...

Prezident İlham Əliyev: İki dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan həmişə olduğu kimi, bir yerdə olacaqlar (FOTO)

Siyasət Materials 27 Fevral 2013 22:37 (UTC +04:00)
Fevralın 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident İlham Əliyev: İki dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan həmişə olduğu kimi, bir yerdə olacaqlar (FOTO)

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Fevralın 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər.

"Hörmətli cənab Prezident, hörmətli qonaqlar! Mən bir daha sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Siz Azərbaycanın böyük dostusunuz. Biz Sizinlə son 9 il ərzində dəfələrlə görüşmüşük - həm Gürcüstanda, həm Azərbaycanda, həm də başqa ölkələrdə. Bugünkü görüş və Sizin rəsmi səfəriniz əvvəlki görüşlərin məntiqi davamıdır", - Prezident İlham Əliyev bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, bu illər ərzində Gürcüstan-Azərbaycan əlaqələri böyük və uğurlu yol keçmişdir. Bu əlaqələr çox möhkəm təməl üzərində qurulubdur. Bizim xalqlarımız əsrlər boyu bir yerdə olmuşdur, bir-birinə arxa-dayaq olmuşdur və biz müasir münasibətləri bu möhkəm tarixi zəmin üzərində qururuq. Müstəqillik dövründə Gürcüstan və Azərbaycan strateji müttəfiqlər səviyyəsinə çatmışlar. Bu gün bu müttəfiqlik münasibətləri inkişaf edir və möhkəmlənir. Əminəm ki, bu əlaqələr gələcək illərdə də inkişafı həm Gürcüstan, həm Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyan amil olacaqdır. Çünki bizim uğurlu inkişafımız yalnız birlikdə mümkün ola bilər. Bu birliyi, əməkdaşlığı möhkəmləndirmək üçün son illər ərzində çox böyük işlər görülmüşdür.

"Bu gün biz bu barədə Sizinlə fikir mübadiləsi aparmışıq. Müxtəlif layihələr icra edilir. Energetika, nəqliyyat sektorlarında layihələr həm bizim ölkələri gücləndirir, xalqlarımızın rifah halının yaxşılaşdırılmasına xidmət göstərir, eyni zamanda, bölgədə gedən proseslərə müsbət təsir göstərir. Bölgədə sabitliyin, sülhün, əməkdaşlığın dərinləşməsi üçün bizim bərabər icra etdiyimiz layihələr xüsusi məna daşıyır. Bu gün bizim ölkələri və regionu, Avropa qitəsini bizim bərabər icra etdiyimiz layihələrsiz təsəvvür etmək mümkün deyildir. Biz Sizinlə bərabər enerji məsələlərinin həlli üçün çox böyük səylər göstərmişik, böyük uğurlara nail olmuşuq. Neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həlli - bütün bunlar bizim birgə səylərimiz nəticəsində mümkün olan məsələlərdir. Hazırda biz yeni böyük layihənin icrası ilə məşğul olmağa başlamışıq. Əminəm ki, TANAP layihəsi Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa üçün yeni böyük imkanlar açacaqdır. Eyni zamanda, nəqliyyat məsələlərinin həllində də böyük işlər görülmüşdür. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolu uğurla başa çatdırılacaq və həm Gürcüstan, Azərbaycan üçün, həm də bölgə və dünya üçün böyük əhəmiyyətə malik bir məsələ olacaqdır", - İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, beynəlxalq əməkdaşlığımız da artır. Biz bir-birimizi beynəlxalq təşkilatlarda daim dəstəkləyirik. Xarici siyasət məsələləri ilə bağlı daim müxtəlif səviyyələrdə məsləhətləşmələr aparılır və bu da çox uğurlu təşəbbüsdür. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Onlar ondan ibarətdir ki, bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi daim dəstəkləyirik və müdafiə edirik. Bu da ölkələr arasındakı əlaqələrə çox müsbət təsir göstərir.

"Bütün digər məsələlərlə bərabər, bu gün bir daha biz bu məsələləri nəzərdən keçirdik. Görürük ki, Gürcüstan və Azərbaycan iki dost, qardaş və tərəfdaş ölkələr kimi irəliyə uğurla gedirlər. Gürcüstanda son illər ərzində Sizin rəhbərliyinizlə çox böyük işlər və islahatlar aparılmışdır. Gürcüstan böyük dərəcədə inkişaf etmişdir. Həm siyasi proseslər müsbət istiqamətdə gedir, həm də infrastruktur layihələrinin icrası ilə bağlı Sizin çox böyük uğurlarınız vardır. Tbilisi şəhəri gündən-günə gözəlləşir. Batumi də, həmçinin gündən-günə gözəlləşir. Bu gün mənə göstərdiyiniz yeni layihələrin fotoşəkilləri bir daha onu göstərir ki, nə qədər böyük işlər görülmüşdür. Son illər ərzində Gürcüstanda müxtəlif istiqamətlərdə aparılan islahatlar nəinki MDB məkanında, eyni zamanda, digər bölgələrdə də öyrənilir və bu islahatların həyata keçirilməsində Sizin xüsusi əməyiniz, zəhmətiniz olubdur. Bu islahatlar Sizin təşəbbüsünüzlə irəliyə aparılıbdır. Əlbəttə ki, bu islahatlar gələcəkdə Gürcüstanın inkişaf etmiş ölkəyə çevrilməsində də öz rolunu oynayacaqdır.

Bir daha demək istəyirəm ki, son illər ərzində biz Sizinlə dəfələrlə görüşmüşük və həmişə çox səmimi fikir mübadiləsi aparılmışdır. Bu görüşlər zamanı qəbul edilmiş qərarlar nəticə etibarilə həm Gürcüstanı, həm Azərbaycanı böyük dərəcədə gücləndirmişdir. Əminəm ki, bu müsbət meyillər gələcək illərdə də davam edəcək, iki dost və qardaş ölkə - Gürcüstan və Azərbaycan həmişə olduğu kimi, bir yerdə olacaqlar və bir istiqamətdə inkişaf edəcəklər və ölkə daxilində olan bütün prosesləri, bütün məsələləri uğurla həll edəcəklər. Bir daha xoş gəlmisiniz, bir daha bütün qonaqları səmimiyyətlə salamlayıram", - Prezident İlham Əliyev bəyanatında qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti