...

İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 28 Fevral 2013 13:22 (UTC +04:00)
Fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib.
İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Fevralın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Bum qəsəbəsində atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib.

Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev dövlətimizin başçısına məlumat verdi ki, Qəbələ atıcılıq klubunun layihəçisi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərinşaatlayihə" Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutudur. Tikintisinə ötən ilin iyun ayında başlanılan Qəbələ atıcılıq klubunun birinci mərhələsinin inşası tam başa çatdırılıb.

Bildirildi ki, 25 hektar dağlıq ərazidə klubun inzibati binası, atıcılıq yerləri üçün tirlər, atəş zonaları, təlim mərkəzləri, idman-ovçuluq ləvazimatı mağazası və yeməkxana inşa olunub. Klubun ərazisində abadlaşdırılma işləri aparılıb, yaşıllıq salınıb, müasir işıqlandırma sistemi, əlavə generator quraşdırılıb və qazanxana inşa olunub.

Klubun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Xüsusi memarlıq üslubunda inşa olunan binada qeydiyyat bölməsi, iclas və məşğələ otaqları, atəş zonasındakı nəticələri müşahidə etmək üçün xüsusi zal yaradılıb. Binada ayrıca tibb məntəqəsi də fəaliyyət göstərəcək. Kluba gələnlər elektromobillərlə atəş zonasına daxil olacaqlar. Burada idman silahlarından istifadə etmək üçün xüsusi qaydalar da müəyyən edilib. Atəş zonasında silahlar boşaldıldıqdan sonra təhvil alınacaq. Təhlükəsizliyin təmin olunması və yanğından mühafizə məqsədi ilə klubun ərazisində müşahidə kameraları və yanğından mühafizə məntəqələri yaradılıb. Atəş zonasında idmançılar saniyədə 15-42 metr sürətlə uçan hədəfləri nişan almalıdırlar. Bu məqsədlə ərazidə bir neçə uçan hədəf aparatları yerləşdirilib.

Prezident İlham Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açdı.

Qeyd edildi ki, klubda atıcılıq idmanın daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılıb. Klubun ərazisində Olimpiya yarışlarında bütün texniki invertarlarla təchiz olunan sahə də yaradılıb. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulub, nəticələri qeydə alan elektron tablo yerləşdirilib. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılıb. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılıb. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz meydança inşa edilib. Dairəvi və səngər stend atıcılığı meydançalarının və tirlərin avadanlığı Fransadan və İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilib. Burada idman-ovçuluq ləvazimatı mağazasının fəaliyyət göstərməsi klubun özəlliklərindən biridir. Mağazada atıcılıq idmanında tətbiq olunan ən son texniki avadanlıq, idman silahları, geyim növləri və digər vasitələr satışa çıxarılacaq. Klubda, eyni zamanda, balıqçılıqla maraqlananların istəkləri nəzərə alınıb.

Diqqətə çatdırıldı ki, ümumilikdə növbəti mərhələdə görüləcək işlər nəticəsində klubun ərazisində 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, səkkiz dairəvi səngər, yeddi meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, istirahət məkanları tam şəkildə istifadəyə veriləcək.

Prezident İlham Əliyev Qəbələ atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsində görülən işlərdən razılığını bildirdi, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti