...

Pakistan universitetində "Azərbaycanda Xocalı soyqırımı" adlı konfrans keçirilib (FOTO)

Siyasət Materials 26 Fevral 2013 18:04 (UTC +04:00)
Xocalı soyqrımı ilə əlaqədar Pakistanda keçirilən silsilə tədbirlərin davamı olaraq, 26 Fevral tarixində Preston Universitetində Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş “Azərbaycanda Xocalı soyqırımı” adlı konfrans keçirilmişdir.
Pakistan universitetində "Azərbaycanda Xocalı soyqırımı" adlı konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Xocalı soyqrımı ilə əlaqədar Pakistanda keçirilən silsilə tədbirlərin davamı olaraq, 26 Fevral tarixində Preston Universitetində Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş "Azərbaycanda Xocalı soyqırımı" adlı konfrans keçirilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Pakistanın xarici işlər üzrə dövlət naziri Əhməd Malik Navabzadə, Senatının Xarici Əlaqələr Komitəsinin Sədri Hacı Adil, Pakistanın tanınmış ictimai-siyasi xadimləri, senatorlar, Preston, Milli Müdafiə, Qayde Azam, Müasir Dillər, Zülfüqar Əli Bhutto Universitetlərinin rektorları, Türkiyə, Bolqarıstan, Ukrayna, Özbəkistan, İraq, Qazaxıstan, Tacikistanın və digər ölkələrin Səfirləri, Türkiyə və Pakistanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunduqdan sonra Xocalı dəhşətlərini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

Preston Universitetinin rektoru professor Əbdül Basit konfrans iştirakçılarını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ Konfliktinin mahiyyəti, əyalətə ermənilərin köçürülmə tarixi haqqında məlumatlandırmışdır. O, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlığ-Qarabağın və Azərbaycanın daha 7 rayonunun zəbt olunduğunu vurğulamış, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü bildirmişdir. Professor A.Basit 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırmışdır.

Preston Universitetinin beynəlxalq əlaqələr fakültəsinin dekanı professor Sohail Məhəmməd, Xocalı soyqırımı ilə əlaqədar nümayiş etdirilən sənədli filmi ürək ağrısı ilə izlədiyini qeyd edərək, insanlığa sığmayan bu hadisələrin ermənilər tərəfindən məqsədyönlü şəkildə edildiyini bildirmiş və soyqırımın fəal iştirakçılarından biri olan Ermənistanın indiki Prezidenti S.Sarksyanın dediyi sözləri "biz ermənilərin mülki əhalini məhv etməyə qadir olmamağımız haqqında stereotipi qıradik"buna sübut olduğunu vurğulamışdır.

Asiya Sivilizasiyaları Assosiasiyasının Prezidenti, Müasir Dillər Universitetinin dekanı professor Z.A. Qureyşi, öz çıxışında, Xocalı soyqırımı haqqında danışaraq, dinc əhaliyə qarşı erməni yaraqlılarının etdiyi vəhşiliklərin alman faşistlərinin cinayətlərini kölgədə qoyduğunu vurğulamışdır. Natiq, Xocalı dəhşətlərinin xarici mətbuatda geniş işıqlandırıldığını bildirərək, bəzi nəşrlərdən sitatlar gətirmişdir. Professor, mülki insanların xüsusi amansızlıqla öldürülməsi, meyitlərin təhqir olunmasının beynəlxalq hüquq normalarına zidd olduğunu, soyqırımı törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini qeyd etmiş və Xocalı qurbanlarının ailələrinə Ermənistan dövləti tərəfindən təzminat ödənilməsinin vacibliyini bildirmişdir.

Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov çıxış edərək Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat vermiş, bu soyqırımı törədənlərin məsuliyyətə cəlb olunmalarının vacibliyini bildirmişdir. Səfir, Dağlıq-Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, həmçinin 01.02.2012-ci il tarixində Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsində göstərdiyi prinsipiallığa görə Pakistan senatı və xalqına bir daha dərin minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda, Ali Qonaq qismində iştirak edən Pakistanın Xarici İşlər üzrə Dövlət Naziri Navabzadə Malik Amad Xan konfransın mövzusu Xocalı soyqırımı haqqında danışmış, ermənilərin törətdiyi aktın beynəlxalq hüquq prinsiplərinə tam zidd olduğunu vurğulamışdır. Nazir, Pakistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan torpaqlarını işğal etdiyinə görə ölkəsinin Ermənistanı tanımadığını bildirmişdir. Navabzadə M.A. Xan, Pakistanın Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini bildirmiş, bu dəstəyin işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd etmişdir. Natiq, Pakistan senatının Xocalı soyqırımını tanıdığını qeyd edərək, digər ölkələri də bu addımı atmağa çağırmışdır.

Konfransın rəsmi hissəsindən sonra, Xarici İşlər üzrə Dövlət Naziri və Senatın Xarici Əlaqələr Komitəsinin Sədri Türkiyənin TRT Türk, həmçinin Pakistanın yerli kanallarına müsahibə verərək Xocalı soyqırımı haqqında danışmış, cinayətin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədildiyini vurğulamışdırlar. Bildirmişdirlər ki, bu kimi hadisələrin gələcəkdə də təkrar olunmaması üçün Xocalı soyqırımına bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən lazımı hüquqi qiymət verilməlidir.

Konfransdan sonra, Pakistanın Bari İmam məscidində Xocalı soyqrımı şəhidlərinin ruhuna ehsan verilmiş, dualar oxunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti