölgələrdə silsilə tədbirlər reallaşdırılır. Respublikamızın bölgələrində Fondun xətti ilə sosial, infrastuktur, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil, idman, mədəniyyət və digər sahələri əhatə edən yüzlərlə layihələr, çoxlu sayda xoşməramlı tədbirlər keçirilmişdir.

Bildirildi ki, 2003-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Naxçıvan Muxtar Respublikası da sürətli və hərtərəfli inkişaf yolu keçmişdir. Muxtar respublikada ümumi daxili məhsul 12,5 dəfə, adambaşına düşən ümumi daxili məhsul isə 11 dəfə artmışdır. Sənayedə artım 45,4 dəfə, kənd təsərrüfatında 4,4 dəfə, xarici ticarət dövriyyəsində isə 12,2 dəfə təşkil etmişdir. 2003-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında əsas kapitala yönəldilən investisiyanın məbləği 15,5 dəfə çoxalmış, silsilə infrastruktur və sosial obyektlər tikilib istifadəyə verilmişdir.

Sənayeləşmə siyasəti başlıca prioritetlərdən olan ölkəmizdə 2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə artmış və kompleks tədbirlər hesabına yaxın illərdə bu artımın daha da yüksələcəyi gözlənilir.

Ölkədə həyata keçirilən infrastruktur layihələri də kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə artıq ölkəmiz öncül yerlərdədir, bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.

Hazırda aqrar sektorun inkişafı diqqət mərkəzindədir. 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artmışdır. Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara 936 milyon manat güzəştli kredit ayrılmışdır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 104 mindən çox yeni iş yerinin açılmasına imkan yaratmışdır.

Ötən müddətdə verilən kreditlərin məbləği 20,3 dəfə artmışdır. Ayrılan kreditlərin 43,4 faizi və ya 406,3 milyon manatı qaytarılan vəsaitlər hesabına təmin olunmuşdur. 496,8 milyon manat güzəştli kredit dövlətimizin başçısının tapşırığına müvafiq yeni texnologiyalara əsaslanan 248 investisiya layihələrinə yönəldilmişdir. 1640 qadın, 1497 gənc və 892 məcburi köçkün sahibkar da güzəştli kreditlərlə təmin edilmişdir. Ekoloji sahədə ölkəmiz beynəlxalq standartların tətbiqinə xüsusi diqqət yetirir və silsilə layihələr reallaşdırılır.

Ölkəmizdə turizm sahəsi də çox sürətlə inkişaf edir. 2003-cü ildən bəri turizm sektoru 8,5 dəfə və ölkəmizə gələn turistlərin sayı isə 3,3 dəfə artmışdır.

Paytaxtda olduğu kimi, respublikamızın regionlarında sosial infrastrukturun inkişafı da maksimum diqqətdə saxlanır.

Sərgidə iqtisadi rayonların əsas sosial-iqtisadi göstəricilərini əks etdirən məlumat lövhələri və videoçarxlara da geniş yer verilmişdir.

Videoçarxlarda dövlətimizin başçısının regionlara səfərləri və dövlət proqramları əsasında həyata keçirilən silsilə tədbirlər hərtərəfli əksini tapmışdır.

Sərginin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətindən bəhs edən bölmələri də zənginliyi ilə seçilir. Burada ölkədə istehsal olunan məhsulların elektron kataloqu, iqtisadi rayonların pasportları, eləcə də, Sumqayıt Kimya Sənayesi və Balaxanı Sənaye Parkları barədə İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan çap materialları və təqdimatlar da geniş yer almışdır.

Ümumilkdə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları ölkəmizin bölgələrinin simasını tanınmaz dərəcədə dəyişir, əhalinin güzəranı yaxşılaşır, sosial problemlər ardıcıllıqla həllini tapır və sahibkarlıq daha da inkişaf edir.

Prezident İlham Əliyev giriş nitqində deyib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı artıq 9 ildir ki, uğurla icra edilir:

"Hesab edirəm ki, Proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan etdiyimiz niyyətimiz artıq reallığa çevrilir. 2004-cü ilin əvvəlində Proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi Proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir.

Yadımdadır ki, biz 2004-cü ildə beşillik Proqramı qəbul edərkən işsizliyin aradan qaldırılması üçün qarşımıza müəyyən hədəflər qoymuşduq. Çox şadam ki, birinci beşillik Proqramın icrası nəticəsində iş yerlərinin açılması ilə bağlı əvvəldən verilmiş proqnozlar daha da nikbin olmuşdur, 600 mindən çox iş yerləri açılmışdır ki, biz 2004-cü ildə bəyan etdiyimiz hədəflərə çata bildik. Ancaq bu proses ondan sonrakı dövrdə də davam etmişdir. Bildiyiniz kimi, 2009-cu ildə ikinci Dövlət Proqramı qəbul edilmişdir".

Dövlət başçısı bildirib ki, bu ilin sonunda bu proqram başa çatacaq.

"Əminəm ki, bu il qarşıda duran bütün vəzifələr uğurla icra ediləcək və beləliklə, ikinci beşillik Proqramımız yerinə yetiriləcəkdir. Onu bu gün deməyə əsas verən bir neçə amil var idi ki, 2004-cü ildə hələ o amillər mövcud deyildi. Bu gün iqtisadiyyatımız çox güclü iqtisadiyyatdır. Bizim çox böyük valyuta ehtiyatlarımız vardır. Bizim neft-qaz sahəsində irəli sürdüyümüz bütün təşəbbüslər demək olar ki, artıq reallaşır. 2004-cü ildə isə, sadəcə olaraq, biz öz niyyətimizi ortaya qoymuşduq və öz iradəmizi səfərbər etmişdik. 2004-cü ildə neft strategiyamızın tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ tikilməmişdi. Hələ biz ölkə iqtisadiyyatına böyük həcmdə valyuta axınını təmin etməmişdik. Buna baxmayaraq, 2004-cü ildə hesab edirəm ki, bu cəsarətli və düşünülmüş addım iqtisadiyyatımızın hərtərəfli inkişafına təkan vermişdir. Bu gün isə bu Proqramı uğurla başa çatdırmaq üçün bizim bütün imkanlarımız vardır. Artıq, yenə də demək istəyirəm ki, güclü iqtisadi vəziyyətimiz vardır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında ən sürətlə inkişaf edən iqtisadiyyatdır. Ölkəmiz bu baxımdan bütün mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Bizim artıq gözəl təcrübəmiz vardır. Hazırda Azərbaycanda müxtəlif layihələrdə iştirak edən yerli şirkətlərin sayı böyük dərəcədə artmışdır. Son 9 il ərzində on minlərlə yeni müəssisə yaradılmışdır", deyə Prezident qeyd edib.

İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq əlaqələrimiz daha da genişləndirilmişdir.

"Əgər biz əvvəlki dövrdə layihələrin icrası üçün daha çox xarici maliyyə mənbələrindən asılı idiksə, bu gün artıq belə deyildir, Azərbaycan özü kredit verən ölkəyə çevrilib", - deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan dövləti Beynəlxalq Maliyyə Korporasiyasına da - bu qurum Dünya Bankının tərkib hissəsidir, - kredit ayırıb.

Dövlət başçısı diqqətə çatdırıb ki, bu illər ərzində ölkəmiz hər cəhətdən uğurla irəliyə gedib.

"Beləliklə, bu il Proqramı uğurla başa çatdırmaq üçün mən heç bir əngəl, heç bir problem görmürəm. Sadəcə olaraq, yerli icra orqanları, yerli sahibkarlar və mərkəzi icra orqanları həmişə olduğu kimi, əlaqəli şəkildə işləməli və verilən bütün tapşırıqları vicdanla, şərəflə yerinə yetirməlidirlər. Bizim iqtisadi islahatlarımız 1990-cı illərin ortalarında başlamışdır. O dövrdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə əsaslı, köklü və radikal iqtisadi islahatlar başlamışdır ki, bu da ölkə iqtisadiyyatının liberallaşmasına xidmət etmiş və ölkəyə investisiyanın cəlb edilməsinə də kömək göstərmişdir. Şübhəsiz, ulu öndər tərəfindən başlanmış və bu gün uğurla icra edilən yeni neft strategiyası da bu sahədə bizə böyük dəstək olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası üçün də əlbəttə ki, neft strategiyamız öz rolunu oynamışdır. Bizim maddi imkanlarımız artmış və maliyyə vəziyyətimiz yaxşılaşmışdır.

Ancaq bizim bütün uğurlarımızı neft amilinə bağlamaq əlbəttə, səhv və sadəlövhlük olardı. Baxmayaraq ki, bir müddət bundan əvvəl, xüsusilə 2000-ci illərin ortalarında bəzi xarici təhlilçilər və qurumlar uğurlarımızı yalnız neft-qaz amili ilə bağlayırdılar. Bəzi hallarda bilməyərəkdən, bəzi hallarda bizim uğurlu işlərimizə kölgə salmaq üçün sadəcə olaraq deyirdilər ki, Azərbaycanda neft var, ona görə Azərbaycan inkişaf edir. O vaxt bu əsassız fikirlərə biz tutarlı cavablarımızı vermişdik. Bu gün də demək istəyirəm ki, dünyada bizdən qat-qat çox neft-qaz hasil və ixrac edən ölkələr vardır. Əgər o ölkələrin bəzilərinin maliyyə durumuna baxsaq görərik ki, neft-qaz hələ ölkənin uğurlu inkişafını təmin etmir. Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında olan birlik, vəhdət, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda, güclü hakimiyyət, sabitlik - budur, bizim uğurlarımızı şərtləndirən əsas amillər.

Bu gün artıq əvvəlki illərdə səslənən fikirlərə də biz xarici mətbuatda rast gəlmirik ki, Azərbaycanı "neft lənəti" gözləyir, Azərbaycanda "holland sindromu" olacaqdır, ölkə birtərəfli şəkildə inkişaf edəcəkdir. Artıq bu əsassız fərziyyələr arxada qaldı və keçən ilin iqtisadi göstəriciləri bir daha onu göstərir ki, bizim seçdiyimiz yol düzgün yoldur. Çünki keçən il iqtisadiyyatımızın qeyri-neft sektoru təxminən 10 faiz artmışdır. Bu artım onu göstərir ki, apardığımız islahatlar öz səmərəsini verir", deyə dövlət başçısı giriş nitqində söyləyib.

Prezident İlham Əliyev deyib ki, əgər 2004-cü ildən bu günə qədər keçən dövrü təhlil etsək, görərik ki, biz bütün işləri ardıcıllıqla aparmışıq və aparırıq.

"Ölkədə gedən proseslər müsbət istiqamətdə inkişaf edir. Bu fikri təsdiqləyən statistik rəqəmlər də vardır. Son doqquz il ərzində ölkə iqtisadiyyatı üç dəfədən çox artmışdır. Hesab edirəm ki, bu, dünya miqyasında analoqu olmayan göstəricidir. Sənaye istehsalı təxminən üç dəfə artmışdır, ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə qoyulmuşdur və keçən il sərmayə qoyuluşu rekord həddə çatmışdır - 22 milyard dollardan çox. Onlardan 13 milyardı yerli investisiyalar olmuşdur.

Beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən işləri yüksək qiymətləndirir və kredit reytinqlərinin təhlilini aparan aparıcı qurumlar Azərbaycanın kredit reytinqlərini artırmışlar. Baxmayaraq ki, Avropanın bəzi ölkələrinin kredit reytinqləri aşağı düşmüşdür. Xüsusilə son bir neçə ilin təcrübəsi çox müsbətdir. Çünki hətta dünyanı bürümüş maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin edilmişdir.

Biz, eyni zamanda, sosial məsələlərin həlli ilə ciddi məşğuluq. Bizim iqtisadi sahədəki islahatlar, eyni zamanda, güclü sosial siyasətlə də tamamlanır. Əgər yenə də son doqquz ilin statistikasına nəzər salsaq görərik ki, 2004-cü ildə Azərbaycanda orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində idi, bu gün 500 dollar səviyyəsindədir. Orta pensiya 20 dollar səviyyəsində idi, bu gün 200 dollar səviyyəsindədir. Əlbəttə, bu rəqəmlər də bizi qane etmir və mən hesab edirəm ki, orta pensiyanın, orta əməkhaqqının səviyyəsi artmalıdır və artacaqdır. Dövlət müəssisələrində çalışanların əməkhaqları, pensiyaları artırılacaq, eyni zamanda, sahibkarlığın inkişafı üçün yaradılan şərait nəticəsində özəl sektorda çalışanlar da öz maliyyə vəziyyətini yaxşılaşdıracaqlar. Ancaq yenə də deyirəm, bu böyük fərq onu göstərir ki, biz sosial məsələlərin həllində də böyük nailiyyətlərə çata bilmişik.

Son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. İnfrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olmuşdur. İnfrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir. Çünki biz bölgələrdə infrastruktur layihələrini demək olar ki, sıfırdan başlamalı idik. Bölgələrdə çalışan sahibkarlar bunu yaxşı bilir. Elektrik enerjisi, qaz, içməli su ilə bağlı problemlər tədricən aradan qaldırılır. İndi biz kənd yollarının tikintisi ilə ciddi məşğuluq. Əlbəttə, biz bütün işləri, yenə də demək istəyirəm ki, ardıcıllıqla və prioritetlər çərçivəsində həll etməli idik.

Xüsusilə infrastruktur layihələrinə gəldikdə, ilk növbədə, magistral yolların tikintisi və təmiri aparılmalı idi. Ondan sonra kənd yollarının tikintisi aparılır. Yəni, bu proses davam edir və bölgələrdə yaşayış səviyyəsinin yaxşılaşdırılması, iş yerlərinin açılması, infrastruktur, o cümlədən sosial infrastruktur layihələrinin icrası bu gün reallıqdır. Bölgələr, şəhərlərimiz gözəlləşir, abadlaşır. Bölgələrdə yaşamaq üçün yeni şərait yaradılır.

Hələ ki, problemlər çoxdur. Biz bu problemləri bilirik və bu problemləri həll edirik. Əlbəttə ki, bu il ikinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaqdır. Yəni, dövlət üzərinə düşən bütün vəzifələri icra edir. Eyni zamanda, biz sahibkarlığın inkişafı üçün əməli işlər görürük. Çünki hədəflərimizə çatmaq üçün dövlət və özəl sektor partnyorluğu xüsusi əhəmiyyət daşıyır", deyə Prezident bildirib.

Dövlət başçısı İlham Əliyev, həmçinin, deyib ki, sahibkarlığın inkişafı ilə bağlı çox ciddi addımlar atılıb.

"İlk növbədə, sahibkarlığın inkişafı üçün çox güclü siyasi iradə vardır, sahibkarlara yüksək səviyyədə, Prezident səviyyəsində verilən dəstək əlbəttə ki, onları ruhlandırır və onların bəzi hallarda rastlaşdığı problemləri də aradan qaldırır. Hələ ki, bu problemlər var - bürokratiya, müəyyən əngəllər, onların işlərinə əsassız müdaxilələr. Əlbəttə, Prezident tərəfindən sahibkarlığın inkişafına, sahibkarlara verilən dəstək onların da biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərir. Halbuki, bu sahədə hələ görüləsi işlər çoxdur, nöqsanlar da vardır.

Biz sahibkarlığın inkişafı ilə bağlı çox böyük addımlar atmışıq. Bayaq qeyd etdiyim kimi, bölgələrdə gedən böyük quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq üçün gözəl zəmin yaradır. Əgər şəhərdə işıq yoxdursa, yaxud da ki, fasilələrlə verilirsə, yollar, kommunal infrastruktur bərbad vəziyyətdədirsə, orada heç bir düz əməlli müəssisə yaradıla bilməz. Ona görə, dövlət tərəfindən qoyulan investisiyalar, o cümlədən sahibkarlığın inkişafına xidmət göstərirdi və göstərir. Eyni zamanda, sahibkarlığın inkişafı üçün verilən dövlət maliyyə dəstəyi də mühüm rol oynayır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon manat kredit verilmişdir. Bu maliyyə dəstəyi əlbəttə ki, sahibkarlığın inkişafına böyük təkan vermişdir. Bu kreditlər vasitəsilə icra edilən layihələr əlbəttə ki, eyni zamanda, sahibkarların öz vəsaiti hesabına da icra edilir. Yəni, biz burada da dövlətin və özəl sektorun tərəfdaşlığını görürük. Kreditlər məqsədyönlü şəkildə verilir, ilk növbədə, ölkəmizin inkişafına lazım olan sahələrə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün, - bu məsələ ilə bağlı biz hələ danışacağıq, - biz bir neçə il bundan əvvəl qarşıya məqsəd qoymuşuq ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik və məqsədə tədricən yaxınlaşırıq.

Əlbəttə, həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Çünki bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur. Biznes şəraiti, investisiya iqlimi Azərbaycanda yaxşıdır, daha da yaxşı ola bilər. Ancaq hesab edirəm ki, yaxşıdır. Əgər belə olmasaydı, biz keçən il xaricdən doqquz milyard dollar sərmayəni qəbul etməzdik. Sahibkarlığın qarşısında duran əngəllər də növbəti illərdə aradan qaldırılmalıdır.

Hesab edirəm ki, belə müşavirələrin hər il keçirilməsi çox əlamətdar hadisədir. Bir daha biz bütün işləri təhlil edirik, həm bugünkü toplantıda, həm toplantı ərəfəsində. Xüsusilə bu görüşdən sonra veriləcək göstərişlər əminəm ki, bölgələrdə işlərin daha da sürətlə getməsinə imkan yaradacaqdır.

Bu məsələlərlə bağlı bütün qurumlar əlaqəli şəkildə fəaliyyət göstərməlidir - yerli icra orqanları, sahibkarlar, mərkəzi icra orqanları. Çünki bu, bizim ümumi işimizdir. Dəfələrlə demişdim, bu gün də demək istəyirəm ki, mənim üçün özəl şirkətlə dövlət şirkəti arasında heç bir fərq yoxdur. Hər ikisi Azərbaycan şirkətidir, hər ikisi Azərbaycanda çalışır, Azərbaycan naminə çalışır. Ona görə özəl şirkətlərə, dövlət şirkətlərinə göstərilən diqqət eyni olmalıdır və hesab edirəm ki, biz buna nail oluruq. Əgər sahibkarlığın, özəl sektorun ümumi daxili məhsuldakı payına nəzər salsaq görərik ki, artıq 80 faizdən çoxdur. Son rəqəmlərə görə ümumi daxili məhsulda özəl sektor 83 faiz təşkil edir. Cəmi 20 il ərzində bazar iqtisadiyyatı şəraitində yaşayan ölkə üçün hesab edirəm ki, bu, böyük göstəricidir", deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev deyib ki, bundan sonrakı illərdə iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin tam şəkildə təmin edilməsi, sənaye potensialımızın gücləndirilməsi, ixrac potensialının artırılması, idxaldan asılılığın azaldılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılacaq və bu günədək aparılıb.

"Ölkəmizin uğurlu inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi və gözəl perspektivlər deməyə əsas verir ki, qalan problemlər, nöqsanlar, çatışmazlıqlar da aradan qaldırılacaqdır. Buna nail olmaq üçün əlbəttə ki, hər bir vətəndaş - istər dövlət məmuru, istər sahibkar ilk növbədə, öz məsuliyyətini dərk etməlidir. Çünki bizim məqsədimiz ölkəmizi inkişaf etdirməkdir, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir.

Əlbəttə, enerji siyasətində atılan addımlar bizi daha da gücləndirir. Çünki bu sahədə aparılan işlər və irəli sürülən təşəbbüslər uzunmüddətli maliyyə mənbələrimizi təmin edəcək və biz bu imkanlardan çox səmərəli şəkildə istifadə edirik. Azərbaycan tərəfindən irəli sürülmüş yeni layihələr, yeni təşəbbüslər dünya birliyi tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan artıq öz üzərinə çox böyük məsuliyyət götürür. Xarici tərəfdaşlarla həm Azərbaycanda, həm xaricdə birgə fəaliyyətimiz yeni pilləyə qalxır. Bu gün artıq Azərbaycan öz investisiyalarını xarici ölkələrə qoymağa başlayır. Bu, bizim üçün yeni bir prosesdir. Ancaq biz hazırlaşmışıq və dünyada Azərbaycan çox etibarlı investor və dost ölkə kimi tanınır. Əlbəttə, beynəlxalq əlaqələrimiz, xüsusilə dost ölkələrin sayının artması və yeni biznes layihələri bizim iqtisadi maraqlarımızı da təmin etməlidir. Bu barədə də biz danışacağıq.

Mən keçən müşavirədə də demişdim ki, xarici bazarlara çıxmaq üçün yeni imkanlar araşdırılmalıdır. Əlbəttə, xarici bazarlara çıxmaq üçün, ilk növbədə, daxildə istehsal olunan məhsullar yüksək meyarlara cavab verməlidir. Çox şadam ki, son illər ərzində ən müasir standartlara cavab verən yeni müəssisələr artıq işə salınır və dövlət tərəfindən verilən kreditlər təkcə burada maliyyə məsələlərini həll etmir, eyni zamanda, dövlət nəzarəti də təmin edilir. Dövlət tərəfindən verilən tövsiyələr öz rolunu oynayır və beləliklə, ixracyönümlü məhsulların istehsalı da artmaqdadır. Çünki əgər biz gələcəkdə də kənd təsərrüfatını, aqrar sektoru uğurla inkişaf etdirmək istəyiriksə, mütləq bu gün artıq böyük ixrac imkanlarımızı təmin etməliyik, yeni bazarlara çıxmalıyıq. Baxmayaraq ki, Azərbaycan inkişaf edir və əhali də artır, bizim bazarımız kifayət qədər məhdud bazardır.

Ancaq potensialımız çox böyükdür. Ona görə, əgər xarici bazarlara çıxışımız olmasa, bu zaman müəyyən ildən sonra bizim aqrar sektorda aparılan işlər yəqin ki, dondurulmayacaq, ancaq müəyyən səviyyəyə çatandan sonra o səviyyədən artıq inkişaf edə bilməz. Ona görə biz indidən bu işlərlə məşğuluq. Mən də və bizim digər qurumlar da xarici tərəfdaşlarla görüşlər əsnasında bu məsələləri müzakirə edirik. Xarici ölkələrə investisiya qoyuluşu ilk növbədə, bizim investisiya portfelimizi şaxələndirir. Eyni zamanda, biz investorlar kimi bir çox ölkələrdə böyük etimad qazanırıq. Bu etimad nəticəsində gələcəkdə bizim o ölkələrə ixrac imkanlarımız da artacaqdır.

Burada əlbəttə ki, özəl qurumlar dövlət qurumları ilə sıx əlaqədə olmalıdırlar. Çünki bəzi hallarda özəl qurumlar üçün xarici bazarlara çıxmaq o qədər də asan deyil, bəzi hallarda onlar heç maraqlı da deyillər. Ancaq yenə də deyirəm, ölkənin iqtisadi siyasəti vardır. Bu iqtisadi siyasət ilk növbədə, Azərbaycanın hərtərəfli inkişafını təmin etməlidir"deyə Prezident bildirib.

Dövlət başçısı İlham Əliyev əlavə edib ki, daxili resurslardan maksimum səmərəli şəkildə istifadə edilməlidir və biz xarici bazarlara daha da geniş şəkildə çıxmalıyıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti