...

Fəzail Ağamalı: Türkiyə Ermənistana nə qədər yüksək münasibətlər göstərsə də, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyəcək

Siyasət Materials 21 Fevral 2013 16:46 (UTC +04:00)
Azərbaycanın millət vəkili hesab edir ki, Türkiyə bundan sonra Ermənistana daha yüksək münasibətlər göstərsə də, Ermənistan nə Türkiyəyə qarşı ərazi iddialarından imtina edəcək, nə də qondarma "soyqırım" məsələsindən geri çəkiləcək. Bu barədə Trend-ə millət vəkili Fəzail Ağamalı Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.
Fəzail Ağamalı: Türkiyə Ermənistana nə qədər yüksək münasibətlər göstərsə də, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyəcək

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın millət vəkili hesab edir ki, Türkiyə bundan sonra Ermənistana daha yüksək münasibətlər göstərsə də, Ermənistan nə Türkiyəyə qarşı ərazi iddialarından imtina edəcək, nə də qondarma "soyqırım" məsələsindən geri çəkiləcək. Bu barədə Trend-ə millət vəkili Fəzail Ağamalı Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ermənistan terrorçu bir dövlətdir, Türkiyəni tanımayan bir ölkədir, ona qarşı hər zaman ərazi iddialarını ortaya qoyur. "Ona görə də mənə elə gəlir ki, Türkiyə də buna adekvat reaksiya verməlidir. Çünki Türkiyənin bu addımı ilə dünyanın da Türkiyəyə qarşı münasibətində hər hansı xoşməramlı dəyişiklik olmayacaq. Türkiyə buna əmin olmalıdır", - Ağamalı deyib.

O hesab edir ki, Abdullah Gülün təbriki çox tələsik bir addım idi. "Əvvəla faktlar onu göstərir ki, Ermənistanda prezident seçkiləri saxtakarlıqla keçib, eyni zamanda, namizədlərdən birinə qarşı terror aktı törədilib. Mən belə bir terrorçu dövlət başçısının belə tələskənliklə təbrik edilməsini başa düşə bilmirəm və buna münasibətim müsbət deyil", - millət vəkili deyib.

O, bu addımın Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə ziyan gətirməyəcəyini düşünür. "İstəməzdim ki, Ermənistan amili Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə hər hansı bir mənfilik gətirsin, çünki Sürix protokolu imzalanan zaman biz bununla bağlı narahat günlər keçirmişik. Lakin o zaman heç bir nəticə olmadı və indi də olmayacaq, çünki Ermənistanın niyyəti başqadır, o, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib. Ona görə də mən istəməzdim ki, Türkiyə ilə münasibətlərimizdə yenidən gərgin anlar yaşansın. Bu həm Türkiyənin, həm də Azərbaycanın dövlət maraqlarına uyğun deyil", - millət vəkili qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti